F-1.az xatırladır ki, çempionatın liderləri Sebastyan Fettel və Lyuis Həmilton ilk iki yarışın nəticələrinə görə eyni xal toplamışdılar. Saxirdə cümə günü keçirilən sərbəst yürüşlərdə Fettel, şənbə günü isə Maks Ferstappen protokollara başçılıq etmişdi. Həmilton həftəsonu ərzində heç bir sessiyada liderlik etməmiş, sıralanma turunda isə komanda yoldaşını cüzi fərqlə üstələyən Valtteri Bottas karyerasında ilk dəfə poul qazanmışdı.
Bu mövsüm ilk dəfə start düzümü sıralanma turunun protokoluna tam uyğun gəlib – heç bir sürücüyə cərimə verilməyib.
Pirelli Şanxaya olduğu kimi, bura da orta üçlüyü – Medium, Soft və SuperSoft tərkiblərini gətirib. Medium təkərlərdən Bəhreyndə çox da əhəmiyyət daşımayan birinci və üçüncü sərbəst yürüşlərdə istifadə edilib. Soft və SuperSoft tərkibləri arasındakı fərq isə Şanxaydakı ilə müqayisədə, daha çox olub. Stoffel Vandorn güc qurğusundakı problemə görə yarışa çıxa bilməyib. Markus Eriksson Soft, qalan bütün sürücülər isə SuperSoft təkərlərlə yarışa başlayıblar.
Startda Bottas liderliyini qoruyub, Fettel yarışa ikinci yerdən başlayan Həmiltonu, Ferstappen isə Rikkardonu keçib. Rəykkönen yeddinciliyə qədər geriləyib, trasdan kənara çıxan Kvyat isə 18-ci yerə düşüb. 2-ci dövrədən sonra ilk onluq belə olub: Bottas – Fettel – Həmilton – Ferstappen – Rikkardo – Massa – Rəykkönen – Hülkenberq – Qrojan – Okon.
Fettel Bottasa təzyiqlər göstərib, Ferstappen isə Həmiltona çox yaxın olub, lakin sürətlər arasındakı kiçik fərqlər ötmələrə imkan verməyib. Səkkizinci dövrədə Rəykkönen altıncı yer uğrunda mübarizədə Massanı üstələyib və dərhal ondan uzaqlaşıb. Növbəti dövrədə Ləns Stroll ilk pit-stop edən sürücü olub. Kevin Maqnussen isə mexaniki problemlərlə qarşılaşıb və maşını təhlükəsizlik zonasında saxlayıb. İki dövrə sonra Fettel pitə yollanıb. SuperSoft təkərlərlə trasa qayıdan alman sürücü tempini artırıb.
Ferstappen 12-ci dövrədə təkərlərini dəyişib. Lakin trasa qayıtdıqdan bir qədər sonra əyləcləri sıradan çıxan hollandiyalı trasdan çıxaraq qəza edib və yarış onun üçün başa çatıb. Sayns Strollun maşınını arxadan vurub və bu qəza hər iki sürücünün yarışı dayandırması ilə nəticələnib. Stüardlar yarışdan sonra Saynsa Rusiyada startda üç yer itirmək cəzası veriblər. Təhlükəsizlik Maşını (TM) trasa çıxıb, Bottas, Həmilton, Rikkardo, Massa, Hülkenberq, Peres, Palmer, Alonso, Kvyat və Verlyayn dərhal pit-stop etməyə yollanıblar.
Mercedes AMG mexanikləri Bottasın təkərlərini dəyişərkən Həmilton pit girişində qəsdən sürəti azaldıb və arxasındakı Rikkardonu da ləngidib. Bu hərəkəti 5 saniyəlik cəza və 2 cərimə balı alması ilə nəticələnib. TM-in arxasında ilk onluq belə olub: Fettel – Bottas – Rikkardo – Həmilton – Massa – Rəykkönen – Hülkenberq – Eriksson – Peres – Qrojan. TM 17-ci dövrədə trası tərk edib. Fettel liderliyini qoruyub, Həmilton, Massa və Rəykkönen Rikkardonu ötüblər. Fettel Bottasla arasındakı fərqi dərhal bir saniyədən yuxarı qaldırıb və finlandiyalı DRS-dən istifadə edə bilməyib. Yarışın 23-cü dövrəsində Rəykkönen Massanı ötüb və dördüncülüyə yüksəlib.
Həmilton 27-ci dövrədə Bottası keçib və özündən 6 saniyə öndə olan Fetteli təqib etməyə başlayıb. Bir dövrə sonra Rikkardo Massanı keçib və beşinci olub, Kvyat və Alonso isə Palmeri keçiblər. 30-cu dövrədən sonra ilk onluq belə olub: Fettel – Həmilton – Bottas – Rəykkönen – Rikkardo – Massa – Peres – Hülkenberq – Qrojan – Okon.
Bottas 31-ci, Fettel isə 34-cü dövrədə təkərlərini dəyişiblər – hər iki sürücü Soft tərkibə keçib. Bottas vaxt itirmədən Peres və Massanı üstələyib. İki dövrə sonra Fettel hələ ikinci piit-stopuna yollanmamış Rəykköneni ötüb və ikinci yerə yüksəlib. Həmilton isə trasda qalmağa davam edib. Bottas 37-ci dövrədə Rikkardonu keçib. Rəykkönen, Massa və Okon 38-ci dövrədə sonuncu pit-stoplarını ediblər. Həmilton nəhayət 42-ci dövrədə pit yoluna üz tutub. Beş saniyəlik cəzasını ödəyən britaniyalının maşınına yenə də Soft təkərlər taxılıb. 43-cü dövrədən sonra ilk onluq belə olub: Fettel – Bottas – Həmilton – Rəykkönen – Rikkardo – Massa – Peres – Qrojan – Hülkenberq – Okon.
Həmilton tempini artırıb və Bottası daha bir dəfə keçərək ikinci yerə yüksəlib. Bu vaxt onunla Fettel arasındakı fərq 13 saniyə olub. Sona 5 dövrə qalmış Markus Eriksson ötürmələr qutusunun sıradan çıxmasına görə yarışı yarımçıq saxlayıb. Həmilton liderlə arasındakı fərqi altı saniyəyə qədər salıb, lakin bundan artığına nail ola bilməyib. Fernando Alonso bu dəfə də “ənənəsinə sadiq qalıb” və yarışı tamamlaya bilməyib – yenə də problem güc qurğusundan qaynaqlanıb.
Sebastyan Fettel damalı bayrağı ilk görən sürücü olub və karyerasında 44-cü, Bəhreyndə üçüncü, bu mövsüm isə ikinci qələbəsini əldə edib. Həmilton finiş xəttini ikinci keçib. Yarışa pouldan başlayan Bottas isə ilk qələbəsini qazanmağa nail ola bilməyib və podiumu tamamlayan son sürücü olmaqla kifayətlənib. Hülkenberq Renault-ya bu mövsüm ilk xallarını qazandırıb.
Çərşənbə axşamı Bəhreyndə ikigünlük mövsümiçi testlər başlayacaq. Növbəti yarış isə iki həftədən sonra Soçidə keçiriləcək…
Yer | N | Sürücü | Komanda | Zaman/Fərq | Pit |
1 | 5 | Sebastyan Fettel | Ferrari | 1:33:53.374 | 2 |
2 | 44 | Lyuis Həmilton | Mercedes AMG | + 0:06.660 | 2 |
3 | 77 | Valtteri Bottas | Mercedes AMG | + 0:20.397 | 2 |
4 | 7 | Kimi Rəykkönen | Ferrari | + 0:22.475 | 2 |
5 | 3 | Daniel Rikkardo | Red Bull | + 0:39.346 | 2 |
6 | 19 | Felipe Massa | Williams | + 0:54.326 | 2 |
7 | 11 | Serxio Peres | Force İndia | + 1:02.606 | 2 |
8 | 8 | Roman Qrojan | Haas | + 1:14.865 | 2 |
9 | 27 | Niko Hülkenberq | Renault | + 1:20.188 | 1 |
10 | 31 | Esteban Okon | Force İndia | + 1:35.711 | 2 |
11 | 94 | Paskal Verlyayn | Sauber | + 1 dövrə | 1 |
12 | 26 | Daniil Kvyat | Toro Rosso | + 1 dövrə | 2 |
13 | 30 | Colion Palmer | Renault | + 1 dövrə | 2 |
14 | 14 | Fernando Alonso | McLaren | finiş görməyib | 2 |
Sürətli dövrə: Lyuis Həmilton (Mercedes AMG) – 1:32.798 (46-cı dövrə, 209.952 km/saat).
MÜBARİZƏNİ DAYANDIRANLAR:
Sürücü | Komanda | Dövrə | Səbəb |
Markus Eriksson | Sauber | 52 | ötürmələr qutusu |
Ləns Stroll | Williams | 13 | qəza |
Karlos Sayns | Toro Rosso | 13 | qəza |
Maks Ferstappen | Red Bull | 13 | əyləc |
Kevin Maqnussen | Haas | 9 | elektornik problemlər |
Stoffel Vandorn | McLaren | 0 | güc qurğusu/start almayıb |
SÜRÜCÜLƏRİN ÇEMPİONATI:
Yer | N | Sürücü | Ölkə | Komanda | Xal |
1 | 5 | Sebastyan Fettel | Scuderia Ferrari | 68 | |
2 | 44 | Lyuis Həmilton | Mercedes AMG Petronas F1 Team | 61 | |
3 | 77 | Valtteri Bottas | Mercedes AMG Petronas F1 Team | 38 | |
4 | 7 | Kimi Rəykkönen | Scuderia Ferrari | 34 | |
5 | 33 | Maks Ferstappen | Red Bull Racing | 25 | |
6 | 3 | Daniel Rikkardo | Red Bull Racing | 22 | |
7 | 19 | Felipe Massa | Williams Martini Racing | 16 | |
8 | 11 | Serxio Peres | Sahara Force İndia F1 Team | 14 | |
9 | 55 | Karlos Sayns | Scuderia Toro Rosso | 10 | |
10 | 8 | Roman Qrojan | Haas F1 Team | 4 | |
11 | 20 | Kevin Maqnussen | Haas F1 Team | 4 | |
12 | 31 | Esteban Okon | Sahara Force İndia F1 Team | 3 | |
13 | 27 | Niko Hülkenberq | Renault Sport Formula 1 Team | 2 | |
14 | 26 | Daniil Kvyat | Scuderia Toro Rosso | 2 |
MÜHƏNDİSLƏR KUBOKU:
Yer | Komanda | Motor | Xal |
1 | Scuderia Ferrari | Ferrari | 102 |
2 | Mercedes AMG Petronas F1 Team | Mercedes | 99 |
3 | Red Bull Racing | TAG Heuer | 47 |
4 | Sahara Force İndia F1 Team | Mercedes | 17 |
5 | Williams Martini Racing | Mercedes | 16 |
6 | Scuderia Toro Rosso | Renault | 12 |
7 | Haas F1 Team | Ferrari | 8 |
8 | Renault Sport Formula 1 Team | Renault | 2 |