Birman Təhlükəsizlik Maşınının arxasında sprinti qazanıb

Bakıda gənc sürücülərin Formula2 çempionatında sprint (qısa) yarış baş tutub. İnsidentlərlə zəngin olan yarış Prema komandasının gənc debütantı Oliver Birmanın qələbəsi ilə başa çatıb.

F-1.az xəbər verir ki, mübarizə elə ilk döngədə qəzalara səbəb olub – pouldan start alan Riçard Fershor döngəyə geniş girib və ön qanadı qırıb, maşının arxa təkəri də baryerlərə çırpıldığı üçün təkəri partlayıb. Üçüncü yerdən start alan Viktor Marten önündəki Zeyn Məloniyə çırpılıb – nəticədə yavaşlayan və sağa gedən maşına Fershor da çırpılıb.

Fürsətdən istifadə edən Dennis Hauqer liderliyi ələ alıb – Niderlandın istehsal etdiyi Kroon Oil yağlarının dəstəklədiyi MP MotorSport komandasının norveçli sürücüsünü keçənilki F3 çempionu Viktor Marten sıx təqib edib. MP MotorSport-un digər sürücüsü Cehan Daruvala isə 3-cü yerə yüksəlib. Dennis tədricən Viktordan uzaqlaşmağa başlayıb.

Boşunqun qəzasına görə Təhlükəsizlik Maşını (TM) peletonu arxasına yığıb. Amma restartdan sonra vəziyyət dəyişməyib. Daruvala isə arxasındakı sürücülərin hücumuna məruz qalmağa başlayıb. Cehanı Frederik Vesti keçməyə cəhd etsə də, Oliver Birman əvvəlcə Vestini, daha sonra isə Daruvalanı arxada qoyub. Bir dövrə sonra Vesti də hindistanlı sürücünü qabaqlayıb. Amma Vesti bununla kifayətlənməyib və Birmanı da ötərək üçüncülüyə yüksəlib.

Roy Nissaninin 15-ci döngədəki qəzasından sonra TM yenidən trasa çıxıb və finişə 3 dövrə qalmış restart verilib.

Əvvəlcə Hauqer, ardınca Marten ilk döngəyə girə bilməyiblər. Arxadan gələn Daruvala da baryerlərə çırpılıb qalan Martenin maşınına çırpılıb. Qəzadan qaçmağa çalışan Teo Purşer və Artur Lekler də ilk döngədə dayanmalı olublar. Arxada isə Cək Duhən yerində fırlanıb. TM trasa qayıtmalı olub.

Fürsətdən isə Olver Birman yararlanıb – Prema komandasının britaniyalı sürücüsü ilk döngələrdəki qəzalardan qaçmağa çalışan Vestini qabaqlayıb və TM-in arxasında bir dövrə vurduqdan sonra damalı bayrağı hamıdan əvvəl görüb. Beləliklə, debütant Birman dünən ilk poulunu qazanışdısa, bu gün sprintdə ilk qələbəsini bayram edib. Sabah ilk yerdən başlayacağı əsas yarışda da qələbəyə əsas namizəd məhz Birman hesab olunur.

Frederik Vesti ikinci olmaqla Prema komandasına dubl qazandırıb. Podiumu isə Hitech komandasından Cək Krouford tamamlayıb.

Sabah saat 11:25-də başlayacaq əsas yarışla Bakı həftəsonuna yekun vurulacaq…

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*