Braziliya-2018: Yarış

Sürücülər arasında titulun taleyi iki həftə əvvəl Meksikada həll olunmuşdu, Mühəndislər Kubokunda isə mübarizə davam edirdi. San Pauluya Mercedes 55 xallıq üstünlüklə gəlib, ona görə də yarışda Ferrari rəqiblərindən ən azı 12 xal artıq qazanmalı idi ki, titulun müqəddaratını Əbu Dabiyə keçirsin.

F-1.az bildirir ki, İnterlaqosun qısa dövrəsində nəticələr ənənəvi sıx alınıb. Qüvvələr nisbəti bərabər olub. Məşqlərdə Ferstappen, Bottas və Fettel protokollara başçılıq etsələr də, sıralanma turunda Lyuis Həmilton hamını qabaqlayıb. Fettel rəqibinə cəmi 0.093 saniyə uduzub – Lyuisin birinciliyi Mercedes komandası üçün 100-cü olub.

Pirelli Braziliyaya orta üçlüyü – Medium, Soft, SuperSoft tərkiblərini gətirib. Sıralanma turunun 2-ci sessiyasında narın yağan yağış altında güclü komandaların sürücüləri Soft tərkiblə yaxşı nəticə göstərməyə çalışsalar da, bunu yalnız Ferrari sürücüləri edə biliblər – ona görə də ilk onluqda yalnız Fettel və Rəykkönen starta Soft-la çıxıblar.

İlk cərgədə Həmilton və Fettel, ikinci cərgədə isə komandaların ikinci sürücüləri – Bottas və Rəykkönen yer alıblar. Üçüncü cərgəni Red Bull sürücüləri tutsalar da, Rikkardo cəriməsi üzündən yerini Erikssona verməli olub.

Starta yalnız Hartli Medium-la çıxıb, sıralanma turunu ilk onluqda başa vuran sürücülərdən başqa yalnız Peres starta SuperSoft seçib, yerdə qalan sürücülər isə Soft-a üstünlük veriblər.

Startda Həmilton liderliyini qoruyub, Bottas Fetteli, Ferstappen isə Rəykköneni üstələyib. Amma bir neçə döngədən sonra Kimi mövqeyini geri qaytara bilib. Eriksson Qrojanla təmasdan sonra bir neçə yer itirib. Rikkardo startda Peresin arxasına düşsə də, növbəti dövrədə onu, Maqnusseni və Erikssonu qabaqlayaraq 9-cu yerə yüksəlib.  2-ci döngənin sonunda ilk onluq: Həmilton – Bottas – Fettel – Rəykkönen – Ferstappen – Lekler – Qrojan – Qasli – Rikkardo – Eriksson.

3-cü dövrənin əvvəlində Ferstappen Rəykköneni, Rikkardo isə Qaslini arxada qoyub. 4-cü dövrədə Maks Fettelə hücume dib və irəli çıxıb. Bundan sonra səhvə yol verən Sebastyanı komanda yoldaşı da qabaqlayıb. Rikkardo isə əvvəlcə Qrojanı, növbəti dövrədə isə Lekleri də arxada qoyaraq ilk altılığa daxil olub. 5-ci dövrənin sonunda ilk onluq: Həmilton – Bottas – Ferstappen – Rəykkönen – Fettel – Rikkardo – Lekler – Qrojan – Qasli – Eriksson.

10-cu dövrədə Ferstappen Bottası da keçərək, Həmiltonun arxasınca yollanıb. Bottas həmyerlisi Rəykkönenin hücumlarına məruz qalmağa başlayıb.

16-cı dövrədə Alonso planlı ilk pit-stopuna yollanıb. Bir dövrə sonra Sirotkin, növbəti dövrədə isə Strol boksa baş çəkiblər. 19-cu dövrədə Bottas və Eriksson, 20-ci dövrədə isə yarışın lideri Həmilton pit-stop reallaşdırıblar.

21-ci dövrədə yerində fırlanan Eriksson boksa qayıdıb və mübarizəni dayandırıb. 22-ci dövrdə Qasli yeni təkərlərə keçib. 26-cı dövrədə Sayns, 28-ci dövrədə Fettel və Vandorn mexaniklərə qonaq olublar. 32-ci dövrədə Rəykkönen, 33-cü dövrədə Qrojan təkərlərini dəyişiblər. Hülkenberq boksa qayıdaraq maşını tərk edib.

Ferrari sürücüləri Bottası sıx təqib ediblər – komandanın əmri ilə Fettel Rəykköneni irəli buraxıb. 36-cı dövrədə yarışın lideri Ferstappen və Lekler boksa yollanıblar. Medium seçmiş rəqiblərindən fərqli olaraq, Maks daha yumşaq Soft-la trasa qayıdıb və Həmiltonla 3 saniyəlik fərqi aradan qaldırmağa başlayıb.

40-cı dövrədə Rikkardo və Peres yeni təkərlərə keçiblər. Ferstappen isə start-finiş düzlüyündə Həmiltonu asanlıqla keçərək liderliyə yüksəlib və dərhal uzaqlaşmağa başlayıb. 41-ci dövrənin sonunda ilk onluq: Ferstappen – Həmilton – Bottas – Rəykkönen – Fettel – Rikkardo – Maqnussen – Lekler – Qrojan – Hartli.

41-ci dövrədə Okon və Maqnussen təkərlərini dəyişiblər. 44-cü dövrədə start-finiş düzlüyündə Rəykkönen həmyerlisini qabaqlayıb – öndə isə təzə təkərlərin üstünlüyündən istifadə etməklə liderlə bir dövrəyə qayıtmaq istəyən Okon ilk döngəyə təkər-təkərə girib – ikinci döngədə isə Maks və Esteban ciddi təmasdan sonra yerlərində fırlanıblar. Həmilton liderliyə yüksəlib, Maks isə Rəykköneni arxasında saxlaya bilib. Stüardlar bu insidenti araşdırdıqdan sonra Okona 10 saniyəlik Stop&Go cəzası veriblər. 46-cı dövrədə Rikkardo Fetteli üstələyərək 5-ci yerə yükəslib. 48-ci dövrənin sonunda ilk onluq: Həmilton – Ferstappen – Rəykkönen – Bottas – Rikkardo – Fettel – Lekler – Qrojan – Maqnussen – Peres.

50-ci dövrədə Sayns və Hartli növbəti dəfə boksa yollanıblar. 54-cü dövrədə Fettel də təkərlərini yeniləyib. 59-cu dövrədə Rikkardo Bottası da üstələyərək 4-cü yerə yüksəlib. Dərhal bundan sonra Bottas boksa tələsib və fettelin önündə trasa qayıdıb. Alonso mavi bayraqlara məhəl qoymadığı üçün 5 saniyəlik cərimə alıb. 60-cı dövrənin sonunda ilk onluq: Həmilton – Ferstappen – Rəykkönen – Rikkardo – Bottas – Fettel – Lekler – Qrojan – Maqnussen – Peres.

Son dövrələrdə altlığı zədələnmiş Ferstappen yenidən Həmiltona çatıb – ilk dördlük 5 saniyəyə yerləşib, amma sürücülərin mövqeləri dəyişməyib.

Lyuis Həmilton Braziliya Qran Prisində finiş xəttini birinci keçməklə, mövsümdə 10-cu, karyerasında isə 72-ci qələbəsini qazanıb. Maks ikinci, Kimi isə üçüncü yeri tutub. Mercedes komandası vaxtından əvvəl Mühəndislər Kubokunu qazanıb – ardıcıl 5-ci dəfə.

İki həftədən sonra mövsüm Əbu Dabidə başa çatacaq…

Yer N Sürücü Komanda Zaman/Fərq Pit
1 44 Lyuis Həmilton Mercedes 1:27:09.066 1
2 33 Maks Ferstappen Red Bull + 0:01.469 1
3 7 Kimi Rəykkönen Ferrari + 0:04.764 1
4 3 Daniel Rikkardo Red Bull + 0:05.193 1
5 77 Valtteri Bottas Mercedes + 0:22.943 2
6 5 Sebastyan Fettel Ferrari + 0:26.997 2
7 16 Şarl Lekler Sauber + 0:44.199 1
8 8 Roman Qrojan Haas + 0:51.230 1
9 20 Kevin Maqnussen Haas + 0:52.857 1
10 11 Serxio Peres Racing Point + 1 dövrə 1
11 28 Brendon Hartli Toro Rosso + 1 dövrə 1
12 55 Karlos Sayns Renault + 1 dövrə 2
13 10 Pyer Qasli Toro Rosso + 1 dövrə 1
14 31 Esteban Okon Racing Point + 1 dövrə 2
15 2 Stoffel Vandorn (*) McLaren + 1 dövrə 1
16 35 Sergey Sirotkin Williams + 2 dövrə 1
17 14 Fernando Alonso (**) McLaren + 2 dövrə 2
18 18 Ləns Stroll Williams + 2 dövrə 2

(*) – Mavi bayraqlara məhəl qoymadığı üçün Stoffel Vandornun yekun nəticəsinə 5 saniyə əlavə olunub
(**) – Mavi bayraqlara məhəl qoymadığı üçün Fernando Alonsonun yekun nəticəsinə 5 saniyə əlavə olunub

Sürətli dövrə: Valtteri Bottas (Mercedes) – 1:10.540 (65-ci dövrə, 219.909 km/saat).

MÜBARİZƏNİ DAYANDIRANLAR:

Sürücü Komanda Dövrə Səbəb
Markus Eriksson Sauber 21 mexaniki problemlər
Niko Hülkenberq Renault 33 soyutma sistemi

SÜRÜCÜLƏRİN ÇEMPİONATI:

Yer N Sürücü Ölkə Komanda Xal
1 44 Lyuis Həmilton Mercedes AMG Petronas Motorsport 383
2 5 Sebastyan Fettel Scuderia Ferrari 302
3 7 Kimi Rəykkönen Scuderia Ferrari 251
4 77 Valtteri Bottas Mercedes AMG Petronas Motorsport 237
5 33 Maks Ferstappen Aston Martin Red Bull Racing 234
6 3 Daniel Rikkardo Aston Martin Red Bull Racing 158
7 27 Niko Hülkenberq Renault Sport Formula 1 Team 69
8 11 Serxio Peres Racing Point Force İndia 58
9 20 Kevin Maqnussen Haas F1 Team 55
10 14 Fernando Alonso McLaren F1 Team 50
11 31 Esteban Okon Racing Point Force İndia 49
12 55 Karlos Sayns Renault Sport Formula 1 Team 45
13 8 Roman Qrojan Haas F1 Team 35
14 16 Şarl Lekler Alfa Romeo Sauber F1 Team 33
15 10 Pyer Qasli Red Bull Toro Rosso Honda 29
16 2 Stoffel Vandorn McLaren F1 Team 12
17 9 Markus Eriksson Alfa Romeo Sauber F1 Team 9
18 18 Ləns Stroll Williams Martini Racing 6
19 28 Brendon Hartli Red Bull Toro Rosso Honda 4
20 35 Sergey Sirotkin Williams Martini Racing 1

MÜHƏNDİSLƏR KUBOKU:

Yer Komanda Motor Xal
1 Mercedes AMG Petronas Motorsport Mercedes 620
2 Scuderia Ferrari Ferrari 553
3 Aston Martin Red Bull Racing Renault 392
4 Renault Sport Formula 1 Team Renault 114
5 Haas F1 Team Ferrari 90
6 McLaren F1 Team Renault 62
7 Racing Point Force İndia Mercedes 48
8 Alfa Romeo Sauber F1 Team Ferrari 42
9 Red Bull Toro Rosso Honda Honda 33
10 Williams Martini Racing Mercedes 7
, , , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*