Bəs indiyə kimi keçirilən 4 yarışda nələr olub? Hansı anlar azarkeşlər üçün unudulmaz olaraq qalıb? Bakı Şəhər halqasındakı 5–ci yarışın şərəfinə Azərbaycan Qran Prilərindəki 5 maraqlı anı sizə təqdim edirik.
5. Ləns Strollun podiumu
2017-ci ildəki yarış xaotik hadisələrə görə yadda qalmışdı. Lakin belə görünür ki, bu yarış Ləns Stroll üçün unudulmaz olacaq. Çünki kanadalı sürücü rəqiblərinin səhvindən yararlanmış və karyerasında ilk və hələki yeganə podiumunu əldə etmişdi. Beləliklə, Formula1 tarixində debüt ilində podium qazanan ən gənc pilot statusunu qazanmışdı. Bu, həm də F1 tarixinin ən titullu ikinci komandası Williams-ın hələki sonuncu fəxri kürsüsüdür.
4. Formula1 bolidini iki təkərlə sürən oğlan
Bakıda Jiquli markalı avtomobilləri iki təkər üstünə qaldıran oğlanlar çox olub. Lakin daha əvvəl Bakı Şəhər Halqasının səfiri olmuş Fernando Alonso 2018-ci ildəki yarışın startında bakılı balası Sergey Sirotkinlə təmas yaşamış və nəticədə iki təkəri partlamışdı. Lakin Formula1 üzrə ikiqat Dünya Çempionu təslim olmamış və iki təkərlə özünü çətinliklə də olsa, pitə çatdıra bilmişdi. Yarışı 7-ci yerdə bitirən Fernando Alonso bununla da, bakılı avtoşlara “Formula1 bolidini necə iki təkərlə sürürlər” dərsi keçmişdi.
3. Kimi Rəykkönenin insanları güldürən fəryadı
Həmişə mühəndislərini tərsləyən və bununla da insanları güldürən Kimi Rəykkönen 2017-ci ildəki Azərbaycan yarışında sükanını axtararkən, nəinki insanların üzündə təbəssüm yaratmışdı, hətta, qəhqəhə ilə gülməsinə səbəb olmuşdu. Radiodan mühəndislərinə “sükanım yoxdur, cəld olun sükanımı gətirin” deyə qışqırması hələ də Formula1 fanatlarının ağlından çıxmır. Buz adam ləqəbli sürücünün bu fəryadı daha sonra musiqi formasında da yayımlanmışdı.
2. Daniel Rikkardodan bir güllə ilə üç quş
Yəqin ki, hamınız Daniel Rikkardonun 2017-ci ildəki dramatik qələbəsini xatırlayırsınız. Avstraliyalı sürücü yarışa 11-ci yerdən başlasa da, ilk dövrələrdən sonra plansız pit-stop etməli olmuş və sonuncu yerlərə geriləmişdi. Lakin həmişə gülər üzü ilə yadda qalan Daniel Bakımızın dar küçələrində bir-bir rəqiblərini keçərək, yarışı birinci yerdə bitirmişdi. Amma üçüncü yer uğrunda gedən mübarizədə Felipe Massa, Niko Hülkenberq və Ləns Stroll üçlüsünü bir dəfəyə keçərək, qələbənin qapısını aralamışdı. Hətta, bu manevr azarkeşlər tərəfindən 2017-ci ilin ən gözəl ötməsi seçilmişdi.
1. İki qoçun başı bir qazanda qaynamaz.
Formula1 tarixində daha əvvəl iki sürücü arasında emosiyaların son həddə çatdığı çox olub. Amma dördqat Dünya Çempionu (Sebastyan Fettel) və üçqat Dünya Çempionu (Lyuis Həmilton) arasında ilk və tək belə hadisə Bakıda yaşanmışdı. 2017-ci ildəki yarışda təhlükəsizlik maşını rejimində Sebastyan Fettel əzəli rəqibi Lyuis Həmiltonun həmləsini səhv anlamış və Ferrari-sini rəqibinin Mercedes-i ilə bərabərləşdirərək, onu vurmuşdu. Nəticədə 10 saniyə dayan və get cəzası alan almaniyalı sürücü qələbəni də əldən vermişdi. Bu hadisəyə görə 2017-ci ilin Azərbaycan Qran Prisi Formula1 Oskarını qazanmışdı. Qeyd edək ki, Sebastyan Fettellə rəqibi Lyuis Həmiltonun bu təması hələ də Formula1-lə bağlı fraqmentlərdə yer alır.
Beləliklə, Azərbaycanda keçirilən yarışlardan ən maraqlı anları sizinçün yazdıq. Düzdür, Azərbaycandakı yarışda başqa maraqlı anlar da olub. Məsələn, Valtteri Bottasın 2018-ci ildə son dövrələrdə qələbəni əldən verməsi və bir ildən sonra yarım qalmış işini bitirib qələbə qazanması kimi… Ancaq biz sizə ən maraqlı və ən yaddaqalan 5 anı – Ən maraqlı podium, ən maraqlı sonaqədər mübarizə, ən maraqlı radio danışığı, ən maraqlı ötmə və ən maraqlı insident- seçdik. Bəs 2020-ci ildə necə? Yenə maraqlı anlarla dolu bir yarış izləyə biləcəyikmi? Bunun üçün təxminən 4 ay gözləməliyik.