Braziliya-2016: Şənbə mətbuat konfransı

Şənbə günü mətbuat konfransı sıralanma turundan sonra baş tutur və ilk üç yeri tutmuş sürücülər dəvət olunurlar. F-1.az bildirir ki, İnterlaqosda şənbə günü keçirilən mətbuat konfransında poulun sahibi Lyuis Həmilton, ikinci yeri tutan Niko Rosberq və üçüncü olan Kimi Rəykkönen iştirak ediblər.

FİA rəsmisinin sualları

Sual: Lyuis, Mercedes AMG mövsümdə 19-cu poulu qazandı – bu, rekorddur. Sıralanma turu çox maraqlı alındı. Deyə bilərikmi ki, Niko ilə mübarizəniz həmişəkindən daha gərgin oldu?

Lyuis Həmilton: Düzünü desəm, mən bütün sıralanma turlarını xatırlamıram. Bu həftəsonu mən maşında çox rahat olmuşam. Niko çox sürətlidir, lakin hələ ki, mən ona müqavimət göstərə bilirəm. Mən komandanın uğurunu, buna birlikdə nail olduğumuzu düşündükdə yaxşı əhval-ruhiyyədə oluram. Bu, Mercedes-in bütün əməkdaşlarının işlərinin öhdəsindən yaxşı gəlmələrinin sübutudur. Bu, İnterlaqosda ikinci poulumdur və burada həmişə çətinliklərlə qarşılaşmışam. Birinci yerdən başlayacağım üçün şadam.

Sual: Niko, siz radiodan maşınla bağlı şikayət edirdiniz, lakin aradakı fərq çox minimal oldu. Sessiya gərgin keçdi?

Niko Rosberq: Maraqlı sıralanma turu oldu. Mübarizə çox gərgin idi və Lyuis bir qədər sürətli oldu, mənim dövrəm də yaxşı idi. Lakin poul üçün kifayət etmədi. Biz bu il dəfələrlə görmüşük ki, yarışda qalib gəlmək üçün pouldan başlamaq həlledici rol oynamır. Yarışla bağlı nikbinəm, çünki mən sabah qalib gəlmək üçün çalışacam.

Sual: Lyuis, yarışın quru havada keçməsi ehtimalı proqnozlara görə çox azdır. 2008-ci ildə yağışın yağması sizin üçün əsl lotereya olmuşdu. Sabah yağış yağmasını istəyirsiniz?

Lyuis Hımilton: Mən buna etiraz etmərəm. İstənilən hava şəraitinə hazıram.

Sual: Bəs siz bu barədə nə deyəcəksiniz Niko, yağış yağarsa itirəcəyiniz bir şey var?

Niko Rosberq: Mən nəsə itirəcəyimi düşünmürəm. Sabahkı yarışı gözləyirəm, havanın necə olacağını düşünmürəm. Maşınımız həm quru, həm də yağışlı havada çox güclüdür. Yarış maraqlı olacaq.

Sual: Hər ikinizə təşəkkür edirəm. Kimi, sizi yenidən görməyimə şadam. Maks demək olar ki, bütün həftəsonu sürətli idi, sıralanma turunda da ilk iki sessiyada üçüncü oldu, lakin yekun nəticədə siz onu qabaqladınız. Bu, necə oldu?

Kimi Rəykkönen: Sıralanma turunda ikinci sektorun döngələrində çətinlik çəkirdim. Lakin son dövrəm mənim fikrimcə, yaxşı alındı və üçüncü olmaq üçün kifayət etdi. Mercedes AMG çox sürətli idi. İlk iki döngəyə, hətta dövrənin yarısına qədər təkərləri istənilən səviyyədə qızdıra bilmirdim və vəziyyət heç də ideal deyildi. Lakin artıq bunlar əhəmiyyət daşımır. Nəticə üçüncülük üçün kifayət edib, görək, yarışda nələr baş verəcək.

Sual: Lyuis, 60 poul – böyük rəqəmdir! İnterlaqosda qələbə qazana bilməməyiniz barədə nə düşünürsünüz? Siz bu həftəsonu üçün Ayrton Sennanın xatirəsinə dəbilqənizin dizyanını dəyişmisiniz. Əfsanəvi braziliyalı tez-tez deyərdi: Sabah hər şey mənim xeyrimə ola bilər! Bəlkə sabah hər şey sizin xeyrinizə olacaq?

Lyuis Həmilton: Əlbəttə, biz bunu planlaşdırırıq və həftəsonu boyunca bunun üzərində işləyirik. Buradakı tras möhtəşəmdir. Çox qısadır və texnika tələb edir. Kiçik zaman itkisi böyük fərqlərə səbəb olur. Bura Doninqton trasını, üzr istəyirəm, Brənd Hətçi xatırladır. Mən istənilən hava şəraitinə hazıram və əlimdən gələni edəcəyəm.

Sual: Niko, bir qədər əvvəl dediniz ki, poulun çox əhəmiyyət daşımadığını bu il dəfələrlə görmüşük. İnterlaqosda startlarda risk çoxdur, elə deyilmi? Qısa bir düzlküdən sonra döngə var və bura qədər çox şey baş verir. Güman edirəm ki, növbəti düzlüyə çıxanda sürücülər yüngüllük hiss edirlər?

Niko Rosberq: Bu, çox kobud fikirdir. Xeyr, mən startı səbirsizliklə gözləyirəm və Lyuisi ilk döngədə qabaqlamağa çalışacam. Düzdür, bu, çətin olacaq, çünki startdan sonrakı düzlük çox qısadır. Lakin mən yenə də cəhd edəcəm.

Sual: Kimi, siz məşqlərdə birinci və üçüncü sektorlarda ən sürətli idiniz, bəs ikinci sektorda nə çətinliyiniz var idi? Sizə və Ferrari-yə hər şeyi qaydasına salmaq üçün vaxt lazım oldu?

Kimi Rəykkönen: Mercedes AMG ilə müqayisədə, bizdə asfaltayatma qüvvəsi az idi. Lakin bu gün maşın pis getmirdi, sadəcə dar döngələrdə çətinlik olurdu. Ən sürətli dövrəm ideal deyildi, lakin üçüncü ola bildim. Sürətimiz Mercedes AMG sürücüləri ilə mübarizə aparmaq üçün kifayət etmirdi. Amma deyə bilərəm ki, sabah daha yaxşı nəticə göstərmək üçün çalışacayıq.

Jurnalistlərin sualları

Sual (Alessandro Canini – Globo): Sabahkı yarış 2008-ci ildəkindən daha həyəcanlı ola bilər – səbəblərini siz də bilirsiniz. Bundan başqa, Felipe Massa karyerasını başa vurur. Bütün bunlar barədə nə düşünürsünüz?

Lyuis Həmilton: Bura Braziliyadır, bu, tarixi yarışdır. Bu yarışa baxa-baxa böyümüşəm. Kompüter oyunlarında həmişə görürdüm ki, Braziliya Qran Prisi təqvimin ilk yarışıdır. Lakin bunun üstündən uzun müddət keçib. Bura Ayrton Sennanın vətəni kimi tanınır, bu da yarışa xüsusilik qatır. Tras fantastikdir, tamaşaçılar emosiyalıdır – onları izləmək inanılmazdır. Nə qədər azarkeş gəlir və öz musiqiləri, rəngarənglikləri ilə nə qədər enerji gətirirlər. Bu, təqvimin xüsusi mərhələsidir. Burada hələ qalib gəlməmişəm və hədəfim qələbə qazanmaqdır.

Niko Rosberq: Ümid edirəm ki, azarkeşlər Felipeni sonuncu ev yarışında layiqincə dəstəkləyəcəklər, biz də fantastik ab-havanı hiss edəcəyik. Felipe buna layiqdir, uzun illər braziliyalılara sevinc bəxş edib. Bundan başqa, bizi həyəcanlı yarış gözləyir – ön yerlərdə gərgin mübarizə olacaq. Görək, nələr başa verəcək.

Kimi Rəykkönen: Bu, mənim üçün sadəcə növbəti mərhlədir. Mənim burada yaxşı və pis xatirələrim var. Maraqlıdır ki, sabah nələr olacaq? Felipe isə bundan sonra başqa işlərlə məşğul olmaq qərarına gəlib. Mən əminəm ki, o etdiyi şeylərdən zövq alacaq və ona hər bir şeydə uğurlar arzulayıram.

Sual (Leandro Alvares – Autosport Brazil): Ola bilsin ki, sabahkı yarış braziliya üçün sonuncu olsun. Siz bu barədə nə düşünürsünüz – belə olmasını istərdiniz?

Lyuis Həmilton: Bütün dediklərimizdən sonra, əlbəttə ki, yox. Bilmirəm Niko və Kimi nə düşünürlər, amma bilirəm ki, ölkə iqtisadi çətinlik yaşayır. Ümid edirəm ki, bunu aradan qaldırmaq mümkün olacaq. Braziliya Qran Prisi qalmalıdır, çünki Formula1-in bir parçasıdır. İnterlaqos tarixi traslardandır və biz onu itirə bilmərik. Azarkeşlər yarışa xüsusi rəng qatırlar. Bizim getdiyimiz yarışların bəzilərində buradakı azarkeşlərin üçdə biri də gəlmir. Bu mərhələ mənim üçün çox vacibdir. Ümid edirəm ki, təqvimdəki yerini qoruyub saxlayacaq. Bəli, yarışın təşkili böyük xərc tələb edir, lakin bu, ölkə və əhali üçün səmərəli ola bilər.

Niko Rosberq: Ümid edirəm ki, biz bura qayıdacayıq. Burada gözəl tras var və yarışlar maraqlı keçir. Azarkeşlər Formula1-i çox sevirlər.

Kimi Rəykkönen: Bu məsələ biz sürücülərin həll etdiyi məsələ deyil. Əgər bizdən asılı olsa, biz bura dəfələrlə qayıtmaq istəyərik. Bu, tək burada yox, bir çox yerlərdə də belədir. Bəzi traslar sürücülərin xoşuna gəlir və sual yaranır: Biz bura yenə qayıdacayıq? Təəssüf ki, hər bir şeyi pul həll edir. Kim daha çox pul versə, o da yarışı təşkil edir.

Sual (Silviya Arias – Parabrisas): Kimi, nəticəyə görə sizi təbrik edirəm. Biz burada Red Bull sürücülərini görməyə adət etmişik. Ferrari nəyin hesabına buna nail oldu?

Kimi Rəykkönen: Bu il biz Red Bull-la çox gərgin mübarizə apardıq. Bəzən biz irəlidə olduq, bəzən də onlar. Lakin biz son yarışlarda pis təsir bağışlamırıq. Ayrı-ayrı sahələrdə irəliləyişlərə nail olduq və yeni hissələri yoxladıq. Biz nəticələr çıxardıq və bu da ilin əvvəlində tutduğumuz mövqeyi qaytarmağımıza kömək etdi. Ümid edirəm ki, sabah inamlı çıxış edə bilərik. Əsas məsələ baş verənlərdən dərs almaq və inkişaf etməkdir. Bizim əməkdaşlarımızın hamısının məqsədi birdir. Bütün səylər tədricən özünü doğrultmağa başlayır.

, , , , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*