F-1.az bildirir ki, yarış tarixinin dəyişdirilməsi bəzi fərqlərə də səbəb olub. Günəş nəin ki, əvvəlki kimi, yarış əsnasında, hətta startdan əvvəl batıb. Eyni zamanda sürücülər demək olar ki, dəyişməyən temperaturda yarışıblar.
Cümə günü baş tutan hər iki məşqdə Lyuis Həmilton hamıdan sürətli olub, dünənki son sərbəst yürüşlərdə isə Maks Ferstappen protokollara başçılıq edib. Poul mübarizəsinin qalibi də keçən yarışda 7-ci titulunu rəsmiləşdirən Lyuis Həmilton olub.
Pirelli buraya orta üçlüyü – C2, C3 və C4 tərkiblərini gətirib. Soft təkərlər olduqca sürətli aşındığından, ondan çox az istifadə edilib. İlk onluqda hər kəs Medium təkərlərlə yarışa start verib. Sayns Soft, Lekler, Qrojan və Latifi isə Hard təkərlərlə yarışa başlayıb.
Startda Həmilton yerini qoruyub Bottas isə geriləyib. Norris Okon ilə təmasda ön qanadını zədələyib. Əsas insident isə az sonra baş verib – Qrojan üçüncü döngədən çıxdıqdan sonra Kvyatla təmas yaşayıb və 221 km/saat kimi yüksək sürətlə trasın sağ tərəfindəki səddlə toqquşub. Zərbə o qədər qüvvətli olub ki, maşın dəmirlərin arasından keçib, yanacaq çəni olan yerdən ikiyə bölünüb, Qrojan ön hissə ilə birlikdə digər tərəfə düşüb. Dərhal güclü yanğın başlayıb.
Roman bir neçə saniyə sonra alovların arasından çıxa bilib. Ona dərhal kömək edilib və tibbi maşınla tibbi mərkəzə yola salınıb. Daha sonra isə Manamadakı başqa xəstəxanaya göndərilib. Bu ciddi qəzadan sadəcə əllərində və topuqlarındakı kiçik yanğılarla xilas olan Qrojanın səhhətində başqa problem aşkar edilməyib.
Yarış qırmızı bayraqlarla dayandırılıb. Bariyerin yenidən bərpa edilməsi prossesi başlanıb. Zədələnmiş hissə kəsilərək götürülüb və ora müvəqqəti beton blok konstruksiyaları qoyulub.
Fasilə 80 dəqiqə davam edib. FİA restartın yerindən verilməsi variantını seçib və sürücülərin qəzadan əvvəlki mövqeləri nəzərə alınıb. Bəzi sürücülər təkərlərini dəyişiblər. Restartdan əvvəl ilk onluq: Həmilton – Ferstappen – Peres – Bottas – Elbon – Rikkardo – Norris – Okon – Qasli – Fettel.
Restart zamanı Həmilton yenə də liderliyini əldən verməyib, Lekler isə Qaslini qabaqlayıb. Fettel komanda yoldaşı ilə təmas yaşamamaq üçün bir neçə mövqe itirməli olub. Bir qədər sonra Təhlükəsizlik Maşını (TM) trasa çıxıb. Kvyat bu dəfə Strolla təmas yaşayıb və kanadalı sürücünün maşını açıb. Ləns maşından özü çıxa bilib. Stüardlar insidentə görə Kvyata 10 saniyəlik cəza veriblər. Təkəri deşilən Bottas pit-stop etməli olub və 16-cı yerdə geri qayıdıb.
Restart 8-ci dövrədə verilib. İlk yerlərdə dəyişiklik olmayıb, Sayns Qasli və Rikkardonu qabaqlayıb. Sayns və Rikkardo bir qədər sonra Lekleri keçiblər. Fettel maşını idarə edə bilməməkdən şikayətlənib. 17-ci dövrədə Rikkardo, 18-ci dövrədə Okon, Kvyat və Rikkardo pit-stopa yollanıblar. Norris bir dövrə sonra təkərlərini dəyişib. Onları 20-ci dövrədə Həmilton və Elbon, 21-ci dövrədə Ferstappen, Peres, Covinatsi, Rassell və Fettel, 22-ci dövrədə isə Sayns və Latifi izləyib.
Peres 23-cü dövrədə üçüncü yer uğrunda mübarizədə Qaslini qabaqlayıb. Fransız sürücü bir dövrə sonra Elbon tərəfindən keçilib. Norris Bottası keçib və finlandiyalı sürücü 26-cı dövrədə növbəti pit-stopunu edib. Sayns Rikkardonu bir daha qabaqlayıb, sonra isə Okonu ötüb. 27-ci dövrədən sonra ilk onluq: Həmilton – Ferstappen – Peres – Elbon – Norris – Sayns – Okon – Rikkardo – Qasli – Lekler.
Bottas 32-ci dövrədə Lekleri keçərək ilk onluğa yüksəlib. İki dövrə sonra Kvyat, Ferstappen və Elbon təkərlərini dəyişiblər. Maksı pit-stop zamanı azı 3 saniyə gecikdiriblər. Həmilton da ondan 2 dövrə sonra pit yoluna yönəlib. Peres 38-ci dövrədə Saynsı keçib, Rikkardo isə komanda yoldaşını üstələyib. Bottas 39-cu dövrədə daha bir pit-stop edib. 43-cü dövrədə Lekler Covinatsini, Bottas Okonu, Fettel isə Maqnusseni geridə qoyub.
Sayns 51-ci dövrədə 6-cı yerə yüksəlib. İnamla podiuma doğru gedən Peres pis sürprizlə qarşılaşıb – 54-cü dövrədə MGU-K sıradan çıxıb və Serxio üçün mübarizə başa çatıb. Dərhal TM yenidən trasa daxil olub. Finişə az qaldığından, sürücülər mübarizəni elə TM arxasında başa vurublar.
Beləliklə, Lyuis Həmilton mövsümdə 11-ci, karyerasında isə 95-ci qələbəsini əldə edib. Maks Ferstappen ikinci yeri tutub və çempionatda Valtteri Bottasla olan fərqi xeyli azaldıb. Alekdander Elbon isə həm mövsümdə, həm də karyerasında ikinci podiumunu əldə edib. Red Bull qalan 2 yarışın nəticəsindən asılı olmayaraq, Mühəndislər Kubokunda ikinciliyi təmin edib.
Mübarizə gələn həftəsonu elə burada, trasın fərqli versiyasında davam edəcək.
Yer | N | Sürücü | Komanda | Zaman/Fərq | Pit |
1 | 44 | Lyuis Həmilton | Mercedes AMG | 2:59.47.515 | 2 |
2 | 33 | Maks Ferstappen | Red Bull | +1.254 | 4 |
3 | 23 | Aleksander Elbon | Red Bull | +8.005 | 3 |
4 | 4 | Lando Norris | McLaren | +11.337 | 2 |
5 | 55 | Karlos Sayns | McLaren | +11.787 | 3 |
6 | 10 | Pyer Qasli | AlphaTauri | +11.942 | 2 |
7 | 3 | Daniel Rikkardo | Renault | +19.368 | 2 |
8 | 77 | Valtteri Bottas | Mercedes | +19.680 | 3 |
9 | 31 | Esteban Okon | Renault | +22.803 | 3 |
10 | 16 | Şarl Lekler | Ferrari | +1 круг | 3 |
11 | 26 | Daniil Kvyat | AlphaTauri | +1 круг | 3 |
12 | 63 | Corc Rassell | Williams | +1 круг | 3 |
13 | 5 | Sebastyan Fettel | Ferrari | +1 круг | 3 |
14 | 6 | Nikolas Latifi | Williams | +1 круг | 3 |
15 | 7 | Kimi Rəykkönen | Alfa Romeo | +1 круг | 3 |
16 | 99 | Antonio Covinatsi | Alfa Romeo | +1 круг | 3 |
17 | 20 | Kevin Maqnussen | Haas | +1 круг | 4 |
Sürətli dövrə: Maks Ferstappen (Red Bull) – 1:32.014 (48-ci dövrə, 211.741 km/s)
MÜBARİZƏNİ DAYANDIRANLAR:
Sürücü | Komanda | Dövrə | Səbəb |
Serxio Peres | Racing Point | 54 | MGU-K |
Ləns Stroll | Racing Point | 3 | qəza |
Roman Qrojan | Haas | 1 | qəza |
SÜRÜCÜLƏRİN ÇEMPİONATI:
Yer | N | Sürücü | Ölkə | Komanda | Xal |
1 | 44 | Lyuis Həmilton | Mercedes AMG Petronas | 332 | |
2 | 77 | Valtteri Bottas | Mercedes AMG Petronas | 201 | |
3 | 33 | Maks Ferstappen | Aston Martin Red Bull Racing | 189 | |
4 | 3 | Daniel Rikkardo | Renault DP World F1 Team | 102 | |
5 | 11 | Serxio Peres | BWT Racing Point F1 Team | 100 | |
6 | 16 | Şarl Lekler | Scuderia Ferrari | 98 | |
7 | 4 | Lando Norris | McLaren F1 Team | 86 | |
8 | 55 | Karlos Sayns | McLaren F1 Team | 85 | |
9 | 23 | Aleksander Elbon | Aston Martin Red Bull Racing | 85 | |
10 | 10 | Pyer Qasli | Scuderia AlphaTauri Honda | 71 | |
11 | 18 | Ləns Stroll | BWT Racing Point F1 Team | 59 | |
12 | 31 | Esteban Okon | Renault DP World F1 Team | 42 | |
13 | 5 | Sebastyan Fettel | Scuderia Ferrari | 33 | |
14 | 26 | Daniil Kvyat | Scuderia AlphaTauri Honda | 26 | |
15 | 27 | Niko Hülkenberq | BWT Racing Point F1 Team | 10 | |
16 | 7 | Kimi Rəykkönen | Alfa Romeo Racing | 4 | |
17 | 99 | Antonio Covinatsi | Alfa Romeo Racing | 4 | |
18 | 8 | Roman Qrojan | Haas F1 Team | 2 | |
19 | 20 | Kevin Maqnussen | Haas F1 Team | 1 |
MÜHƏNDİSLƏR KUBOKU:
Yer | Komanda | Motor | Xal |
1 | Mercedes AMG Petronas F1 Team | Mercedes | 533 |
2 | Aston Martin Red Bull Racing | Honda | 274 |
3 | McLaren F1 Team | Renault | 171 |
4 | BWT Racing Point F1 Team | Mercedes | 154 |
5 | Renault DP World F1 Team | Renault | 144 |
6 | Scuderia Ferrari | Ferrari | 131 |
7 | Scuderia AlphaTauri Honda | Honda | 97 |
8 | Alfa Romeo Racing | Ferrari | 8 |
9 | Haas F1 Team | Ferrari | 3 |