Berni Ekklstoun komandaları Milad bayramı münasibətilə həmişə orijinal açıqcalarla təbrik edir – açıqcalar xüsusi sifarişlə çox məhdud tirajla hazırlanır və özündə arxada qalan mövsümün həlledici anlarını əks etdirir.
Son iki ilin “açıqca qəhrəmanı” Lyuis Həmiltondur – keçən il buna səbəb britaniyalı sürücünün Felipe Massa ilə bir neçə dəfə toqquşması, bu dəfə isə Mercedes AMG komandasına keçidi olub.
Üçşüalı ulduz bəzəyən maşının sükanı arxasında Niki Lauda oturub, onun yanında Lyuisin oturmağa hazırlaşdığı oturacaqda dollar kissəsi təsvir olunub. Qarlı yolun kənarında qar adam obrazında Ekklstounun özüdür və çox təəccüblənib.
2011-ci il açıqcası
Lyuis Həmilton yola mismarlı lent ataraq Felipe Massanı gözləyir: “Lyuis Miladı gözləmir, sadəcə Felipeni gözləyir…”
2010-cu ilin açıqcası
Kristian Horner Mark Uebber və Sebastyan Fettel arasında püşk atır ki, titul uğrunda mübarizədə kimi dəstəkləsin, arxadan Fernando Alonso və Lyuis Həmilton püşkatmanın nəticəsini gözləyirlər: “Püşk heç də sən istədiyin kimi düşmür…”
2009-cu ilin açıqcası
Limandan uzaqlşan qayıqda Mario Tayssen (BMW), Con Hauett (Toyota) və Maks Mosli (FİA) oturublar, körpüdən onları komanda başçıları və FİA-nın yeni prezidenti Jan Todt yola salırlar. Quldur bayrağı olan qayıqda isə Flavio Briatore (Renault) bazuka ilə silahlanıb.
2008-ci ilin açıqcası
FİA-nın o zaman başçısı olan Maks Mosli məşhur qəzet qalmaqalında olduğu kimi qamçı ilə yüngül əxlaqlı qızları deyil, komanda başçılarını qamçılayır. Berni isə zərərçəkənlərə leykoplastır verir.
2007-ci ilin açıqcası
Məşhur casus qalmaqlında adları hallanan Ferrari-nin baş mühəndisi Naycel Stepni və McLaren-in baş mühəndisi Mayk Koflən McLaren-in başçısı Ron Dennisə üzərində Ferrari nişanı olan bağlama verirlər, Ron: “Mayk, bağışla, amma mən bunu götürə bilməyəcəm, bizim ənənəvi metodu yoxla.” Arxada isə Ferrari və McLaren komandalarının bazaları peyk antenləri ilə bir-birindən məlumat oğurlayırlar…