Braziliya-2016: Maraqlı statistika

Braziliya Qran Prisindən sonra məşhur ekspert Mikele Merlino maraqlı statistik məlumatlar hazırlayıb. F-1.az bu məlumatları sizin nəzərinizə çatdırır…

SIRALANMA TURU

Lyuis Həmilton İnterlaqosda mövsümdəki 11-ci poulunu qazanıb və keçənilki rekordunu təkrarlayıb. Bu, britaniyalının karyerasında 60-cı pouldur və poul sayına görə yalnız Mixael Şumaxer (68) və Ayrton Sennadan (65) geri qalır.

Qısa İnterlaqos trasında Mercedes AMG sürücüləri digər komandaların sürücülərini 0.668 saniyə üstələdilər və bu nəticə ancaq 1999-cu ildəkindən (Mika Hakkinen Rubens Barrikellonu 0.737 saniyə üstələmişdi) geri qalır.

Mercedes AMG bir mövsümdə 19 poul qazanan ilk komanda, Niko Rosberq isə bir mövsümdə ilk cərgədən 19 dəfə yarışa başlayan ilk sürücü olub.

Mercedes AMG keçənilki daha bir rekordunu təkrarlayıb – komandanın sürücüləri 33 dəfə ilk cərgədən start alıblar.

YARIŞ

Lyuis Həmilton 44 nömrəli maşınla Braziliyada keçirilən 44-cü yarışda qalib gəlib. O, həmçinin, 24 fərqli trasda qələbə qazanan ilk sürücü olub və Mixael Şumaxeri üstələyib (23 müxtəlif trasda qələbə qazanmışdı).

Lyuis Həmilton karyerasında 52-ci qələbəsini qazanıb və Alen Prostu üstələyib. O, yalnız 91 qələbəsi olan Mixael Şumaxerdən geri qalır.

Bu qələbə Lyuis Həmiltonun cari mövsümdəki 9-cu qələbəsi olub. Niko Rosberqin də eyni sayda qələbəsi var.

Lyuis Həmilton karyerasında 9-cu dəfə yarışa əvvəldən sonra qədər liderlik edib. Ayrton Sennada isə bu rəqəm 19-dur…

Mercedes AMG turboerada 58-ci yarışda 50-ci qələbəsini qazanıb.

Rosberq və Həmilton birlikdə 39-cu dəfə podiuma yüksəliblər və Mixael Şumaxerlə Rubens Barikelloya aid rekordu (38 dəfə) yeniləyiblər.

Mercedes AMG mövsümün sonuna bir yarış qalmış Mühəndislər Kubokunda rekord sayda xal qazanıb – 722.

Niko Rosberq və Daniel Rikkardo 2012-ci ilə Kimi Rəykkönen tərəfindən qırılmış bir mövsümdə ən çox yarışda xal qazanmaq rekordunu təkrarlayıblar – 19 yarış.

Braziliya Qran Prisinin 70-ci dövrəsində Daniel Rikkardo bir mövsümdə ən çox məsafə qət etmək rekordunu yeniləyib. Daniel cari mövsümdə ümumi məsafənin 99.91%-ni qət edib və bu, 6086 km edir. Əvvəlki rekord Rəykkönenə aid idi – finlandiyalı 2012-ci ildə 6081 km yarışmışdı.

Braizliya Qran Prisinin 40-cı dövrəsində Mercedes AMG daha bir rekorda imza atıb – bir mövsüm ərzində 5000 km-dən çox məsafədə yarışa liderlik edib. Hazırda onların nəticəsi 5134 km-dir.

Maks Ferstappen sürətli dövrə vuran ən gənc sürücü olub – 19 yaş, 1 ay, 14 gün. Əvvəlki ən yaxşı nəticə Rosberqə aid idi – 20 yaş, 8 ay, 13 gün.

Force İndia İnterlaqosda xal ehtiyatını 163-ə yüksəldib və bu, komandanın tarixində bir mövsümdə əldə edilmiş ən yaxşı nəticədir. Onlar keçən mövsüm 155 xal qazanmışdılar.

Rosberq və Həmilton 77 yarışdır ki, komanda yoldaşıdırlar və onlar Alezi ilə Bergerə və Alonso ilə Massaya aid rekordu təkrarlayıblar.

Yarışda səkkizinci olan Daniel Rikkardo son 15 yarışdakı ən pis nəticəsini göstərib.

Yarışı doqquzuncu yerdə başa vuran Felipe Nasr Sauber-ə cari mövsümdəki ilk xalları qazandırıb. Komanda sonuncu dəfə keçənilki ABŞ Qran Prisindən xalla ayrılmışdı. 2009-cu ildən bəri ilk dəfə bütün komandalar çempionatda xal qazanıblar.

McLaren komandası 800 yarışda start almaq sərhədini keçən ikinci komanda olub – Ferrari komandası 928 yarışla birincidir.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*