Belçika-2023: Mövsümün ilk hissəsinin yekunu

Belçika Qran Prisi ilə mövsümün ilk hissəsinə yekun vurulub. Komandalar artıq yay fasiləsindədirlər və bəzilərini növbəti yarışlarda azından ikincilik uğrunda çətin mübarizə gözləyir.

F-1.az olaraq həm Belçikada baş tutan son yarış həftəsonunda baş verənlər barədə məlumat verəcəyik, həm də mövsümün ilk hissəsinə yekun vuracağıq.

Adətən mövsümün ikinci hissəsinin açılış yarışı olan Belçika Qran Prisi bu dəfə ilk hissənin yekunu rolunu üzərinə götürüb. Çempionatın iştirakçıları isti yay mövsümündə sərin havada yarışmaq imkanı qazanıblar.

Həftəsonunun yeganə sərbəst yürüşündə Karlos Sayns qələbə qazansa da, həm sıralanma turunda, həm sprint yarışının sıralanma turunda, həm də sprint yarışında Maks Ferstappen hamıdan sürətli olub.

Pirelli buraya orta üçlüyü – C3, C4 və C5 tərkiblərini gətirsə də, onlardan istifadə yağışa görə demək olar ki, mümkün olmayıb.

Ferstappen ötürmələr qutusunu dəyişdirdiyi üçün 5 yerlik cəza alıb, buna görə də yarışa ilk cərgədən Lekler və Peres, ikinci cərgədən Həmilton və Sayns, üçüncüdən isə Piastri və Ferstappen başlayıb.

Artıq startdaca Peres Lekleri üstələyərək liderliyi ələ keçirib. Piastri qəza edib və yarışı dayandırıb. Gözlənildiyi kimi, Maksın yüksəlməyi gecikməyib. O, önündəki rəqiblərini ardıcıllıqla ötərək artıq onuncu dövrədə ikinci yerə yüksələrək komanda yoldaşını təqib etməyə başlayıb.

Red Bull öndə getdiyi üçün Peresi komanda yoldaşından 1 dövrə tez pitə çağırıb, lakin meksikalı sürücünün üstünlüyünü qoruması üçün bu da kifayət etməyib. Maks 17-ci dövrədə liderliyi ələ keçirib.

19-cu dövrədə trasa bir neçə yağış damcısı düşsə də, sonradan dayanıb. Sayns 24-cü dövrədə müxaniki problemlərə görə mübarizədən çəkilməli olub.

Həmilton son dövrələrdə yaranmış vəziyyətdən istifadə edərək sürətli dövrə vura bilmək üçün boksa qayıdıb.

Maks Ferstappen ardıcıl 8-ci, mövsümdə 10-cu, karyerasında isə 45-ci qələbəsini qazanıb. Bu, eyni zamanda Red Bull-un ardıcıl 13-cü zəfəridir və rekord göstəricidir. Serxio Peres ikinci olaraq komandaya mövsümdə beşinci qələbə dublunu qazandırıb. Podiumun son pilləsi isə Şarl Leklerin olub.

İndi isə mövsümün ilk hissəsinə ümumi nəzər salaq.

Red Bull

2021-ci ildə büdcə limitini aşdığı üçün bu ilə cərimələrlə başlayan komandanın buna rəğmən liderlər qrupunda olacağı gözlənilən idi, lakin bu qədər böyük üstünlüyü heç kim proqnozlaşdırmırdı. Çünki Red Bull-un builki maşın-sürücü tandemini tarixin ən yaxşısı da hesab etmək olar.

Geridə qalan 12 yarışın hamısında, o cümlədən baş tutan hər iki sprint yarışında məhz bu komandanın sürücüləri qalib gəliblər. Ardıcıl 8 qələbə qazanan Ferstappen doğma azarkeşləri önündə bu seriyanı davam etdirərsə, Sebastyan Fettelin rekorduna ortaq olacaq.

Üstünlük o qədər böyükdür ki, Ferstappen tək başına digər bütün komandalardan daha çox xal qazanıb – Red Bull-un ən yaxın təqibçisi Mercedes-i 67 xal üstələyir. Komandanın mövsümün davamında da üstünlüyünü qoruyacağı şübhə doğurmur. Artıq hər iki kuboku təmin etdiklərini deyə bilərik və onları artıq yalnız statistika maraqlandıracaq.

Mercedes

Mövsümə Red Bull və Aston Martin-in, hətta demək olar ki, Ferrari-nin gerisində başlayıblar, lakin komandanın qalib ruhu, uzun illərdən gələn təcrübə onları ikinci komanda vəziyyətinə gətirib. Düzdür, bu keçənilki ilə müqayisədə bir qədər gec oldu. Komanda artıq yeni konseptə keçib və növbəti illərdə bunu inkişaf etdirərək Red Bull-a başağrısı ola bilərlər.

Aston Martin

Mövsümə möhtəşəm başlayan komanda demək olar ki, güc nisbətində bariz ikinci idi. Fernando Alonso hətta ilk 8 yarışda 6 dəfə podiuma yüksəlmək imkanı da əldə etmişdi. Lakin inkişaf tempində rəqiblərinə uduzduqları görünür ki, bu da bir çox mütəxəssis tərəfindən proqnozlaşdırılırdı.

İlk 8 yarışda o statistikanı əldə edən Fernando son 4 yarışda ən yaxşı halda beşinci ola bilib. Hər nə qədər Mühəndislər Kubokunda hazırda üçüncü yerdə olsalar da, potensial beşinci komanda kimi görünürlər və bu gedişlə azı 2 mövqe də itirə bilərlər…

Ferrari

Keçən ilə qələbələr, çox sayda podiumlar, saysız poullarla başlayan italyanlar bu il eynisini təkrarlaya bilmirlər. Yəni, keçən mövsümü harada başa vurmuşdularsa, hazırda da ordadılar. Lakin mövsümün gedişində inkişaf tempində Mercedes-ə uduzsalar da, Aston Martin-i xeyli üstələyiblər.

Karlos Sayns stabil çıxışı ilə yadda qalsa da, Ferrari-nin əldə etdiyi hər üç podium Şarl Leklerdən gəlib. Mövsümün davamında da komandanın qələbə üçün yox, məhz podium üçün mübarizə aparacağı gözləniləndir.

McLaren

Mövsümə son illərdəki zəif çıxışı ilə başlayan britaniyalı komandadan artıq heç kim heç nə gözləmirdi, çünki uzun illərdir ki, uğur unudulub. Təbii ki, bir neçə uğurlu yarışı saymazsaq.

Lakin Britaniya yarışına gətirilən yeniliklər onları sürpriz şəkildə ən yaxşı ikinci komanda mövqeyinə gətirib. Bunun yenə təsadüfi olduğunu demək olardı, lakin Macarıstanda da eyni mənzərəni görməmiz artıq komandanın real uğurundan xəbər verib. Xaotik Belçika həftəsonunda da zəif deyildilər və mövsümün ikinci hissəsinə rənq qatacaqlarını gözləmək olar.

Digər beş komanda barədə qeyd edilməli xüsusi bir şey yoxdur. Alpine-də ciddi dəyişikliklər olub və Aston Martin-ə çatmaq potensialları var. Məhz buna görə onları digər dördündən ayırmaq olar.

Belçika Qran Prisinin nəticəri

Yer N Sürücü Komanda Zaman Pit
1 1 Maks Ferstappen Red Bull 1:22.30.450 2
2 11 Serxio Peres Red Bull + 0:22.305 2
3 16 Şarl Lekler Ferrari + 0:32.259 2
4 44 Lyuis Həmilton Mercedes + 0:49.671 3
5 14 Fernando Alonso Aston Martin + 0:56.184 2
6 63 Corc Rassell Mercedes + 1:03.101 1
7 4 Lando Norris McLaren + 1:13.719 2
8 31 Esteban Okon Alpine + 1:14.719 2
9 18 Ləns Stroll Aston Martin + 1:19.340 1
10 22 Yuki Tsunoda AlphaTauri + 1:20.221 2
11 10 Pyer Qasli Alpine + 1:23.084 1
12 77 Valtteri Bottas Alfa Romeo + 1:25.191 2
13 24 Quanyu Çjou Alfa Romeo + 1:35.441 2
14 23 Aleksander Elbon Williams + 1:36.184 3
15 20 Kevin Maqnussen Haas + 1:41.754 2
16 3 Daniel Rikkardo AlphaTauri + 1:43.071 2
17 2 Loqan Sarcent Williams + 1:44.476 3
18 27 Niko Hülkenberq Haas + 1:50.450 2

 

Sürətli dövrə: Lyuis Həmilton (Red Bull) – 1:47.305  (44-cü dövrə, 234.978 km/saat)

MÜBARİZƏNİ DAYANDIRANLAR:

Sürücü Komanda Dövrə Səbəb
Karlos Sayns Ferrari 25 mexaniki problem
Oskar Piastri McLaren 1 qəza

 

SÜRÜCÜLƏRİN ÇEMPİONATI:

Yer N Sürücü Ölkə Komanda Xal
1 1 Maks Fertappen Oracle Red Bull Racing 314
2 11 Serxio Peres Oracle Red Bull Racing 189
3 14 Fernando Alonso Aston Martin Aramco Cognizant F1 Team 149
4 44 Lyuis Həmilton Mercedes-AMG PETRONAS F1 Team 148
5 16 Şarl Lekler Scuderia Ferrari 99
6 63 Corc Rassell Mercedes-AMG PETRONAS F1 Team 99
7 55 Karlos Sayns Scuderia Ferrari 92
8 4 Lando Norris McLaren F1 Team 69
9 18 Ləns Stroll Aston Martin Aramco Cognizant F1 Team 47
10 31 Esteban Okon BWT Alpine F1 Team 35
11 81 Oskar Piastri McLaren F1 Team 34
12 10 Pyer Qasli BWT Alpine F1 Team 22
13 23 Aleksander Elbon Williams Racing 11
14 27 Niko Hülkenberq MoneyGram Haas F1 Team 9
15 77 Valtteri Bottas Alfa Romeo F1 Team Stake 5
16 24 Quanyu Çjou Alfa Romeo F1 Team Stake 4
17 22 Yuki Tsunoda Scuderia AlphaTauri 3
18 20 Kevin Maqnussen MoneyGram Haas F1 Team 2

 

 

MÜHƏNDİSLƏR KUBOKU:

Yer Komanda Motor Xal
1 Oracle Red Bull Racing Honda RBPT 503
2 Mercedes-AMG PETRONAS F1 Team Mercedes 247
3 Aston Martin Aramco Cognizant F1 Team Mercedes 196
4 Scuderia Ferrari Ferrari 191
5 McLaren F1 Team Mercedes 103
6 BWT Alpine F1 Team Renault 57
7 Williams Racing Mercedes 11
8 MoneyGram Haas F1 Team Ferrari 11
9 Alfa Romeo F1 Team Stake Ferrari 9
10 Scuderia AlphaTauri Honda RBPT 3

 

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*