Bortoleto mövsümün ikinci yarışını da qazanıb

Bu gün Melburnda gənc sürücülərin Formula3 çempionatında mövsümün ikinci mərhələsi əsas yarışla başa çatıb.

F-1.az xəbər verir ki, pouldan start alan Qabriel Bortoleto ilk döngədə mövqeyini qoruyub, arxada Sebastyan Montoya ilə Kristian Mənsellin mübarizəsi təmasla nəticələnib və Montoya üçün mübarizə başa çatıb.

2-ci dövrənin 3-cü döngəsində Dino Beqanoviç Franko Kolapintonu divara göndərib, 10-cu döngədə isə Mari Boya Nikola Tsolovun maşınına toxunub və çınqıllığa çıxaraq orada qalıb. Təhlükəsizlik Maşını (TM) trasa çıxıb, onun arxasında Tsolovla Kaylen Frederixin təması ikincinin divara çırpılması ilə nəticələnib.

Restartda yerdəyişmə olmayıb və trasda vəziyyət uzun müddət stabil qalıb. Yalnız 11-ci dövrədə daha bir qəza TM-in trasa qayıtmasına səbəb olub. Finişə 7 dövrə qalmış yarışa restart verilib, amma yenə də ilk onluqda yerdəyişmə olmayıb.

Ona görə də ilk beşlik elə startda olduğu kimi, finiş xəttini keçib – qələbəyə isə mövsümün ilk yarışında olduğu kimi, Trident komandasının gənc sürücüsü Qabriel Bortoleto sevinib. Podiumu Qrequar Sosi və Qabriele Mini tamamlayıblar.

Bu qələbədən sonra Bortoleto çempionatda liderliyini möhkəmlədib. İndi onun aktivində 58 xal var. Sosi liderə 20 xal uduzur. Beqanoviç və Mini isə 28 xal toplayıblar.

Komandaların çempionatına 100 xalla Trident başçılıq edir. Prema liderə 30 xal uduzur.

Növbəti dəfə çempionat iştirakçıları mayın sonunda İmolada bir araya gələcəklər.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*