Bəhreyn-2017: Maraqlı statistika

Bəhreyn Qran Prisindən sonra məşhur ekspert Mikele Merlino maraqlı statistik məlumatlar hazırlayıb. F-1.az bu məlumatları sizin nəzərinizə çatdırır…

SIRALANMA TURU

Valtteri Bottas Bəhreyndə karyerasında ilk poulu qazanıb. Bu, finlandiyalı sürücünün 80-ci yarışına təsadüf edib. Valtteri poul qazanmış 98-ci sürücüdür. Karyerasına başladıqdan sonra ilk poulu üçün ən çox gözləyən sürücü isə Niko Rosberq olub – 111 yarış.

Valtteri Bottas Bəhreyndəki sıralanma turlarında heç vaxt komanda yoldaşlarına məğlub olmayıb – Lyuis Həmiltondan əvvəl Pastor Maldonado və Felipe Massanı məğlub edib.

Valtteri Bottas poul qazanan beşinci finlandiyalı sürücüdür. Digərləri isə Keke Rosberq, Mika Həkkinen, Kimi Rəykkönen və Heykki Kovalaynendir.

 

YARIŞ

Sebastyan Fettel karyerasında 44-cü, Bəhreyndə isə üçüncü qələbəsini qazanıb. Fettel Bəhreyndə ən çox qalib gəlmiş iki sürücüdən biridir. Digəri isə Fernando Alonsodur. Alman sürücü ümumi qələbə sayına görə isə dördüncü yerdədir – üçüncü Alen Prost 51 dəfə finiş xəttini hamıdan əvvəl keçib.

Ferrari sürücüləri 2008-ci ildən bəri ilk dəfə ilk üç yarışda iki qələbə qazanıblar – 9 il əvvəl Felipe Massa və Kimi Rəykkönen tiffoziləri sevindirmişdilər. Ferrari-nin bir sürücüsünün ilk üç yarışdan ən az ikisində qalib gəlməsi halı isə son dəfə 2004-cü ildə olmuşdu – həmin il Mixael Şumaxer hətta ilk 14 yarışın 13-də qələbəyə sevinmişdi.

Yarışda ikinci olan Lyuis Həmilton podiumlarının sayını 107-ə çıxarıb və Alen Prostu qabaqlayıb. Zirvədə isə Mixael Şumaxerdir – 155 podium.

Valteri Bottas 11-ci dəfə podiuma yüksəlib və bu göstəriciyə görə Kris Eymon, Patrik Tambe və Yarno Trulliyə çatıb.

Yarışı 7-ci yerdə başa vuran Serxio Peres ardıcıl 13-cü yarışda xal qazanıb. Ən uzun seriya isə Kimi Rəykkönenə məxsusdur – 2012-ci ildə elə Bəhreyndə keçirilən yarışdan etibarən 27 ardıcıl yarışda xal qazanmış, bu uğurlu seriya növbəti il Macarıstanda qırılmışdı…

Roman Qrojan bu mövsüm ilk xallarını qazanıb. Fransız sürücü komanda yoldaşı Kevin Maqnussenin keçən yarışdakı nəticəsini təkrarlayıb – 8-ci yer.

Yarışda 9-cu olan Niko Hülkenberq Renault-ya bu mövsüm ilk xallarını qazandırıb.

Ləns Stroll geridə qalan üç yarışda hətta bir yarışlıq məsafə qət edə bilməyib. Kanadalı Avstraliya, Çin və Bəhreyndə cəmi 52 dövrə vurub ki, bu da ümumi məsafənin 30.23%-i deməkdir. O, hətta ilk iki yarışı buraxmış Paskal Verlyayndan da bu göstəriciyə görə geri qalır.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*