Bəhreyn Qran Prisinin təşkilatçıları qərara alıblar ki, bu il milli mərhələ keçirilməyəcək – əvvəlcə buna siyasi böhran, sonra isə komandaların mövqeyi mane olub. Dünən gecə yarışın təşkilatçıları bəyanat yayaraq bildiriblər ki, 2012-ci ildə mərhələnin qayıtmasına ümid edirlər…
Bəyanatda deyilir: “Biz Ümumdünya Şurasının qərarına sevinmişdik və oktyabrın 30-da Qran Prini keçirməyə tam hazır idik, amma tezliklə məlum oldu ki, bu mümkün deyil və komandaların mövqeyinə hörmət edirik.
Bəhreyn həmişə Yaxın Şərqdə Formula1-in yayılmasına və Qran Prinin yeni ölkələrdə keçirilməsinə çalışıb.
Bizim bu məsələdə mövqeyimiz həmişə konstruktiv olub, ona görə də idman maraqlarını üstün tutaraq, bu il Qran Prini keçirməyə cəhd etməyəcəyik. Biz ümid edirik ki, komandaları, sürücüləri və azarkeşləri gələn il ölkəmizdə salamlayacayıq və bütün tərəfdarlarımıza təşəkkür edirik.
Xüsusən də FİA, FOM, Bəhreyn federasiyasına və Formula1 komandalarına dəstəklərinə görə təşəkkür etmək istəyirik.”