Biz yenə də birinciyik!

Çempionatın rəsmi Twitter səhifəsinin keçirdiyi sorğuda Azərbaycan Qran Prisi böyük üstünlüklə mövsümün arxada qalan yarışları arasında ən maraqlı yarış seçilib.

F-1.az xəbər verir ki, çempionatın rəsmi Twitter səhifəsi yay tətilində azarkeşləri darıxmağa qoymur. Ona görə də həftənin birinci günü mövsümün arxada qalan yarışları arasında ən maraqlısını seçməyi izləyicilərindən xahiş edib. Dörd gün ərzində ən çox səs toplayan dörd Qran Pri yarımfinalda yenidən izləyicilərin seçiminə buraxılıb.

Beləliklə, ilk yarım finalda azarkeşlər mövsümün 3-cü və 4-cü yarışları arasında seçim etməli olublar. Sorğuda iştirak edən 6335 izləyicinin böyük əksəriyyəti Bakıda baş tutan yarışı Şanxay yarışından üstün tutub və bizim yarış finala vəsiqə qazanıb.

Növbəti yarımfinalda Lyuis Həmiltonun və Sebastyan Fettelin azarkeşləri üz-üzə gəliblər. Fettelin Britaniyada qazandığı qələbə və Almaniyada əldən verdiyi qələbə arasında seçim etmək doğrudan da çətin olub. Bu sorğuda 9707 izləyici iştirak edib və Britaniya Qran Prisi səslərin 57%-ni toplayaraq finalda iştirak etmək hüququ qazanıb.

Əlbəttə, final çox maraqlı olub və sorğuya 11 mindən çox izləyici qatılıb. Britaniyalılar nə qədər çalışsalar da, maraqlı Bakı yarışına qarşı ciddi arqument tapa bilməyiblər. Bakı Şəhər Halqasında baş tutan yarış isə böyük üstünlüklə mövsümün ilk yarısında ən maraqlı yarış seçilib.

Ümid edirik ki, mövsümün sonunda da bizim yarış ardıcıl ikinci il ən maraqlı yarış kimi tarixə yazılacaq…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*