Mövsümöncəsi testlərin arxada qalmış üç seriyasından sonra hamı bir şeydə qəti əmindir – yarışda pit-stopların sayı artacaq. Amma reqlament uik-end ərzində istifadə olunacaq təkərlərin sayını da qəti müəyyənləşdirib, ona görə də komandalar on bir dəst təkərlə uik-endi başa vurmaq problemi ilə üzləşiblər.
Keçən il yarışların çoxu cəmi bir pit-stopla keçirdi, amma buna baxmayaraq komandalar bəzən təzə dəst təkərlərin olmamasından gileylənirdilər. Xüsusən də sıralanma turunun hər üç sessiyasında iştirak edən komandalar yarışa kifayət qədər təzə təkər saxlaya bilmirdilər.
Keçən illə müqayisədə reqlament dəyişməyib – əgər uik-end yağışsız keçsə, komandalar 11 dəst təkər alacaqlar, bunlardan altısı bərk tərkib, beşi isə yumşaq tərkib olacaq. Üç dəst təkər (iki bərk tərkib və bir yumşaq tərkib) cümə sərbəst yürüşlərində işlədilməlidir. Daha iki dəst isə şənbə günü səhər sərbəst yürüşlərdə maşının son sazlanması zamanı istifadə olunacaq – sıralanma turu və yarışa cəmi altı dəst təzə təkər qalacaq.
Əgər sürücü sıralanma turunun son hissəsinə çıxmaq istəyirsə, ən azı üç dəst təkər işlədəcək – bu zaman biz gözlənilməz halları istisna edirik, yəni sürətli dövrədə səhv və ya sessiyanın saxlanılması və s.
Deməli, sıralanma turu ideal keçərsə, yarışa üç dəst təzə təkər qalacaq – formal olaraq bu yarışa bəs etməlidir, amma sürücünün ehtiyat variantı olmayacaq. Sıralanma turunda istifadə olunmuş yumşaq təkərlər səhər yarış zamanı effektliyini dərhal itirəcəklər, ona görə də onlardan uzun müddət istifadə eləmək olmayacaq.
Suallar çoxdur, amma yındır ki, təkər faktoru çempionata ciddi təsir edəcək…