Çox güman ki, komandaların çoxu təqdimatı ən son günədək təxirə salmaqla, yeni maşınlarını Barselonada keçiriləcək ilk mövsümöncəsi testlər ərəfəsində göstərəcəklər. İlk testlər Katalunya trasında fevralın 22-də başlayacaq, lakin istisna deyil ki, biz yeni Ferrari-ni gələn həftənin ilk günü görəcəyik.
Skuderiyanın mətbuat xidməti rəsmi Twitter bloqunda maraqlı xəbər paylaşıb: “Biz elə bir şey hazırlayırıq ki, heç vaxt beləsi olmamışdı. Siz hazırsınız? #ReadySetRed“.
F-1.az bildirir ki, xəbərlə birlikdə komandanın rəsmi saytında olan xüsusi səhifəyə keçid də paylaşılıb, həmin səhifədə isə gerisayım başlayıb. İstisna deyil ki, bu zaman göstəricisi məhz yeni maşının təqdimatına qalan vaxtdır. İstənilən halda, beş gün gözləməyimiz lazımdır…