Bəhreyn-2022: Yarış

Liberty Media gələndən sonra yeniliklər etməkdə çox cəsur davranır. Ən böyük yeniliklər keçən il üçün nəzərdə tutulsa da, koronavirusa görə bu ilə təxirə salınıb. Yeni reqlamentə uyğunlaşmaq heç də hamı üçün asan olmayıb.

F-1.az xatırladır ki, cümə günü ilk sərbəst yürüşlərin qalibi Pyer Qasli olsa da, növbəti iki sessiyada Maks Ferstappen hamıdan sürətli olub. Dünən baş tutan mövsümün ilk sıralanma turunda isə Şarl Lekler poulun sahibi olub.

Pirelli buraya ən sərt üçlüyü – C1, C2 və C3 tərkiblərini gətirib. Yarışa McLaren sürücüləri Medium, qalan bütün sürücülər isə Soft təkərlərlə başlayıblar. İlk cərgədən Lekler və Ferstappen, ikinci cərgədən Sayns və Peres, üçüncü cərgədən isə Həmilton və Bottas start alıb.

Start insidentsiz ötüşüb. Lekler liderliyini qoruyub, Həmilton və Maqnussen Peresi keçiblər. Bottas 8 sıra itirib, Rassell yüksəlib. Rikkardo son yerə yuvarlanıb. 2-ci dövrədən sonra ilk onluq: Lekler – Ferstappen – Sayns – Həmilton – Maqnussen – Peres – Rassell – Qasli – Alonso – Okon.

Maqnussen üçüncü dövrədə səhvə yol verib, Peres dərhal onu keçib. Onu 2 dövrə sonra Rassell keçib. Orta sıralarda da bir sıra yerdəyişmələr olub – artıq öndəki maşını izləmək və keçmək əvvəlkindən çox asandır. Bottas uzun mübarizədən sonra 8-ci dövrədə Elbonu qabaqlayıb. Peres 10-cu dövrədə Həmiltondan yerini geri alıb və ilk beşlik start aldığı ardıcıllıqla yarışa davam edib.

Çjou Elbonu ötüb, Həmilton və Alonso 12-ci dövrədə pit-stop dalğasını başladıblar. Həmilton sürüşüb və Çjou onu keçib. Onları Şumaxer 13, Elbon 14, Ferstappen, Sayns, Maqnussen, Qasli, Okon, Bottas və Latifi isə 15-ci dövrədə izləyib. Lekler, Rassell, Peres, Tsunoda və Çjou 16-cı dövrdə təkərlərini dəyişiblər.

Ferstappen 17-ci dövrədə düzlükdə Lekleri üstələyib, lakin Şarl dərhal yerini geri qaytarıb. Sonrakı 2 dövrədə də Maks eyni cəhdi edib, lakin Şarl yenə mövqeyini qaytara bilib. Niderlandlı sürücü son cəhdində təkərləri bloklayıb və bundan sonra tempi bir qədər aşağı düşüb. Bir qədər sonra ikinci pit-stoplar başlayıb. Alonso növbəti təkər dəyişimindən sonra Elbonu ötüb. Daha sonra isə Şumaxeri geridə qoyub.

Ferstappen 31-ci dövrədə növbəti dəfə pit yoluna üz tutub. Bir dövrə sonra Ferrari Lekleri çağırıb, ilk cəhddə olduğu kimi, bu dəfə də Lekler əsas rəqbinin bir qədər önündə trasa qayıdıb. Həmilton Maqnusseni keçib. Sayns, Peres, Rassell və Latifi 34-cü dövrədə təkərlərini dəyişiblər. Maks sürəti artırsa da, Lekler ona yaxınlaşmaq şansı verməyib. Bir dövrə sonra Rikkardo və Maqnussen pit-stop edib.

Şumaxer və Elbon da təkərlərini dəyişiblər, Maqnussen əvvəl Qaslini, daha sonra isə Çjounu üstələyib. Okon da komanda yoldaşını geridə qoyub. 40-cı dövrədən sonra ilk onluq: Lekler – Ferstappen – Sayns – Peres – Həmilton – Rassell – Maqnussen – Qasli – Okon – Alonso.

Alonso Tsunodan və Bottasdan da geri qalıb. İspan sürücü növbəti dəfə pit-stop edib. Ferstappen, Peres və Okon 44-cü dövrədə 3-cü dəfə yeni təkərlərə keçiblər. Sayns, Həmilton və Tsunoda da pit-stopa çağrılıb. 45-ci dövrədə Qasli yanan maşınını trasın düz kənarında saxlayıb və Təhlükəsizlik Maşını (TM) trasa çıxıb. Rassell, Rikkardo, Hülkenberq, Bottas, Çjou, Lekler, Stroll, Norris, Latifi və Maqnussen yeni Soft-lara keçiblər.

Restart 50-ci dövrədə verilib, Lekler mövqeyini qoruyub. Sayns Ferstappenə hücum etsə də, keçə bilməyib. İlk onluqda dəyişiklik olmayıb. Alonso Şumaxeri keçərək 11-ci olub. Bir qədər sonra Ferstappenin maşınında həm güc qurğusunda, həm sükanda problem yaranıb və ötən ilin çempionu sürətini azaldaraq pit yoluna üz tutub. Bir qədər sonra da Peres motorun güc itirməsindən şikayətlənib. Bir qədər sonra isə bu problemə görə yerində fırlanıb və mübarizəni dayandırıb. Hər iki maşında problem yanacağın az qalması zamanı nasosun mühərriyə yanacaq verməməsi olub.

Beləliklə, yeni eranın ilk yarışının qalibi Şarl Lekler olub. Bu, monakolu sürücünün karyerasında 3-cü qələbəsidir. Karlos Sayns ikinci olaraq Ferrari-yə 2019-cu ilin Sinqapur yarışından sonra ilk, ümumilikdə isə 85-ci dublunu qazandırıb. Lyuis Həmilton podiumun son pilləsinə yüksəlib. Red Bull yarışı xalsız başa vurub. Quanyu Çjou çıxdığı ilk yarışı xalla başa vurub.

Mübarizə gələn həftə Ciddədə davam edəcək!

Yer N Sürücü Komanda Zaman/Fərq Pit
1 16 Şarl Lekler Ferrari 1:37:33.584 3
2 55 Karlos Sayns Ferrari + 0:05.598 3
3 44 Lyuis Həmilton Mercedes AMG + 0:09.675 3
4 63 Corc Rassell Mercedes AMG + 0:11.211 3
5 20 Kevin Maqnussen Haas + 0:14.754 3
6 77 Valtteri Bottas Alfa Romeo + 0:16.119 3
7 31 Esteban Okon Alpine + 0:19.423 3
8 22 Yuki Tsunoda AlphaTauri + 0:20.386 3
9 14 Fernando Alonso Alpine + 0:22.390 3
10 24 Quanyu Çjou Alfa Romeo + 0:23.064 3
11 47 Mik Şumaxer Haas + 0:32.574 2
12 18 Ləns Stroll Aston Martin + 0:45.873 3
13 23 Aleksander Elbon Williams + 0:53.932 3
14 3 Daniel Rikkardo McLaren + 0:54.975 3
15 4 Lando Norris McLaren + 0:56.335 3
16 6 Nikolas Latifi Williams + 1:01.795 3
17 27 Niko Hülkenberq Aston Martin + 1:03.829 3

 

Sürətli dövrə: Şarl Lekler (Ferrari) – 1:34.570 (51-ci dövrə, 206.018 km/s)

 

MÜBARİZƏNİ DAYANDIRANLAR:

Sürücü Komanda Dövrə Səbəb
Serxio Peres Red Bull 56 Güc qurğusu
Maks Ferstappen Red Bull 54 güc qurğusu
Pyer Qasli AlphaTauri 45 elektrik sistemləri

 

 

SÜRÜCÜLƏRİN ÇEMPİONATI:

Yer N Sürücü Ölkə Komanda Xal
1 16 Şarl Lekler Scuderia Ferrari 26
2 55 Karlos Sayns Scuderia Ferrari 18
3 44 Lyuis Həmilton Mercedes-AMG Petronas F1 Team 15
4 63 Corc Rassell Mercedes-AMG Petronas F1 Team 12
5 20 Kevin Maqnussen Haas F1 Team 10
6 77 Valtteri Bottas Alfa Romeo F1 Team ORLEN 8
7 31 Esteban Okon Alpine F1 Team 6
8 22 Yuki Tsunoda Scuderia AlphaTauri 4
9 14 Fernando Alonso Alpine F1 Team 2
10 24 Quanyu Çjou Alfa Romeo F1 Team ORLEN 1

 

 

MÜHƏNDİSLƏR KUBOKU:

Yer Komanda Motor Xal
1 Scuderia Ferrari Ferrari 44
2 Mercedes-AMG Petronas F1 Team Mercedes 27
3 Haas F1 Team Ferrari 10
4 Alfa Romeo F1 Team ORLEN Ferrari 9
5 Alpine F1 Team Renault 8
6 AlphaTauri Red Bull Powertrains 4
, , , , , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*