Bəhreyn-2021: Yarış

İştirakçıların son yarımildə ən çox vaxt keçirdikləri yer Bəhreyndir desək, yanılmarıq. Keçən ilin sonunda iki yarışın burada baş tutmasından sonra, bir neçə həftə öncə mövsümöncəsi testlərə də bu kiçik ölkə ev sahibliyi edib.

F-1.az xatırladır ki, cümə və şənbə günlərində baş tutan hər üç sərbəst yürüşdə Maks Ferstappen bütün rəqiblərindən üstün olub. Maks üstünlüyünü sıralanma turunda da davam etdirib və mövsümün ilk yarışına pouldan qazanmaq haqqını əldə edib.

Yarışa ilk cərgədən Ferstappen və Həmilton, ikinci cərgədən Bottas və Lekler, üçüncü cərgədən isə Qasli və Rikkardo başlayıblar. Startda yer itirən yeganə sürücü Fettel olub – sıralanma turunda sarı bayraqlar altında sürətini azaltmayan alman sürücüyə 5 yer itirmək cəzası verilib.

Pirelli buraya orta üçlüyü – C2, C3 və C4 təkərlərini gətirib. İlk onluqdan Ferstappen, Həmilton, Bottas və Qasli orta təkərlərlə yarışa başlayıblar, yerdə qalan sürücülərdən isə yalnız Latifi, Rassell və Okon yumşaq təkərləri seçib.

Peresin maşını isinmə dövrəsinin sonunda dayanıb. Güc qurğusu sönüb, lakin onu yenidən işə salmaq mümkün olub. Buna görə də, daha bir isinmə dövrəsi vurulub, Peres isə start almaq üçün pit yoluna üz tutmalı olub.

Ferstappen startda liderliyini qoruyub, Lekler Bottası, Norris isə Rikkardonu keçib. Sayns geriləyib, Fettel isə sonuncu yerdən 14-cü yerə qədər yüksəlib. Mazepin ikinci döngədə səhvə yol verərək yoldan çıxıb və qəza edib. Təhlükəsizlik maşını trasa çıxıb. 2-ci dövrədən sonra ilk onluq: Ferstappen – Həmilton – Lekler – Bottas – Qasli – Norris – Rikkardo – Alonso – Stroll – Sayns.

Peres təkərlərini dəyişdirib, 3-cü dövrədə restart verilib. Maks yenə liderliyini əldən verməyib, Qasli isə Rikkardo ilə təmas yaşayaraq ön qanadını qırıb. VTM rejimi aktiv edilib, Qasli pit-stopa yollanmalı olub. Bottas 6-cı dövrədə Leklerdən üçüncülüyü geri alıb. Peres isə Tsunoda və Fetteli keçib. Daha sonra Norris Lekleri, Stroll Alonsonu, Tsunoda isə Fetteli geridə qoyub. Peres 10-cu dövrədə Okonu da qabaqlayıb.

Alonso 12-ci, Norris, Lekler, Stroll və Covinatsi 13-cü, Həmilton, Rikkardo, Okon, Rəykkönen və Rassel 14-cü, Latifi və Şumaxer isə 15-ci dövrədə təkərlərini dəyişiblər. Onları bir dövrə sonra Sayns və Tsunoda izləyib. Ferstappen trasda qalmağa davam edib, Həmilton onunla fərqi azaltmağa başlayıb. Bottas da 17-ci dövrədə pit-stopa yollanıb.

Maks yaknız 18-ci dövrədə pit-stopa dəvət edilib və trasa Həmiltonun arxasında qayıdıb. Bottas üçüncülük uğrunda Peresi üstələyib. Peres və Qasli 20-ci dövrədə pit-stop dalğasına qoşulublar. Təkərləri xeyli aşınmış Fettel bir neçə mövqe itirib. 22-ci dövrədən sonra ilk onluq: Həmilton – Ferstappen – Bottas – Norris – Lekler – Rikkardo – Stroll – Sayns – Peres – Alonso.

Fettel 25-ci dövrədə yeni təkərlərə keçib, Peres Saynsı ötüb.Meksikalı sürücü daha sonra Strollu da mübarizədə məğlub edib, Tsunoda isə Alonsonu üstələyə bilib. Həmilton 29-cu dövrədə növbəti pit-stopunu edib. Rəykkönen və Alonso 30-cu, Bottas 31-ci dövrədə təkərlərini dəyişib. Valtterinin pit-stopu zamanı xeyli gecikmə yaşanıb.

Peres 32-ci dövrədə Rikkardonu da qabaqlayıb. Bir dövrə sonra Lekler və Rikkardo pit-stopa yollanıb. Alonso əyləc probleminə görə mübarizəni dayandırmalı olub. Tsunoda Rassell və Fetteli keçib. Sayns 38-ci, Peres 39-cu, Ferstappen isə 40-cı dövrədə pit-stop edib. Maks trasa Lyuisin 8 saniyə arxasında qayıdıb və sürətlə fərqi azaltmağa başlayıb. 41-ci dövrədən sonra ilk onluq: Həmilton – Ferstappen – Bottas – Norris – Lekler – Rikkarddo – Peres – Stroll – Sayns – Tsunoda.

44-cü dövrədə Peres Rikkardonu bir daha ötərək 6-cı yerə yüksəlib. Okon və Fettel insident yaşayıb, lakin hər iki sürücü yarışı davam etdirə bilib. Fettel qəzada günahkar hesab edilib, nəticəsinə 10 saniyə əlavə edilib və 2 cərimə balı verilib. 46-cı dövrədə Sayns Strollu keçib, bir qədər sonra Okon növbəti cəhdində Fetteli geridə qoyub.

Ferstappen Həmiltona DRS məsafəsi qədər yaxınlaşıb, Peres Lekleri üstələyərək 5-ci olub. Maks 53-cü dövrədə Həmiltonu keçib, lakini ötməni trasdan kənara çıxaraq etdiyi üçün mövqeyini qaytarmalı olub. Qasli 54-cü dövrədə yarışı dayandırıb, Bottas isə sona 2 dövrə qalmış, sürətli dövrə vura bilmək üçün Soft təkərlərə keçib. Ferstappenin təzyiqləri davam etsə də, Həmilton daha ona hücum şansı verməyib.

Beləliklə, karyerasında 96-cı qələbəsini qazanan Lyuis Həmilton mövsümə 25 xalla başlayıb. Maks Ferstappen ikinci olub, Valtteri Bottas isə sürətli dövrəni də vuraraq podiumu tamamlayıb. Yuki Tsunoda 9-cu yeri tutaraq debüt yarışında xal qazanmağa nail olub.

Mübarizə 3 həftə sonra İmolada davam edəcək.

Yer N Sürücü Komanda Zaman/Fərq Pit
1 44 Lyuis Həmilton Mercedes AMG 1:32.03.897 2
2 33 Maks Ferstappen Red Bull + 0:00.745 2
3 77 Valtteri Bottas Mercedes AMG + 0:37.383 3
4 4 Lando Norris McLaren + 0:46.466 2
5 11 Serxio Peres Red Bull + 0:52.047 3
6 16 Şarl Lekler Ferrari + 0:59.090 2
7 3 Daniel Rikkardo McLaren + 1:06.004 2
8 55 Karlos Sayns Ferrari + 1:07.100 2
9 22 Yuki Tsunoda AlphaTauri + 1:25.692 2
10 18 Ləns Stroll Aston Martin + 1:26.713 2
11 7 Kimi Rəykkönen Alfa Romeo + 1:28.864 2
12 99 Antonio Covinatsi Alfa Romeo +1 dövrə 2
13 31 Esteban Okon Alpine +1 dövrə 2
14 63 Corc Rassell Williams +1 dövrə 2
15 5 Sebastyan Fettel* Aston Martin +1 dövrə 1
16 47 Mik Şumaxer Haas +1 dövrə 2
17 10 Pyer Qasli AlphaTauri 4
18 6 Nikolas Latifi Williams 3

 

* Esteban Okonla insidentə görə Fettelin nəticəsinə 10 saniyə əlavə edilib.

Sürətli dövrə: Valtteri Bottas (Mercedes) – 1:32.090 (56-cı dövrə, 211.566 km/s)

 

MÜBARİZƏNİ DAYANDIRANLAR:

Sürücü Komanda Dövrə Səbəb
Fernando Alonso Alpine 33 əyləc
Nikita Mazepin Haas 1 qəza

 

 

SÜRÜCÜLƏRİN ÇEMPİONATI:

Yer N Sürücü Ölkə Komanda Xal
1 44 Lyuis Həmilton Mercedes-AMG Petronas Formula One Team 25
2 33 Maks Ferstappen Red Bull Racing 18
3 77 Valtteri Bottas Mercedes-AMG Petronas Formula One Team 16
4 4 Lando Norris McLaren Racing 12
5 11 Serxio Peres Red Bull Racing 10
6 16 Şarl Lekler Scuderia Ferrari Mission Winnow 8
7 3 Daniel Rikkardo McLaren Racing 6
8 55 Karlos Sayns Scuderia Ferrari Mission Winnow 4
9 22 Yuki Tsunoda Scuderia AlphaTauri Honda 2
10 18 Ləns Stroll Aston Martin Cognizant F1 Team 1

 

 

MÜHƏNDİSLƏR KUBOKU:

Yer Komanda Motor Xal
1 Mercedes AMG Petronas F1 Team Mercedes 41
2 Red Bull Racing Honda 28
3 McLaren Racing Mercedes 18
4 Scuderia Ferrari Mission Winnow Ferrari 12
5 Scuderia AlphaTauri Honda Honda 2
6 Aston Martin Cognizant F1 Team Mercedes 1
, , , , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*