Belçika-2017: Sıralanma turu

Spada poulu qazanmağın çox böyük əhəmiyyəti yoxdur, çünki trasın konfiqurasiyası ötmələrə imkan verir. Lakin poul uğrunda mübarizə gərgin olub. Sərbəst yürüşlərdə Ferrari və Mercedes-in nəticələrinin sıx olması da sıralanma turunun belə keçəcəyindən xəbər verirdi.

F-1.az xatırladır ki, cümə günü ilk sessiyada qəza edən Massa ikinci sessiyanı buraxmalı olmuşdu, bu gün səhər baş tutan məşqlərdə isə yeni şassi ilə iştirak etmişdi.

Bu dəfə bir çox sürücü startda yer itirmə cəzası alıb. Güc qurğusu dəyişdirildiyi üçün Vandornun 35 yer itirəcəyi barədə xəbər vermişdik. Lakin daha sonra bu cəza böyüyərək 65 yerə çatıb. Sauber-in hər iki sürücüsü ötürmələr qutusunu dəyişdiklərinə görə, Massa isə üçüncü sessiyada sarı bayraqlar altında sürətini azaltmadığına görə 5 yer itirməklə cəzalandırılıb. Digər böyük cəza alan sürücü isə Daniil Kvyat olub – rus sürücü güc qurğusunun elementlərinin dəyişdirilməsinə görə 20 yer itirməli olub.

Pirelli Belçikada ən yumşaq üçlüyü – Soft, SuperSoft və UltraSoft tərkibləri gətirib. Cümə günü yağan yağış təkərlərin aşınmasını tam qiymətləndirməyə imkan verməyib. Lakin məlub olub ki, UltraSoft tərkib bir saniyə sürətlidir.

Birinci sessiyaya Mercedes və Ferrari sürücüləri SuperSoft, digər sürücülər isə UltraSoft təkərlərlə başlayıblar. Həmilton ilk cəhddən sonra lider olub – 1:44.184. Bir neçə sürücü maşının arxa tərəfinin vibrasiyasından şikayət edib. Strollun maşınının arxa qanadında problem yaranıb və komanda kanadalı sürücünü ikinci cəhdə buraxmayıb. Onunla yanaşı Massa, Kvyat və Sauber sürücüləri də mübarizəni dayandırıblar.

İkinci sessiyada hamı boksları UltraSoft təkərlərlə tərk edib. İlk cəhddə protokola başçılıq edən Həmilton ikinci dəfə daha sürətli olub – 1:42.927. Alonsononun maşınında mühərrik güc itirib və ispan sürücü ikinci cəhdini başa vurmadan boksa qayıdıb. Mübarizəni dayandıran sürücülər Alonso, Qrojan, Maqnussen, Sayns və Vandorn olublar.

Üçüncü sessiyanın ilk dəqiqəsində Palmer ötürmələr qutusundan yağ sızdığı üçün mübarizəni erkən başa vurmalı olub. Həmilton ilk cəhddə yenə hamıdan sürətli olub, ikinci cəhddə isə trasın rekordunu daha da yaxşılaşdırıb – 1:42.553. Rəykkönen öz sürətli dövrəsini Fettelin onun hava kisəsindən istifadə edə bilməsi üçün qurban verib. Nəticədə, alman sürücü ikinci yeri tutub.

Lyuis Həmilton mövsümdə 7-ci, karyerasında 68-ci poulunu qazanıb və Mixael Şumaxerə çatıb. Ross Braun ona Korinna Şumaxerin təbriklərini çatdırıb. Əgər Həmilton daha bir sıralanma turunda qalib gələrsə, Formula1 tarixinin ən çox poul qazanmış sürücüsü adını təkbaşına ələ keçirəcək.

Bottas üçüncü, Rəykkönen dördüncü olub. Üçüncü cərgə isə Red Bull sürücülərinindir. Sabah bizi xüsusilə də, yarışın startında gərgin mübarizə gözləyir…

Yer N Sürücü Komanda 1-ci sessiya 2-ci sessiya 3-cü sessiya
Yer Zaman Dövrə Yer Zaman Dövrə Zaman Dövrə
1 44 Lyuis Həmilton Mercedes AMG 1 1:44.184 5 1 1:42.927 6 1:42.553 7
2 5 Sebastyan Fettel Ferrari 2 1:44.275 3 5 1:43.987 3 1:42.795 7
3 77 Valtteri Bottas Mercedes AMG 5 1:44.773 6 2 1:43.249 6 1:43.094 7
4 7 Kimi Rəykkönen Ferrari 4 1:44.729 3 3 1:43.700 3 1:43.270 5
5 33 Maks Ferstappen Red Bull 3 1:44.535 3 4 1:43.940 3 1:43.380 6
6 3 Daniel Rikkardo Red Bull 6 1:45.114 3 6 1:44.224 3 1:43.863 6
7 27 Niko Hülkenberq Renault 8 1:45.280 6 9 1:44.988 6 1:44.982 3
8 11 Serxio Peres Force İndia 13 1:45.591 4 8 1:44.894 6 1:45.244 4
9 31 Esteban Okon Force İndia 7 1:45.277 4 10 1:45.006 6 1:45.369 4
10 30 Colion Palmer Renault 11 1:45.447 3 7 1:44.685 6 1
11 14 Fernando Alonso McLaren 14 1:45.668 6 11 1:45.090 5
12 8 Roman Qrojan Haas 15 1:45.728 6 12 1:45.133 6
13 20 Kevin Maqnussen Haas 12 1:45.535 6 13 1:45.400 6
14 55 Karlos Sayns Toro Rosso 9 1:45.374 6 14 1:45.439 6
15 2 Stoffel Vandorn McLaren 10 1:45.441 7 15 4
16 19 Felipe Massa Williams 16 1:45.823 7
17 26 Daniil Kvyat Toro Rosso 17 1:46.028 6
18 18 Ləns Stroll Williams 18 1:46.915 5
19 9 Markus Eriksson Sauber 19 1:47.214 6
20 94 Paskal Verlyayn Sauber 20 1:47.679 6
, , , , , , , , , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*