Keçən il olduğu kimi, Pirelli şirkəti Belçika Qran Prisinə orta tərkib cütlüyünü – Medium və Soft tərkiblərini gətirəcək. F-1.az xatırladır ki, keçənilki yarışda sürücülər iki pit-stop taktikasından yararlanmışdılar…
Pol Hembri, Pirelli Motorsport: “Spaya biz yay tətilindən əvvəl Hunqarorinqdə istifadəe tdiyimiz təkər tərkiblərini gətirəcəyik – qeyd edək ki, son yarış mövsümün ən maraqlı yarışı olmuşdu. Düzdür, Spa trası əvvəlki trasdan köklü fərqlənir.
Macarıstan trasının konfiqurasiyası gərgin və döngəlidir, Spada isə açıq və sürətlidir, ona görə də sürücülər bu trası çox sevirlər. Təkərlərin yüklənməsi olduqca yüksəkdir, amma hava, adətən, soyuq olur, ona görə də Medium və Soft tərkibləri effektivlik və resurs arasında ən yaxşı kompromis olmalıdır.
Formula1 yarışı zamanı Spada hər şey ola bilər, Təhlükəsizlik Maşınının trasa çıxma ehtimalı da yüksəkdir, hava şəraiti də sürpriz edə bilər. Yarış məsafəsində təkərlərdən istifadə strategiyası və komandanın hadisələrin necə cərəyan etməsini görmək qabiliyyəti böyük əhəmiyyət kəsb edəcək…”