Beşinci Azərbaycan Qran Prisində bizi nə gözləyir?

Azərbaycan Qran Prisi birillik fasilədən sonra yenidən təqvimə qayıdır. Əvvəlki illərdə burada maraqlı və unudulmaz yarışların şahidi olmuşduq. Hər an sürprizlərə açıq olan Bakı Şəhər Halqasında bu il bizi nə gözləyir? Bu yazımızda bu barədə danışacağıq.

Red Bull Bakıya bütün cəbhələrdə lider olaraq gəlir.

Red Bull komandası Monakoda Maks Ferstappenlə qalib gələrək, 2013-cü ildən sonra ilk dəfə həm Sürücülər Çempionatında, həm də Mühəndislər Kubokunda liderliyə yüksəldi. İndi isə bu tempi davam etdirmək lazımdır. Maks Ferstappen iki həftə əvvəl Monakodakı ilk qələbəsini bayram etmişdi. Hollandiyalı sürücü daha əvvəl Bakıda da nəinki yarış, heç podium da qazana bilməyib. Hollandiyalı sürücü Monakoda olduğu kimi paytaxtımızda da şeytanın qıçını qıra bilər? Niyə də yox? 23 yaşlı pilotun əlində hazırda çox güclü bolid var. Red Bull-un builki bolidi RB16B Bakıda qələbəyə imkan verir.

Komandamızın digər sürücüsü Serxio Peresə “Bakı yollarının mütəxəssisi” deyə bilərik. O, daha əvvəl Force İndia komandası ilə Bakıda iki podium qazanıb. İndi isə əlində RB16B kimi mükəmməl paket var. Düzdür, meksikalı sürücü bolidə uyğunlaşmaqda çətinlik çəkdiyi üçün mövsümə elə də ideal başlanğıc edə bilməyib. Onun bu il əldə etdiyi ən yaxşı nəticə Portuqaliya və Monakodakı dördüncülüklər olub. Lakin Çeko çox sevdiyi Bakıda ilk podiumunu, hətta Red Bull ilə ilk qələbəsini əldə edə bilər. Bəlkə də, Bakı yarışı onun üçün mövsümün dönüm nöqtəsi olar.

Mercedes Bakıdakı hegemonluğunu davam etdirə biləcək?

Mercedes daha əvvəl Bakıda keçirilən 4 yarışın 3-də qalib gəlib. “Gümüşü Oxlar” sonuncu Monako yarışından sadəcə 7 xal toplaya biliblər. Bu da Bakıda onların üzərinə əlavə təzyiq yükləyir. Alman təmsilçisinin sürücüləri Lyuis Həmilton və Valtteri Bottas daha əvvəl Bakıda yarış qazanıblar. Ümumilikdə isə, Bottas əvvəlki illərdə Bakı Şəhər halqasında yaxşı təsir bağışlayıb. Bu mövsüm də bitiridiyi 3 yarışın hamısında podium əldə edib. Buna görə finlandiyalı sürücünü ciddiyə almaq lazımdır.

Maks Ferstappenin çempionatdakı əsas rəqibi Lyuis Həmilton isə Monakoda 7-ci olaraq, çempinatdakı liderliyi əldən verib. Bu hal yeddiqat Dünya Çempionunun üzərinə əlavə təzyiq yükləməklə bərabər ona motivasiya da verəcək. Keçmişdə Həmiltonun belə hallarda daha aqressiv və qəddar olduğunu görmüşük. Buna görə də, Bakıda bizi iki Red Bull və iki Mercedes sürücüləri arasında amansız qələbə mübarizəsi gözləyir. Ya Mercedes Bakıdakı 4-cü qələbəsini qazanacaq ya da Red Bull 2-ci zəfərini əldə edəcək.

Orta Qrupa gəldikdə burada bizi ilk olaraq AlphaTauri komandası maraqlandırır. Red Bull-un kiçik qardaşı sayılan bu komanda mövsümə ideal başlaya bilməyib. Komandanın pilotları olan Pyer Qasli və Yuki Tsunoda ilk yarışlarda problemlərlə üzləşiblər. Lakin Qasli Bakı yarışını bir dönüm nöqtəsi olaraq görür. 2019-cu ildə Red Bull ilə Bakıda 5-ci olan Pyer, 2 həftə əvvəl Monakoda əfsanəvi Lyuis Həmiltonu arxasında saxlayaraq, 6-cı olmuşdu. Buna görə də fransalı sürücü Bakıya yüksək əhval-ruhiyyədə gələcək və orta qrupun əsas favoritlərindən olacaq.

Yuki Tsunoda isə Bəhreyndə 2 xal qazandıqdan sonra sözün əsl mənasında itib-batıb. Son 4 yarışda xalsız qalan debütant sürücünün ilk dəfə yarışacağı Bakı Şəhər Halqasındakı performansı müəmmalıdır. Lakin gənc samuray Bakıda xal və ya xallar qazanaraq, ona qarşı olan tənqidlərə son qoya bilər.

McLaren və Ferrari isə orta qrupun iki favorit komandalarıdır. Bakının uzun düzlükləri Mercedes motoru istifadə edən McLaren-ə kömək edə bilər. Bu mövsüm iki dəfə podium qazanan Lando Norris, Bakıda növbəti dəfə fəxri kürsüyə yüksəlmək üçün fürsət axtaracaq.

McLaren-in digər sürücüsü Daniel Rikkardo isə 2017-ci ildə qazandığı Bakı yarışında növbəti dəfə möcüzə edə bilər. Monako yarışında xalsız və komanda yoldaşından bir dövrə geri qalan “Bal Porsuğu” ləqəbli sürücü çox sevdiyi Bakıda köhnə günlərinə qayıda bilər.

Ferrari komandasının Bakıda uğurlu olacağını gözləmirəm, çünki İtaliya təmsilçisinin motorları düzlüklərdə çox da sürətli deyil. Tiffozilər Bakıda uğur qazanmasına yalnız Təhlükəsizlik Maşını kömək edə bilər.
Aston Martin və Alpine komandaları isə Bakıda orta qrupun ən zəif bəndləri kimi görünürlər. Lakin Aston Martin-dən Sebastyan Fettel Monakoda mükəmmələ yaxın performansla 5-ci olmuşdu. Onun komanda yoldaşı Ləns Stroll isə daha əvvəl Bakıda podiuma yüksələ bilib. Buna görə də Aston Martin Bakı yarışında rəqiblərinə başağrısı ola bilər.
Alpine komandasından Fernando Alonso bu yarışda diqqət mərkəzində olacaq, çünki o həm ikiqat Dünya Çempionu, həm də Bakı Şəhər Halqasının sabiq ulduz səfiridir. Azərbaycanı çox sevdiyini deyən Fernando Alonso paytaxtımızda uğursuz zolaqdan çıxa bilər.

Son söz

Bakı Şəhər Halqasında keçirilən 4 yarışın 4-də də fərqli sürücülər qalib gəliblər. Bundan başqa yarışların 3-də podiuma heç kimin gözləmədiyi bir sürücü çıxıb. Bu il komandaların arasında fərqin az olmasına görə paytaxtımızda növbəti gözlənilməz podiumu görə bilərik. Bəs Bakıdakı beşinci yarışda beşinci fərqli qalib olacaqmı? Kim? Ferstappen, Peres, Norris, Lekler, Fettel yoxsa Sayns? Bunun cavabını bazar günü biləcəyik.

(c) Red Bull Azərbaycan

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*