Birman ilk qələbəsini qazanıb

Belçikanın əfsanəvi Spa trasında gənc sürücülərin Formula3 çempionatında mövsümün 7-ci mərhələsi şənbə günü qısa (sprint) yarışla davam edib.

F-1.az xəbər verir ki, startda ilk cərgədən tərpənən Zək O Sallivan və Xuan Manuel Korrea mövqelərini qoruyublar, amma artıq Kemmel düzlüyündə Korrea önə çıxıb. Onun liderliyi bir neçə döngə çəkib – maşınlar arasında təmas yaşanıb və hər iki sürücü deşilmiş təkərlərlə boksa yollanıb.

Liderliyə isə Brəd Benavides yüksəlib. İkinci dövrədə lider yenə dəyişib – Oliver Birman rəqibini üstələyərək önə çıxıb. Trasa isə Təhlükəsizlik Maşını çıxıb.

TM trası tərk edəndən sonra daha ciddi qəza baş verib – Oliver Göte və Zeyn Məloni 17-ci döngədə böyük sürətlə baryerlərə çırpılıblar. Sürücülər maşınları müstəqil tərk ediblər. Amma baryerləri bərpa etmək üçün qırmızı bayraqlar dalğalanıb.

Pauza yarım saatdan çox çəkib. Birman restartda liderliyini qoruyub, Edqar isə Benavidesi qabaqlayıb. 11-ci dövrədə Brədi əvvəlcə Smolyar, daha sonra Stanek qabaqlayb. İki dövrə sonra Stanek Smolyarı da keçərək 3-cülüyə yüksəlib.

Oliver Birman yarışı ilk qələbəsinə qədər davam etdirib. Finişdə Edqar 2-ci olsa da, +5 saniyəlik cərimə onu 4-cü yerə salıb. Podiumu isə Stanek və Smolyar tamamlayıblar – xatırladaq ki, rusiyalı sürücü Andorra bayrağı altında Niderlandın istehsal etdiyi KROON OİL yağlarının dəstəklədiyi MP MotorSport komandasında çıxış edir.

Çempionatın lideri Ayzek Həcər 23-cü yerdən start alsa da, finişdə 8-ci olub və çempionatda ikinci olan Viktor Martendən az da olsa uzaqlaşıb.

Bazar günü baş tutacaq əsas yarışla mərhələyə yekun vurulacaq…

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*