Bəhreyn-2019: Yarış

Avstraliya və Bəhreyndə baş tutan mövsümün ilk iki yarışında qüvvələr nisbətləri tam fərqli olub. İlk yarışda Mercedes dominantlıq etmişdisə də, Saxirdə Ferrari-nin ciddi üstünlüyü hələ cümə günündən məlum olub.

F-1.az xatırladır ki, Ferrari sürücüləri hər 3 sərbəst yürüş sessiyasında ilk iki yeri tutaraq Mercedes sürücülərini xeyli fərqlə üstələyiblər. Sıralanma turunda da vəziyyət dəyişməyib – Şarl Lekler Formula1 tarixində poul qazanan ən gənc ikinci sürücü olub. Bu uğura daha gənc yaşda imza atmış Sebastyan Fettel isə ikinci yeri tutaraq Ferrari-nin yarışa ilk cərgədən başlamasına səbəb olub. İkinci cərgəni Mercedes sürücüləri tutublar. Startda onların arxasında isə Ferstappen və Maqnussen yer alıblar. Startda yer itirən yeganə sürücü sıralanma turunda Norrisi bloklayan Qrojan olub.

Pirelli buraya ən sərt üç tərkibi – C1, C2 və C3 təkərlərini gətirib. C1 həftəsonu boyunca bir neçə dəfə istifadə edilsə də, asfaltla ilişməsi olduqca az olub. Orta və yumşaq təkərlər arasındakı fərq isə çox olub. Sürücülər sıralanma turunda yalnız Soft təkərlərdən istifadə ediblər. Yarışa Kubitsa Medium, qalan bütün sürücülər isə Soft təkərlərlə başlayıb.

Startda Fettel liderliyi ələ keçirib, Lekler Bottasa da keçilib, lakin yerini tezliklə bərpa edib. Qrojan və Stroll startdakı insidentə görə pit-stopa yollanmalı olublar. 2-ci dövrədə ilk onluq: Fettel – Lekler – Həmilton – Bottas – Ferstappen – Sayns – Maqnussen – Rəykkönen – Rikkardo – Peres.

Sayns 4-cü dövrədə Ferstappenə hücum edərkən maşını zədələyib və komanda onu pitə çağırıb. Bir dövrə sonra Lekler sürətlə komanda yoldaşına çatıb və onu keçib. Şarl dərhal uzaqlaşaraq özünü əks-hücumdan qoruyub. 9-cu dövrədə Peres, 10-cu dövrədə Rəykkönen, Qasli və Elbon, 11-ci dövrədə Norris və Maqnussen, növbəti iki dövrədə isə Ferstappen, Kubitsa, Bottas və Hülkenberq təkərlərini dəyişiblər. Kvyat Covinatsi ilə təmasdan sonra trasdan çıxıb və dərhal pit-stop etməli olub. Lakin pit yolunda sürət həddini aşdığı üçün 5 saniyə cəzası verilib.

14-cü dövrədə Lekler və Həmilton təkərlərini dəyişiblər. Bottas Ferstappeni üstələyib. Fettel 15-ci dövrədə təkərlərini dəyişib və trasa Həmiltonun arxasında qayıdıb. İki dövrə sonra Qrojan mübarizəni dayandırıb. 19-cu dövrədə Həmilton trasdan çıxsa da, mövqeyini qoruya bilib. Lakin britaniyalı sürücü təkərlərindən şikayət edib və 23-cü dövrədə Fettel onu ötüb. 25-ci dövrədə ilk onluq: Lekler – Fettel – Həmilton – Bottas – Ferstappen – Hülkenberq – Rəykkönen – Norris – Qasli – Peres.

33-cü dövrədə Ferstappen pit-stopa çağrılıb, lakin bir qədər ləngidilib. Maks trasa qayıdıb və Rəykköneni keçib. Həmilton 35-ci dövrədə ikinci pit-stopunu edib. Fettel cəmi bir dövrə sonra əsas rəqibinin atdığı addımı atıb və trasa onun önündə qayıda bilib. İki dövürə sonra isə Lekler təkərlərini dəyişib və liderliyini qoruyub. Həmilton Fettelə çataraq hücumlar etməyə başlayıb, lakin alman sürücü yerini qoruyub. Bottas pit-stopa yollanıb.

Həmilton döngədə hücum edərək Fetteli keçib, Fettel mövqeyini qaytarmaq istəyərkən yerində fırlanıb. Bir qədər sonra isə düzlükdə məlum olmayan səbəbdən ön qanadını itirib. Dərhal pit-stop edib, həm təkərləri həm də maşının ön hissəsi dəyişdirilib. 40-cı dövrədə ilk onluq: Lekler – Həmilton – Bottas – Ferstappen – Hülkenberq – Rikkardo – Norris – Fettel – Rəykkönen – Elbon.

Fettel tezliklə Norris və Rikkardonu ötə bilib. 2 dövrə sonra isə Hülkenberqi də üstələyib. Rikkardo Norris və Rəykkönen tərəfindən də keçilib.

46-cı dövrədə Lekler motordakı problemdən şikayət edib – silindirlərdən biri işləməyib və sürət xeyli aşağı düşüb. Həmilton fərqi sürətlə azaldıb və 48-ci dövrədə liderliyə yüksəlib. Şarla 28 saniyə uduzan Bottas fərqi dövrə başına 5-6 saniyə bağlayaraq sürətlə ona yaxınlaşıb və ikinciliyə yüksəlib. Ferstappenin də onu keçəcəyi real görünsə də, sona 3 dövrə qalmış hər iki Renault maşınının asfaltdan bir qədər kənarda dayanaraq mübarizəni dayandırmaları Təhlükəsizlik Maşınının trasa girməsinə səbəb olub. Maşınlar finiş xəttini TM arxasında keçiblər.

Lyuis Həmilton mövsümdə ilk, karyerasında 74-cü qələbəsini qazanıb. İkinci olan Bottas çempionatda liderliyini qoruya bilib. Şarl Lekler üçüncü yeri tutaraq karyerasında ilk podiumunu əldə edib. Debütantlar Lando Norris və Aleksander Elbon da karyeralarında ilk xallarını qazanıblar.

Çempionat 2 həftə sonra Çində Formula1 tarixinin 1000-ci yarışı ilə davam edəcək…

Yer N Sürücü Komanda Zaman/Fərq Pit
1 44 Lyuis Həmilton Mercedes AMG 1:34.21.295 2
2 77 Valtteri Bottas Mercedes AMG + 0:02.980 2
3 16 Şarl Lekler Ferrari + 0:06.131 2
4 33 Maks Ferstappen Red Bull + 0:06.408 2
5 5 Sebastyan Fettel Ferrari + 0:36.068 3
6 4 Lando Norris McLaren + 0:45.754 2
7 7 Kimi Rəykkönen Alfa Romeo + 0:47.470 2
8 10 Pyer Qasli Red Bull + 0:58.094 2
9 23 Aleksander Elbon Toro Rosso + 1:02.697 2
10 11 Serxio Peres Racing Point + 1:03.696 2
11 99 Antonio Covinatsi Alfa Romeo + 1:04.599 2
12 26 Daniil Kvyat Toro Rosso +1 dövrə 2
13 20 Kevin Maqnussen Haas +1 dövrə 2
14 18 Ləns Stroll Racing Point +1 dövrə 2
15 63 Corc Rassell Williams +1 dövrə 2
16 88 Robert Kubitsa Williams +2 dövrə 2

 

Sürətli Dövrə: Şarl Lekler (Ferrari) 1:33.411 (38-ci dövrə, 208,575 km/s).

 

MÜBARİZƏNİ DAYANDIRANLAR:

Sürücü Komanda Dövrə Səbəb
Niko Hülkenberq Renault 55 MGU-K
Daniel Rikkardo Renault 55 MGU-K
Karlos Sayns McLaren 55 mexaniki problem
Roman Qrojan Haas 16 mexaniki problem

 

SÜRÜCÜLƏRİN ÇEMPİONATI:

Yer N Sürücü Ölkə Komanda Xal
1 77 Valtteri Bottas Mercedes AMG Petronas Motorsport 44
2 44 Lyuis Həmilton Mercedes AMG Petronas Motorsport 43
3 33 Maks Ferstappen Aston Martin Red Bull Racing 27
4 16 Şarl Lekler Scuderia Ferrari 26
5 5 Sebastyan Fettel Scuderia Ferrari 22
6 7 Kimi Rəykkönen Alfa Romeo Racing 10
7 4 Lando Norris McLaren F1 Team 8
8 20 Kevin Maqnussen Rich Energy Haas F1 Team 8
9 27 Niko Hülkenberq Renault F1 Team 6
10 10 Pyer Qasli Aston Martin Red Bull Racing 4
11 23 Aleksander Elbon Red Bull Toro Rosso Honda 2
12 18 Ləns Stroll Sportpesa Racing Point F1 Team 2
13 26 Daniil Kvyat Red Bull Toro Rosso Honda 1
14 11 Serxio Peres Sportpesa Racing Point F1 Team 1

 

MÜHƏNDİSLƏR KUBOKU:

Yer Komanda Motor Xal
1 Mercedes AMG Petronas Motorsport Mercedes 87
2 Scuderia Ferrari Ferrari 48
3 Aston Martin Red Bull Racing Honda 31
4 Alfa Romeo Racing Ferrari 10
5 McLaren F1 Team Renault 8
6 Rich Energy Haas F1 Team Ferrari 6
7 Renault F1 Team Renault 6
8 Toro Rosso Honda Honda 3
9 Sportpesa Racing Point F1 Team Mercedes 3
, , , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*