F-1.az xəbər verir ki, 4-cü yerdən start alan, hətta yarışın gedişində Təhlükəsizlik Maşını trası tərk etdikdən sonra Rosberqi keçərək ikinciliyə yüksələn, yaşıl təkərlərə keçərək arxalara düşməsinə baxmayaraq, yarışın sonunda ardıcıl ötmələr edərək podiuma yüksələn Maks Ferstappen “Günün Sürücüsü” seçilib. Maks bu mövsüm daha əvvəl 7 dəfə – Red Bull ilə ilk yarışı olan və qalib gəldiyi İspaniyada, sonra isə Kanada, Avstriya, Britaniya, Malayziya, Yaponiya və ABŞ Qran Prilərində “Günün Sürücüsü” seçilib.
Ferstappendən başqa, Avstraliya və Bəhreyn yarışlarında Roman Qrojan, Çin Qran Prisində Daniil Kvyat, Rusiyada Kevin Maqnussen, Monakoda və Bakıda keçirilən Avropa Qran Prisində Serxio Peres, Macarıstan Qran Prisində Kimi Rəykkönen, Almaniya Qran Prisində Daniel Rikkardo, Belçika Qran Prisində Lyuis Həmilton, İtaliya Qran Prisində Niko Rosberq, Sinqapur və Meksika Qran Prilərində isə Sebastyan Fettel “Günün sürücüsü” seçilmişdilər.
Xatırladaq ki, bu seçim azarkeşlərin səsverməsinə əsasən edilir. Səsvermə yarışın gedişində Formula1-in rəsmi internet saytında (f1.com/vote) keçirilir.