F-1.az mətbuat konfransında pilotlara ünvanlanan sualları və onların cavablarını təqdim edir.
FİA rəsmisinin sualları
Sual: Gəlin, Felipe ilə başlayaq – sənin üçün Formula1 sürücüsü kimi sonuncu Braziliya yarışıdır. Bu, sənin üçün nə deməkdir?
Felipe Massa: Hesab edirəm ki, mənim üçün xüsusi həftəsonu olacaq – mənim üçün sonuncu ev yarışıdır. Bura mənim böyüdüyüm yerdir və mən xatırlayıram ki, tribunalarda Ayrton Senna və Nelson Pikeyə azarkeşlik etrmişəm, hər zaman burada olmağı arzulamışam. Sonra isə mən burada iki qələbə qazandım, dəfələrlə podiuma yüksəldim. İnterlaqos mənim üçün fantastik yerdir. Gələn il sürücülərin yarışdığını görəndə mütləq burada olmaq üçün, bu yaış üçün darıxacam. Lakin mən Formula1-də keçirdiyim 15 ildə əldə etdiklərimə görə xoşbəxt və qürurluyam.
Sual: Sənin də dediyin kimi, burada sənin gözəl xatirələrin var – poullar, podiumlar və Ferrari ilə qazandığın iki xüsusi qələbə. Bəs hansı məqamları ən parlaq adlandırmaq olar? Kimlərlə rəqabət daha yaddaqalan idi?
Felipe Massa: Biz dünyanın ən yaxşı sürücülərindən bəhs edirik. Kim ki, buradadır, deməli istedadlıdır. Mübarizə yüksək həddədir, lakin mənə elə gəlir ki, həqiqətən də çox şey öyrənmişəm. Formula1 sürücüsü olmaq asan deyil, amma mənim karyeram fantastik keçib və xoşbəxtəm ki, nəyəsə nail ola bilmişəm. Mən onları yarışlarda sərt rəqib kimi tanımışam, lakin son illər trasdan kənarda münasibətlərimiz isti olub. Karyeramızı bitirdikdən sonra münasibətlər daha da yaxşı olacaq. Hər birinə uğurlar arzu edirəm.
Sual: Çox sağ ol. Lyuis, əminəm ki, 2008-ci ilin xatirələri hələ də güclüdür. Sən üç titulundan ən birincisini məhz burada qazanmışdın. Həmin yarışda qalib gələn Massa podiumda çox ləyaqətlə davranmışdı. Massa sənin üçün necə rəqib olub?
Lyuis Həmilton: Felipe ilə mübarizə aparmaq böyük şərəf idi. Biz hələ GP2-də çıxış edəndən dostlaşmışıq. Mən onu hər zaman yaxşı xatırlayacam. Biz zaman keçdikcə qocalıb səhnədən çəkiləcəyik və yeirmizə gənc sürücülər gələcək. Lakin mən əminəm ki, Formula1 onun üçün çox darıxacaq.
Sual: Sualım digər sürücülərədir – bəs siz sonuncu ev yarışında Felipe Massa üçün nə düşünürsünüz? Həftəsonu tribunalarda necə bir atmosfer olacağını gözləyirsiniz?
Niko Rosberq: Çox gözəl olacaq – əminəm ki, braziliyalılar son yarışda ona dəlicəsinə azarkeşlik edəcəklər. O, Formula1-ə çox şey verib, onun yoxluğu idman üçün və bizim üçün itki olacaq.
Sual: Maks?
Maks Ferstappen: Mən onun karyerasındakı imkanları əldə etmək istərdim – dörd dəfə çempionluq uğrunda mübarizə aparıb. Həftəsonu onun üçün əlamətdar olacaq. Ümumiyyətlə, buradakı hər bir yarışı əlamətdar hesab etmək olar. Braziliya Qran Prisi gözəl trası və möhtəşəm ab-havası ilə hər zaman fərqlənib.
Sual: Sebastyan, sən burada qələbələr qazanmısan və Felipe ilə böyük mübarizələrin var. Bəs sənin fikirlərin necədir?
Sebastyan Fettel: Mən düşünürəm ki… onun istedadı barədə danışmağa ehtiyac yoxdur. Heç bir şübhə yoxdur ki, Felipe peletondakı ən istedadlı sürücülərdən biridir. Bundan əlavə, o, böyük şəxsiyyətdir. Ona baxdığınızda həmişə gülümsəmək istəyirsiniz, çünki o, sanki işıq saçır. Düşünürəm ki, onun üçün çox darıxacayıq. Ümid edirəm ki, Felipe arada bizə baş çəkəcək. Ona uğurlar arzu edirəm. Bu həftəsonu isə azarkeşlərin Braziliya bayrağı götürərək onu dəstəklədiyini görmək çox xoş olar. Çünki onun gözəl karyerası olub və bu həftəsonu da belə olmalıdır.
Sual: Daniel, sənin fikrin necədir?
Felipe Massa: Danışanda ehtiyatlı ol, bax nə deyirsən!
Daniel Rikkardo: Mən bazar günü sürücülərin paradını səbirsizliklə gözləyirəm – həmişə çox maraqlı olur. Bu həftəsonu da maraqlı olacaq. Biz yəqin ki, bəzi maraqlı ləqəblər eşidəcəyik – lakin bunlar çox gülməlidir. Bu yarışda ab-hava həmişə fərqli olub. Məncə, möhtəşəm azarkeşlər bizi gözləyir.
Sual: Çox sağ olun. Qayıdaq Niko və Lyuisə. İki yarış qalıb. Niko, bazar günü qalib gəlsən, çempion olacaqsan. Lyuis, sən əvvəl burada qalib gəlməmisən və bu, sənə əlavə motivasiya verməlidir. Nə deyə bilərsiniz? Gərginlik artır? Niko, əvvəlcə sən…
Niko Rosberq: Əla əhval-ruhiyyədəyəm, çünki sona iki yarış qalmış çempionluq uğrunda mübarizə aparmaq böyük hissdir. Həftəsonu qalib gəlməyə çalışacam.
Sual: Lyuis?
Lyuis Həmilton: Bura ilə bağlı qarışıq xatirələrim var. Burada ilk dəfə qalib gəlmək istəyirəm. Felipe və Niko buna nail olublar. Qələbə üçün yarışacam, onsuz da, itirəcəyim bir şey yoxdur.
Sual: Sualım arxada oturan sürücülərədir. Trasın konfiqurasiyasını və həftəsonuna olan hava proqnozunu nəzərə alaraq bu iki oğlanla (Mercedes AMG sürücülərini nəzərdə tutur) mübarizə şansınızı necə qiymətləndirirsiniz? Daniel?
Daniel Rikkardo: Belə görünür ki, həftəsonu yağışın yağma ehtimal var və bu da maraqlı yarış vəd edir. Yağışlı hava sürücülər üçün əlavə təzyiqdir, lakin mən bundan imtina etməzdim, bu, mənim xoşuma gəlir. Bazar günü hər şeyin necə olacağını görəcəyik və ümid edirəm ki, bizi gözəl mübarizə gözləyir.
Sual: Seb?
Sebastyan Fettel: Bilmirəm bunun sirri nədədir, lakin Brazliyadakı yarışlar hər zaman fərqli alınır. Bəlkə tras yaxşıdır, burada sürmək gözəldir? Lakin mən düşünürəm ki, bu tribunalardakı ab-havadandır. Əvvəllər də fanatlar burada gözəl yarışların keçirilməsində böyük rol oynayıblar. Siz 2008-ci ili qeyd etdiniz. Lakin 2012-ci ildə burada keçirilən yarış da fantastik alınmışdı. Əminəm ki, bizi bazar günü maraqlı hadisələr gözləyir. Düzdü, əksəriyyətimiz çempionluq uğrunda mübarizə aparmırıq, lakin burada qələbə qazanmağa çalışacayıq. Hava şəraiti və digər amillər yarış zamanı hər şeyi dəyişə bilər.
Sual: Maks, Red Bull bu yarışda qələbəyə ümid edə bilər? Belə bir potensial var?
Maks Ferstappen: Sürücülər hər zaman qalib gəlməyə çalışırlar, lakin mənim Braziliyada dəyişkən hava şəraitində elə də təcrübəm yoxdur. Əlbəttə, mən əvvəllər televizorda İnterlaqosdakı yarışları izləmişəm. Düşünürəm ki, yarış həmişə olduğu kimi, maraqlı alınacaq. Keçənilki yarış çox xoşuma gəlmişdi və inanıram ki, bu il yağış yağarsa, daha da maraqlı olacaq. Həftəsonu üçün səbirsizlənirəm.
Jurnalistlərin sualları
Sual (Pedro Lopes – GloboEsporte.com): Daniel, dünənki ət mərasimi sənin üçün necə keçib?
Daniel Rikkardo: Yaxşı idi. Lakin xoşbəxtlikdən artıq geridə qalıb, yoxsa mən hələ də qan-tər içində olardım. Siz necə deyirsiniz… muito bom (portuqal dilində – yaxşı)?
Sual (Kevin İson – The Times): Sebastyan, sən mövsümə böyük ümidlərlə başladın, lakin nəticələr gözlədiyin kimi alınmadı. Hələ də Ferrari ilə çempion ola biləcəyinə inanırsan?
Sebastyan Fettel: Bəli.
Sual (Kevin İson – The Times): Niyə?
Sebastyan Fettel: Çünki mən həmişə pozitiv düşünürəm və irəli baxıram. Ferrari-yə keçid çox ciddi qərar idi və bilirdim ki, uğur üçün vaxt tələb olunacaq. Ötən mövsüm bizim üçün yaxşı keçdi. Mercedes AMG-yə get-gedə yaxınlaşırdıq və buna görə də, cari mövsümdən gözləntilərimiz böyük idi. Mühəndislər Kubokunda ikinci olduqda növbəti il birincilik üçün hazırlaşırsınız. Düzdür, məqsədimizə çata bilməmişik, çünki titul uğrunda vuruşmalı idik. Lakin mən komandada böyük dəyişikliklər görürəm və əminəm ki, uğur üçün zaman lazımdır.
Sual (Livio Orixio – GloboEsporte.com): Sualım əvvəlcə Nikoya, sonra isə Lyuisədir. Niko, buradakı son iki yarışa poul mövqeyindən başlamısan və qalib gəlmisən. Lyuis, aydın məsələdir ki, hər iki həftəsonunda çox güclü idin. Bəlkə burada qalib gəlməyin bir yolunu tapacaqsan? Lyuis, buradakı son iki ildəki yarışda Nikonun çox sürətli olduğunu və ona çata bilmədiyini demişdin…
Niko Rosberq: Bu, möhtəşəm trasdır və buranı çox sevirəm. Həftəsonunu səbirsizliklə gözləyirəm. Əvvəlki iki qələbəmlə bağlı gözəl xatirələrim var. Lakin biz bu il yenidən – sıfırdan başlamışıq və əvvəlki qələbələr mənə kömək etməyəcək. Hamımız eyni yerdən başlayırıq və bu həftəsonu çox işləməliyəm. Vəssalam.
Lyuis Həmilton: Mən həqiqətən də bilmirəm ki, burada niyə qalib gələ bilməmişəm. Buna görə də sizə verə biləcəyim cavabım yoxdur. Hər zaman qələbə üçün çalışıram, bu dəfə daha çox çalışacam.
MƏTBUAT KONFRANSININ İKİNCİ HİSSƏSİ: MEKSİKA QRAN PRİSİ İLƏ BAĞLI YARANAN SUALLAR
FİA rəsmisinin sualları
Mətbuat konfransının ikinci hissəsinə Meksika Qran Prisindəki hadisələrlə bağlı danışmaq üçün FİA-nın yarış direktoru Çarli Uaytinq gəlib. Rodriqes Qardaşları trasında baş verən hadisələrə aid videolar Çarliyə cavabların izahında kömək məqsədilə konfrans zalında nümayiş olunub.
Sual: Çarli, izah edilməli olan bir neçə məqam var. Yarışın əvvəlində Lyuis döngəni kəsdi, lakin ona cəza verilmədi. Yarışın sonunda isə Maks həmin döngəni kəsdi. Bu iki hadisə arasında hansı fərq var idi?
Çarli Uaytinq: Prinsipial fərq onda idi ki, Lyuisin əldə etdiyi üstünlük uzunmüddətli olmadı, Maksda isə əksinə oldu. Təkrar üçün kadrlara baxaq, bu, bizə kömək edəcək.
Birinci epizod – düşünürəm ki, siz onu hələ də yaxşı xatırlayırsınız. Göründüyü kimi, Lyuis səhvə yol verir və döngəni kəsərək üstünlük əldə edir. Lakin sonra bu üstünlükdən imtina edir. Üçüncü və dördüncü döngələrdə maşnın təhlükəsizliyi üçün qazı cəmi 80% basır. Ona görə də biz qərara gəldik ki, Lyuis burada üstünlük əldə etməyib.
Maks və Fettelin mübarizəsində isə belə olmadı – Maks üstünlük qazanmışdı və biz qərara gəldik ki, ona cəza verilməlidir.
Sual: Gəlin, sürücülərdən soruşaq. Maks, təkrara baxdıq və Çarlini eşitdik. Bu barədə nə deyə bilərsən?
Maks Ferstappen: Mən qərarla razı deyiləm, lakin bu heç nəyi dəyişmir, elə deyilmi? Mən düşünürəm ki, cəza verilməlidirsə, hər iki halda verilməlidir, ya da heç verilməməlidir. Gərək stüardlar əvvəldən qərar verəydilər ki, müəyyən yerlərdə trasdan çıxmağa görə cəza veriləcək.
Sual: Lyuis, indi gördüklərimiz və Çarlinin dedikləri barədə nə düşünürsən?
Lyuis Həmilton: Çarlinin dedikləri ilə razıyam, amma öz dəqiq fikrim yoxdur. Stüardların işi çox çətindir. Eyni hadisəyə müxtəlif vəziyyətlərdə münasibət bildirməli olurlar. Məsələn, mən trasdan çıxdıqdan sonra təhlükəsizlik maşını trasa daxil oldu və mən üstünlüyümü itirdim. Lakin mən Maksla da razıyam ki, hansı hallarda cəza alacağımız əvvəlcədən müəyyən olunmalıdır.
Sual: Keçək daha bir maraqlı məsələyə. Əylənmə zonasında istiqamət dəyişdirilməsi mövsümün ən çox müzakirə olunan məsələlərindən biri oldu. FİA bu barədə Ostində izahat dərc etmişdi. Meksikada Fettelin Danieldən müdafiə olunması barədə nə deyə bilərsiniz?
Çarli Uaytinq: Gərək Macarıstan Qran Prisində Rəykkönen və Ferstappen arasında baş verən mübarizəyə qayıdaq. Bütün bunlar Almaniyada brifinqdə müzakirə olundu və qərara alındı ki, əylənmə zonasında istiqamət dəyişmək olmaz. Biz bunda razılaşdıq, lakin Yaponiyada Maksla Lyuis arasında belə bir insident baş verdi. Lyuis radiodan Maksın istiqamət dəyişdiyini bildirdi, lakin bu məsələni Ostində araşdıran stüardlar qayda pozuntusu tapmadılar. Bundan sonra izahat dərc etdik. Meksikada startda baş verənlərdə də izahata uyğun qərar qəbul edilib.
Qaydalarda üç əsas aspekt var: Birincisi – sürücü toqquşma baş verməməsi üçün istiqamətini dəyişir, ikinci – əylənmə zonasında qaydalara zidd yerdəyişmə, üçüncü – rəqibi üçün təhlükə yaratmaq. Əgər bu üç hal baş veribsə, stüardlar qayda pozuntusu olduğunu müəyyən etməli və cəza verməlidirlər. Biz müşahidə etdik ki, Sebastyan qaydanı pozub və ona görə də onu cəzalandırdıq.
Güman edirəm ki, heç biriniz hadisəni bu rakursdan görməmisiniz. Diqqətlə baxın, hər iki maşın trasın sol hissəsindədirlər. Sebastyan sağa keçir və sonra yenidən sol tərəfə qayıdır. Daniel də toqquşmadan yayınmaq üçün manevr etməli olur. Əgər Daniel Sebastyanın maşınının sol arxa hissəsini vursaydı, nəticələr tamamilə fərqli olardı. Stüardlar Sebastyanın etdiklərini təhlükəli manevr hesab etdilər və cərimə tətbiq olundu.
Sual: Yenə də sürücülərdən soruşaq. Daniel?
Daniel Rikkardo: Mən hesab edirəm ki, hər şey açıq-aşkar izah olunub. Biz yarışdan sonra stüardlarla görüşdük, çünki nə tamaşaçılar, nə də biz veriləcək qərarları gözləmək istəmirik. Artıq olan olub, keçən keçib. Çarlinin dedikləri ilə razıyam. Həmin anda mən çıxılmaz vəziyyətdə idim və manevr etmək çətin idi. Buna görə də stüardların qərarını düzgün hesab edirəm. Azarkeşlər üçün sonradan verilən qərarları qəbul etmək çətin olur, lakin mən belə sərt mübarizələri xoşlayıram. Təbii ki, qaydalar çərçivəsində.
Sual: Sebastyan, bəs sənin fikirlərin?
Sebastyan Fettel: Mən stüardların fikirləri ilə razı deyiləm, çünki cəmi bir dəfə istiqamətimi dəyişdim və Danielə kifayət qədər yer qoydum. Düşünmürəm ki, manevrim Daniel üçün təhlükəli idi. Lakin artıq qərar verilib, barışmalıyıq.
Jurnalistlərin sualları
Sual (Livio Orixio – GloboEsporte.com): Çarli, şərhləriniz aydındır. Lakin problem ondadır ki, hər yarışda müxtəlif stüardlar olur və biz əmin deyilik ki, onların hamısı eyni meyarları rəhbər tuturlar. Bəs sizə də belə gəlmirmi ki, bu, düzgün deyil və stüardlar hər yarışda fərqli prinsiplərə əsasən qərar verirlər? Mənim fikrimcə, sürücülərin şikayətləri də bundandır.
Çarli Uaytinq: Sizinlə razı deyiləm. Lyuisin də qeyd etdiyi kimi, hər bir hadisə fərqlidir, unikaldır. İlk baxışdan hadisələr oxşar görünə bilər, lakin yaxından təhlil etdikdə görürük ki, onları bir-birindən fərqləndirən çox amillər var. Kənardan qərarların məntiqsiz olduğunu düşünmək asandır. Lakin heç də belə deyil. Cüzi də olsa, fərqlər olur və bəzən bunlara görə əlavə izahatlar vermək lazım gəlir.
Sual (Alan Bolduin – Reuters): Çarli, ən çox müzakirə olunan məsələlərdən biri də sizin hələ toxunmadığınız məsələdir – radio danışıqları zamanı sürücülərin istifadə etdiyi sözlər. Sebastyanın sizin ünvanınıza dediyi sözlər barədə nə düşünürsünüz?
Çarli Uaytinq: Nə edək, mən məsələ ilə bağlı fikirlərimi sizinlə bölüşəcəyəm. Bu hadisə ilk dəfə deyil ki, baş verir. Bu dəfə mənim ünvanıma da nalayiq sözlər səsləndirildi və mən təbii ki, məyus oldum. Lakin Sebastyan yarışdan sonra dərhal mənə yaxınlaşıb üzr istədi və bu, kifayətdir. Mən bunu unutmağa hazıram. Məsələyə Federasiyanın mövqeyini görmüsünüz və hesab edirəm ki, kifayətdir.
Sual (Alan Bolduin – Reuters): Sebastyan istəyirsənsə, cavab verə bilərsən…
Sebastyan Fettel: Mən bir daha üzr istəməyə hazıram. Yəqin ki, məni başa düşərsiniz – mübarizə aparırdım və çox məyus idim. Dediklərimə görə indi də təəssüflənirəm. O anda başa düşdüm ki, Çarliyə yaxınlaşaraq üzr istəməliyəm. Daha sonra mən ona məktub da göndərdim. Çox şadam ki, o, mənim üzrümü qəbul edib.
Sual (Alan Bolduin – Reuters): FİA hamının diqqətinə çatdırıb ki, böyüməkdə olan nəsil üçün efirdə səslənən söyüşlərin mənfi təsiri ola bilər. Maks, ola bilsin ki, bu barədə demək istədiyiniz şeylər var…
Maks Ferstappen: Çox sağ olun. Mənə elə gəlir ki, hətta siz də həmin məqamda elə sözlər deyə bilərsiniz. Təsəvvür edin – bütün futbolçulara mikrofon paylanılır və 90 dəqiqə ərzində onların dediyi bütün sözlər efirdə eşidilir. Başa düşmək lazımdır ki, biz mübarizə aparırıq, adrenalin yüksək olur. Bir halda ki, belə sözlər pis təsir edir, onları efirə vermək lazım deyil.
Sual (Alan Bolduin – Reuters): Lyuis, siz başınızı yırğaladınız. Maksla razısınız?
Lyuis Həmilton: Xeyr, mənə zaldan baş yırğaladılar, mən də cavab verdim.
Sual (Ralf Bax – AutoBild Motorsport): Çarli, sizcə, öz fikirlərini Donald Tramp kimi ifadə etmək manerası olan birisi qeyri-normal leksika üzündən staürdların yanına neçə dəfə getməli olardı? Ona görə soruşuram ki, cənab Tramp bu yaxında ABŞ-ın prezident seçkilərində qalib gəlib. Hazırda ingilis küçə dili dünyada istifadə olunur, o cümlədən universitetlərdə tədris olunur.
Çarli Uaytinq: Mənə elə gəlir ki, bu suala cavab vermişəm. Sualınızın səbəbini başa düşmədim, lakin mən Meksikadakı hadisələr barəsində danışıram. Belə sözlərin efirə verilib-verilməməsi müzakirə olunmalıdır.
Sual (Andrea Kremonezi – La Gazzetta dello Sport): Sebastyan, sənə elə gəlmirmi ki, son yarışlardan sonra nüfuzunu bərpa etməlisən? İnsidentlər, normal olmayan leksika… Yəni yarışın gedişində səbrini itirməklə rəqibə pressinqi zəiflədirsən.
Sebastyan Fettel: Mən əmin deyiləm ki, sizi başa düşmüşəm. Siz Ostində də nəyinsə baş verdiyini nəzərdə tutursuz? Çünki son iki yarışdan bəhs etdiniz. Sualınızı təkrarlaya bilməzsiniz?
Sual (FİA rəsmisi): Sualın əsas mahiyyəti belədir ki, sən yarışlarda öz təmkinini itirirsən.
Sual (Andrea Kremonezi – La Gazzetta dello Sport): Məsələ bundadır ki, siz son iki yarışda itirdiyin nüfuzu bərpa etmək istəyirsən?
Sebastyan Fettel: Mən hesab edirəm ki, son iki yarışda yaxşı çıxış etmişəm. Meksikada yeddinci yerdən start aldım və podiuma çıxmaq şansı əldə etdim. Dördüncülüklə kifayətlənmək istəmədim. Digər məsələdə isə sürücülərlə razıyam. Yarış zamanı adrenalin və emosiyalar çox güclü olur. Tənqid olunmalı bir şey varsa, o da şənbə günü olan zəif çıxışımızdır.
Sual: (Endryu Benson – BBC Sport): Çarli, belə görünür ki, trasdan çıxmaq üçün cərimə nəzərdə tutulmur. Sürücülər trasdan çıxa və sonra geri qayıdaraq mövqelərini qoruya bilərlər. Sizcə, trasların yenidən qurulmasına ehtiyac var? Sürücülər bu barədə nə düşünür?
Çarli Uaytinq: Biz başqa traslarda artıq tədbirlər görmüşük. Məsələn, Montsadakı ikinci şikana, Monrealdakı son şikana, Soçidəki ilk və ikinci döngələr. O yerlərdə sürücülər trasa qayıdarkən xeyli vaxt itirirlər. Ötən il Meksikada bu problem yox idi. Həmin yerdə nəm ot örtüyü var idi və trasa qayıtmaq çətin idi. Bu il isə daha asan olub. Yeri gəlmişkən, bu problemi aradan qaldırmaq çox asandır. Kifayət qədər analoji tədbirlər var. Onlar tətbiq olunduqda hansısa sürücünün üstünlük əldə edib-etmədiyi barədə mübahisələr olmayacaq. Maks də bir qədər əvvəl bunu demək istəyirdi.
Niko Rosberq: Məncə, yaxşı olar. Trasdan çıxdıqda vaxt itirməmiz bütün mübahisələrə son qoyar.
Sual: (Luis Fernando Ramos): Çarli, yenə ilk döngədəki hadisə barədə danışmaq mümkündür? Lyuisə cəza verilməməsində təhlükəsizlik maşınının rolu oldu? Çünki siz dediniz ki, onun üstünlüyü uzunmüddətli olmadı. Biz görürük ki, o, əyləcə sərt şəkildə basdıqdan sonra trasdan çıxdı və böyük üstünlük əldə etdi. Təhlükəsizlik maşını çıxmasaydı, ona cəza verərdiniz? Bu barədə danışmayan sürücülərin də fikir bildirmələrini istəyirəm.
Çarli Uaytinq: Biz gördük ki, Lyuis trasa qayıdarkən rəqiblərindən aralanıb. Lakin telemetriyadan da gördük ki, o, sürətini azaltdı. Bir qədər sonra Virtual Təhlükəsizlik Maşını rejimi tətbiq olundu, daha sonra isə Təhlükəsizlik Maşını trasa daxil oldu. Bunlar baş verməsəydi, bəli, biz cərimə tətbiq edə bilərdik, lakin bu halda ehtiyac olmadı.
Sual (Erik Qabriel – motorsport.com): Sualım Niko və Lyuisədir. Maksın sürüş tərzi barədə çox danışmışıq. Bəs siz qorxmursunuz ki, o, çempionluq mübarizəsinə müdaxilə edə bilər?
Niko Rosberq: Təbii ki, yox. Lakin biz onun sürüş üslubu ilə bağlı müzakirələri davam etdirməliyik. Çünki biz bununla qərarların verilməsində irəliləyişə nail ola bilərik. Burada söhbət məhz bir sürücüdən getmir.
Lyuis Həmilton: Əvvəla, mən düşünürəm ki, siz telefonunuzu bir qədər aralı tutmalısınız, çünki o, radiasiya yayır (ümumi gülüş). Mövzu ilə bağlı kömək etməyə çalışıram. Mən sadəcə Maksın mövsümü necə keçirdiyi barədə söz deyə bilərəm – o, çox istedadlı oğlandır. Çox gəncdir, heç 20 yaşı yoxdur. İndiyə qədər çox yaxşı nəticələr əldə edib, çox şey öyrənib. Bundan sonra da öyrənməli olduğu çox şey var.
Maks Ferstappen: Mən onlarla danışıqlar aparıram, görək, hansı mənə daha çox ödəniş edəcək. Bazar günü görəcəyik.
Sual (Frederik Ferre – L’Equipe): Sualım Lyuis və Nikodan başqa, yerdə qalan bütün sürücülərədir. Çempionluq uğrunda mübarizə apardıqlarını nəzərə alaraq, onlara hücum edərkən ehtiyatlı olacaqsınız?
Daniel Rikkardo: Açığı, yox. Çünki hər yarış bizim üçün mövsümün başlanğıcına bənzəyir. Melburnda var qüvvəmizi sərf ediriksə, burada da etməliyik. Düşünmürəm ki, biz sürücülərə hansısa formada kömək lazımdır. Əgər Lyuis və Niko titul uğrunda vuruşurlarsa, o demək deyil ki, belə bir şans əlimizə düşərsə, biz onlara hücum etməməliyik. Mən rəqiblərimə hörmət edirəm, lakin biz qələbə uğrunda Mercedes AMG sürücüləri ilə mübarizə aparırıq. Qazanmaq imkanım olsa, bunu əldən verməyəcəm. Biz yoldan çəkinərək son nəticəyə təsir göstərə bilmərik. Hesab edirəm ki, məni başa düşdünüz.
Sebastyan Fettel: Biz damalı bayrağı görmək üçün mübarizə aparırıq və buna mane olacaq heç bir şeyi etməməliyik. Onlardan birinə güzəştə getmək digəri üçün ədalətsizlikdir. Onlar mövsümboyu yaxşı yarışıblar və hər ikisinə hörmət edirəm.
Maks Ferstappen: Təsəvvür edin ki, komandanıza belə deyirsiniz: “Mən indi mübarizə aparmayacam və onları irəli buraxacam”. Bu, heç kimin xoşuna gəlməz. Biz mübarizələrdə rəqiblərimizə hər zaman hörmətlə yanaşırıq. Onlara mane olmağa və ya yol verməyə çalışmırıq. Yanaşma heç vaxt dəyişilmir.
Felipe Massa: Mən istərdim ki, onlarla yarışmaq şansım olsun. Onda gərək Niko və Lyuis ehtiyatlı olsunlar, çünki mən var gücümlə mübarizə aparacam!
Sual (Frederik Ferre – L’Equipe): Niko və Lyuis, siz sürücülərin dilindən eşitmisinizmi ki, sizi bazar günü və Əbu Dabidə mübarizə gözləyir?
Niko Rosberq: Əlbəttə. Mübarizəni zəiflətmək olmaz. Kimlərsə çempionluq uğrunda mübarizə aparır, lakin digərləri də yarışçıdır. Ona görə də belə yanaşmanı başa düşürəm.
Sual (Bruno Vikaria – Bandeirantes Radio): Çarli, sizin yenilənmiş İnterlaqosla bağlı fikriniz necədir? Buradakı struktur sizi qane edir?
Çarlie Uaytinq: Əlbəttə! Komandalara ayrılan yerlər daha genişdir, bütün strukturda iş şəraiti xeyli yaxşılaşıb.
Sual (Livio Orixio – GloboEsporte.com): Çarli, siz Formula1 karyeranıza yetmişinci illərdə mexanik kimi başlamısınız və daha sonra yarış mühəndisi olmusunuz. İndi isə burada sürücülərin davranışlarını müzakirə edirik. Sizcə tətbiq edilən bütün qaydalar irəliyə doğru atılmış addımdır? Bəs sürücülər bu barədə nə düşünür?
Çarlie Uaytinq: Təəssüf ki, idman indi daha mürəkkəbdir – izahatlara tez-tez ehtiyac olur, qaydalar daha ətraflı və geniş həcmlidir. Məsələn, bir cümlə ilə belə ifadə etmək olar: Sürücü təhlükəsiz idarə etməlidir. Lakin siz həmişə suallar verirsiniz ki, bu nə deməkdir, bunu belə etmək olarmı və s.
Qaydaları daha geniş və təfərrüatlı izah etməyə ehtiyac var. Bu, həm də reqlamentdə, idmanın texniki tərəflərində də belədir. Mən düşünmürəm ki, bundan sonra daha sadə olacaq. Son 20 ildə idman texniki cəhətdən çox mürəkkəbləşib.
Daniel Rikkardo: Düzdür, son yarışda mən də rəqibin manevrinə görə şikayət etdim. Lakin nəzərə almalıyıq ki, son illərdə qaydalar bir qədər yumşaldılıb. Bizə yarışlarda bir qədər azadlıq vermək lazımdır, düşünürəm ki, onda yarışlar daha da maraqlı olacaq. Biz hamımız yarışmağı sevirik. Hamımız qələbə üçün buradayıq. Qələbə qazanmayacağını bildikdə, bazar günü ümumiyyətlə sürmək istəmirsən. Biz həmişə idmanın inkişafını istəmişik. Qaydaların daha da sərt olması heç də xoş olmazdı. İndiki şərait isə mübarizəyə imkan verir.
Lyuis Həmilton: Mən Danielin dedikləri ilə razıyam. Biz gərgin mübarizə aparırıq və baş verənlərə fərqli münasibət bildiririk. Hər bir baş verən hadisə ilə bağlı ən azı iki müxtəlif fikir olur. Bizim Çarli kimi heç bir ayrı-seçkilik etməyən, düzgün qərarlar verən insanlara ehtiyacımız var. Düşünürəm ki, onlar bizə yarışmaq üçün imkan verir bə bundan pis istiqamətdə istifadə etmək olmaz.
Maks Ferstappen: Təbii ki, digər sürücülərin yer itirməsinə səbəb olacaq qəzalar törətmək olmaz. Qalan hallarda var gücümüzlə yarışa bilərik.
Sual (Ralf Vudall – L’Equipe): Çarli, siz izah edə bilərsinizmi ki, nəyə görə Sebastyana 10 saniyə cəza verildi, Maksa isə 5?
Çarli Uaytinq: Hər bir cərimənin bir neçə variantı var. Hadisəyə uyğun olaraq, verilən cərimə də fərqlənə bilər. Biz Sebastyanın etdiyini daha ciddi qayda pozuntusu kimi qəbul etdik və onun nəticəsinə 10 saniyə əlavə edildi.