Belçika Qran Prisi: Yarış

Quru. Buludlu. Havanın temperaturu +23° C, trasın temperaturu +34° C Spada həmişə havadan danışırlar, amma bu dəfə vəziyyət tam fərqli […]

Quru. Buludlu. Havanın temperaturu +23° C, trasın temperaturu +34° C

Spada həmişə havadan danışırlar, amma bu dəfə vəziyyət tam fərqli idi – həftəsonu çox isti və günəşli olub, yağış isə sürücülərin işinə mane olmayıb.

Məşqlərdə və sıralanma turunda Mercedes AMG sürücüləri dominantlıq ediblər – poulu Lyuis Həmilton inamla qazanıb: Lyuis komanda yoldaşını yarım saniyə qabaqlayıb! Amma start düzlüyünün formalaşması zamanı bir çox cərimələri nəzərə almaq lazım gəlib.

Startda Qrojan və Rəykkönen 5 yer, Ferstappen 10 yer, Batton 50 yer və Alonso 55 yer itirməli idilər. McLaren Honda həftəsonu ərzində güc qurğusunun elementlərini iki dəfə dəyişməyi qərara almışdılar ki, cərimələri məhz onların maşınlarına uyğun gəlməyən trasda alsınlar. Bu rəcimələrdən sürücülər elə də çox yer itirməyəcəkdilər, çünki təxirə salınan cərimələr keçən ay ləğv olundu, ona görə də tam cəriməni yalnız Qrojan çəkməli olub.

Startda ilk cərgədə Həmilton və Rosberq dayanıblar, ikinci cərgədən Bottas və Peres start almalı olublar. Belçikada 900-cü startına çıxan Ferrari-dən ən yaxşı nəticə göstərən Fettel Qrojanın cəriməsi sayəsində 8-ci yerdən yarışa başlamalı idi. Ümumiyyətlə, ilk onluqda 7 maşında Mercedes motoru çalışırdı.

Pirelli Spaya orta təkər cütlüyünü – Medium və Soft tərkiblərini gətirib. Daha yumşaq Soft sürətdə aşkar sürət təmin etsə də, uzun məsafədə bu təkərlərin yeyilməsini dəyərləndirmək məşqlərdə mümkün olmayıb – cümə günü məşqlər qırmızı bayraqlarla dayandırıldığından komandalar yarışa təkər seçimini yarışın gedişində müəyyən etməli idilər.

Spadan başlayaraq FİA start prosedurunun qaydalarına da dəyişiklik edib – start düzlüyündə olan sürücüyə kənardan ilişmə muftasının işləməyi barədə heç bir məlumat vermək olmazdı. Məşqlərdə sürücülər start prosedurunu dəfələrlə test etmişdilər, amma yarış şəraitində hələ heç kim bu cür start almamışdı.

Qızdırma dövrəsində Niko Hülkenberq motorun gücünün itməsindən gileylənib, komanda əvvəlcə onu boksa çağırsa da, sonradan start düzlüyünə getməsini əmr edib. Niko start düzlüyündə öz yerini tutub, amma işıqforun qırmızı işıqları yanmağa başlayanda Niko əllərini qaldırmaqla problem yaşadığını bildirib. Sürücülər əlavə qızdırma dövrəsinə yollanıblar, Nikonun maşınını isə boksa itələyiblər.

Bu dəfə isə Sayns eyni problemlə mexaniklərinə gileylənib – mexaniklər onu boksa çağırıblar. Nasr, Alonso və Batton Medium, digər sürücülər isə Soft təkərlərlə starta çıxıblar.

Startda Həmilton liderliyini qoruyub saxlayıb, Rosberq isə 3 yer itirib. İkinciliyə yüksələn Peres hətta Həmiltona hücum edib, bir döngədə irəli çıxsa da, növbəti döngədə Lyuis liderliyi özünə qaytarıb. Rosberq və Fettel isə Bottası qabaqlayıblar. 2-ci dövrədə Maldonado mübarizəni dayandırıb. Boksdan start alan Sayns trasa çıxıb. 3-cü dövrənin əvvəlində Kvyat Eriksonu üstələyərək 9-cu yerə yüksəlib. 3-cü dövrənin sonunda ilk onluq: Həmilton – Peres – Rikkardo – Rosberq – Fettel – Bottas – Qrojan – Massa – Kvyat – Erikson.

4-cü dövrədə Ferstappen, 5-ci dövrədə isə Rəykkönen Eriksonu üstələyiblər. Həmilton isə Peresdən uzaqlaşıb. Rikkardo tədricən Serxio ilə fərqi azaldıb. 6-cı dövrədə Kvyat Massanı da keçərək 8-ci yerə qalxıb. Elə həmin dövrədə Rikkardo boksa yollanıb, Qrojan isə Bottası üstələyib – finlandiyalı sürücü dövrənin sonunda boksa yollanıb. Amma mexaniklər səhvə yol veriblər – maşına 3 Soft və 1 Medium təkər taxılıb: yarışın gedişində stüardlar Bottası pit-leyndən keçməklə cəzalandırıblar.

10-cu dövrədə Qrojan, Kvyat, Massa, Ferstappen və Erikson boksa yollanıblar. Bir dövrə sonra Ferstappen Nasrı effektiv manevrlə keçib, Felipe bundan sonra boksa yollanıb. 12-ci dövrədə Rəykkönen pit-stop edib, Peres isə Rikkardonu üstələyərək 4-cü yerə yüksəlib. 13-cü dövrədə batton və Rosberq təkərlərini dəyişiblər. Niko trasa Pereslə yanaşı qayıdıb. Serxio önə keçmək istəsə də, Niko buna imkan verməyib və meksikalı sürücüdən uzaqlaşıb. 14-cü dövrədə Həmilton, 15-ci dövrədə Fettel yeni təkər dəstinə keçiblər – Bottas isə cəriməsini çəkmək üçün pit-leynə yönəlib. 16-cı dövrənin sonunda ilk onluq: Həmilton – Rosberq – Peres – Rikkardo – Qrojan – Fettel – Kvyat – Massa – Rəykkönen – Ferstappen.

18-ci dövrədə Qrojan Rikkardonu üstələyərək Peresin ardınca yollanıb və 20-ci dövrədə onu da keçərək üçüncülüyə yüksəlib. Elə bu zaman Rikkardo son döngənin çıxışında dayanmalı olub – maşında elektronik problemlər yaşanıb. Çarli Uaytinq Virtual Təhlükəsizlik Maşını rejimi elan edib. Fürsətdən istifadə edən – Alonso, Batton, Bottas, Peres, Qrojan, Massa, Rəykkönen və Ferstappen təkərlərini dəyişiblər. Rikkardonun maşını operativ təxliyyə olunub və 22-ci dövrədə restart elan olunub.

23-cü dövrədə Bottas Eriksonu ötərək ilk onluğa daxil olub. 24-cü dövrənin sonunda ilk onluq: Həmilton – Rosberq – Fettel – Qrojan – Kvyat – Peres – Massa – Rəykkönen – Ferstappen – Bottas.

Rosberq Həmiltonla fərqi 2 saniyəyə salıb, amma Lyuis tempi qaldırıb və yenidən uzaqlaşıb. Avtodromun səmasını isə qara buludlar örtüb, asfaltın temperaturu aşağı düşüb, amma finişə qədər yağış yağmayıb.

26-cı dövrədə Sayns, 28-ci dövrədə Kvyat və Nasr, 29-cu dövrədə Erikson sonuncu pit-stoplarını gerçəkləşdiriblər. Kvyat dərhal Bottası üstələyərək 9-cu yerə qayıdıb. 31-ci dövrədə Həmilton, 32-ci dövrədə Rosberq, 33-cü dövrədə Ferstappen boksa yollanıblar. Sayns mübarizəni dayandırmalı olub. 35-ci dövrənin sonunda ilk onluq: Həmilton – Rosberq – Fettel – Qrojan – Peres – Massa – Rəykkönen – Kvyat – Bottas – Ferstappen.

37-ci dövrədə Kvyat Rəykköneni də keçib. Daha 3 dövrə sonra isə Massanı da arxada qoyub, növbəti dövrədə rusiyalı sürücü Peresi də üstələyərək 5-ci yerə qalxıb.

Ferrari-nin strateqləri Fettel üçün 1 pit-stoplu strategiya seçiblər. Son dövrələrdə Qrojan almaniyalı sürücüyə hücumlara başlayıb, amma finişə 2 dövrə qalmış Fettelin maşınında arxa sağ təkər partlayıb – cümə günü məşqlərdə Rosberq də oxşar insident yaşamışdı.

Son dövrədə Ferstappen Rəykkönenə hücum edərək önə çıxıb, amma maşını saxlaya bilməyib və mövqeni qaytarıb.

Lyuis Həmilton isə Spada qələbə qazanıb – karyerasında 39-cu, mövsümdə isə 6-cı. Niko Rosberq finiş xəttini keçməklə komandasına mövsümdə 7-ci qələbə dublu qazandırıb. Roman Qrojan isə mövsümdə ilk dəfə podiuma qalxıb.

F-1.az xatırladır ki, İtaliya Qran Prisi iki həftədən sonra əfsanəvi Monsa trasında baş tutacaq…

Yer Pilot Komanda Motor Vaxt
01 L.Həmilton Mercedes AMG Mercedes 1:23.40.387
02 N.Rosberq Mercedes AMG Mercedes + 0:02.058
03 R.Qrojan Lotus Mercedes + 0:37.988
04 D.Kvyat Red Bull Renault + 0:45.692
05 S.Peres Force İndia Mercedes + 0:53.997
06 F.Massa Williams Mercedes + 0:55.283
07 K.Rəykkönen Ferrari Ferrari + 0:55.703
08 M.Ferstappen Toro Rosso Renault + 0:56.076
09 V.Bottas Williams Mercedes + 1:01.040
10 M.Erikson Sauber Ferrari + 1:31.234
11 F.Nasr Sauber Ferrari + 1:42.311
12 S.Fettel Ferrari Ferrari + 1 dövrə
13 F.Alonso McLaren Honda + 1 dövrə
14 C.Batton McLaren Honda + 1 dövrə
15 R.Merhi Manor Ferrari + 1 dövrə
16 U.Stivens Manor Ferrari + 1 dövrə
K.Sayns Toro Rosso Renault
D.Rikkardo Red Bull Renault
P.Maldonado Lotus Mercedes
N.Hülkenberq Force İndia Mercedes

Sürətli dövrə: Niko Rosberq (Mercedes AMG) – 1:52.416 (34-cü dövrə).

Turnir cədvəli:

Yer Pilot Komanda Motor Xal
01 L.Həmilton Mercedes AMG Mercedes 227
02 N.Rosberq Mercedes AMG Mercedes 199
03 S.Fettel Ferrari Ferrari 160
04 K.Rəykkönen Ferrari Ferrari 82
05 F.Massa Williams Mercedes 82
06 V.Bottas Williams Mercedes 77
07 D.Kvyat Red Bull Renault 57
08 D.Rikkardo Red Bull Renault 51
09 R.Qrojan Lotus Mercedes 38
10 M.Ferstappen Toro Rosso Renault 26
11 S.Peres Force İndia Mercedes 25
12 N.Hülkenberq Force İndia Mercedes 24
13 F.Nasr Sauber Ferrari 16
14 P.Maldonado Lotus Mercedes 12
15 F.Alonso McLaren Honda 11
16 K.Sayns Toro Rosso Renault 09
17 M.Erikson Sauber Ferrari 07
18 C.Batton McLaren Honda 06
19 R.Merhi Manor Ferrari 0
20 U.Stivens Manor Ferrari 0
21 K.Maqnussen McLaren Honda 0

Mühəndislər Kuboku:

Yer Komanda Motor Xal
01 Mercedes AMG Mercedes 426
02 Ferrari Ferrari 242
03 Williams Mercedes 161
04 Red Bull Renault 108
05 Lotus Mercedes 50
06 Force İndia Mercedes 49
07 Toro Rosso Renault 35
08 Sauber Ferrari 23
09 McLaren Honda 17
10 Manor Ferrari 0
, , , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*