Həftəsonu əvvəlki illərlə müqayisədə çox soyuq keçib, günorta havanın hərarəti +25 dərəcəyə ancaq çatıb, ona görə də komandalar səhrada yarışın əsas faktorlarından biri olan isti havadan məhrum olublar, əvəzində başqa bir faktor üzə çıxıb – soyuq havada təkər tərkiblərinin sürət fərqi gözlənildiyindən çox olub, ona görə də strateqlər planlarına düzəlişlər etməli olublar.
F-1.az xatırladır ki, start düzümünün ilk iki cərgəsi eynilə Albert Parkdakı kimi alınıb – dünən Həmilton həlledici dəvrəsində mövsümün ardıcıl ikinci poulunu qazanıb, Rosberq ona cəmi 0.077 saniyə uduzub, ikinci cərgəni isə Fettel və Rəykkönen tutublar.
McLaren Honda komandasında həkimlər Fernando Alonsonun sükan arxasına oturmasına icazə verməyiblər, onu komandanın ehtiyat sürücüsü Stoffel Vandorn əvəz edib – elə debüt sıralanma turunda belçikalı sürücü Censon Battonu üstələyərək 12-ci nəticə göstərib.
Sıralanma turunda Paskal Verlyayn hamını təəccübləndirib – Manor-un sükanı arxasında almaniyalı sürücü ilk sessiyada mübarizəni dayandıranlar arasında ən yaxşı olub.
Sıralanma turu isə yeni formatla keçirilib, bu gün komanda başçıları Berni Ekklstoun və Jan Todtla görüşsələr də, köhnə formata qayıtmaq məsələsində razılıq əldə olunmayıb.
Kevin Maqnussen yarışa pit-leyndən başlamalı olub – cümə günü danimarkalı sürücü tərəzində çəkilməyə getmədiyi üçün stüardlar tərəfindən ağır cəza almışdı.
İlk səkkiz yerdən start alan sürücülər dünən ikinci sessiyada istifadə etdikləri SuperSoft təkərlərlə starta çıxıblar. Startda Sayns, Kvyat, Verlyayn, Eriksson, Haryanto, Nasr və Maqnussen Soft tərkibinə üstünlük veriblər, digər sürücülər isə qırmızı təkərləri seçiblər.
Qızdırma dövrəsində Fettelin maşınında motor işləməkdən imtina edib, sıx tüstü buraxan motoru söndürən almaniyalı sürücü təhlükəsizlik zonasında dayanıb. Colion Palmer isə pit-leynə yönəlib – hidravlik problemlər üzündən britaniyalı sürücü yarışda start ala bilməyib.
Startda Rosberq liderliyi ələ alıb. Bottas ilk döngədə Həmiltonla təmas yaşayıb – zərbə güclü alınıb, Lyuis yerində fırlanıb. Hər iki sürücü yer itirərək mübarizəyə davam ediblər. Rəykkönenin də startı uğurlu alınmayıb.
İkinci dövrəsində Hülkenberq təkərlərini dəyişmək üçün boksa yönəlib, Pereslə təmasdan sonra Saynsın maşınında təkər deşilib – Sayns təkərlərini, Peres isə burun elementini dəyişməli olub. 2-ci dövrənin sonunda ilk onluq: Rosberq – Massa – Bottas – Rikkardo – Rəykkönen – Qrojan – Həmilton – Qutyerres – Ferstappen – Batton.
Kvyat Verlyayn və Peresi üstələyərək 12-ci yerə yüksəlib. 5-ci dövrədə Rosberqin Massa üzərində üstünlüyü 7 saniyəyə çatıb. Rəykkönen əvvəlcə Rikkardonu, sonra isə Bottası ötərək 3-cü yerə yüksəlib.
7-ci dövrədə Rikkardo yeni təkərlərə keçib, Batton isə maşınını trasda saxlamalı olub – güc qurğusu sıradan çıxıb. Növbəti dövrədə Massa pit-stopa yönəlib, Həmilton isə Bottası üstələyərək ilk üçlüyə qayıdıb.
9-cu dövrədə Bottas və Qutyerres mexaniklərinə baş çəkiblər. Bu zaman stüardlar ilk döngədəki insidentə görə Bottası pit-leyndən keçməklə cəzalandırıblar. Növbəti dövrədə finlandiyalı sürücü cəzasını çəkməyə yollanıb.
11-ci dövrədə Qutyerres boksda dayanıb, Ferstappen və Nasr yeni təkərlər alıblar, Vandorn isə Hülkenberqi üstələyib. Növbəti dövrədə Qrojan və Verlyayn təkərlərini dəyişiblər, Ferstappen isə Peresi keçərək 11-ci yerə yüksəlib.
13-cü dövrədə Rəykkönen mexaniklərinə baş çəkib və yeni təkərlərlə Rikkardo və Massanın arxasına düşüb. Felipe əvvəlcə Danieli, sonra isə Kimini buraxıb, daha sonra isə Kimi avstraliyalı sürücünü də üstələyib.
14-cü dövrədə əvvəlcə Rosberq, sonra isə Həmilton ilk pit-stoplarını reallaşdırıblar. Rəykkönen isə Kvyatı da üstələyib. Rosberq trasa 1-ci yerdə qayıtsa da, Həmilton yalnız 6-cı ola bilib.
15-ci dövrədə Peres, 17-ci dövrədə isə Kvyat sonuncu olaraq ilk pit-stop gerçəkləşdiriblər. Bu zaman Həmilton Rikkardonu üstələyərək yenə də 3-cü yerə yüksəlib. Hülkenberq isə ikinci dəfə mexaniklərinə qonaq olub. Haas-ın sükanı arxasında Qrojan Williams-da Massanı keçib.
20-ci dövrədə Ferstappen də Massanı ötərək 6-cı yerə qalxıb. Arxada Kvyat Verlyaynı, Nasrı və Erikssonu keçərək onluğa daxil olub. 22-ci dövrənin sonunda ilk onluq: Rosberq – Rəykkönen – Həmilton – Rikkardo – Qrojan – Ferstappen – Massa – Vandorn – Bottas – Kvyat.
24-cü dövrədə Qrojan Rikkardonu üstələyib – mövsümün əvvəlində heç kim inanmazdı ki, Haas Red Bull-u 4-cü yer uğrunda mübarizədə üstələyəcək. Kvyat isə Bottası keçib.
25-ci dövrədə Rikkardo boksa baş çəkib – mexaniklər bir qədər ləngiyiblər. Növbəti dövrədə Vandorn pit-stop edib, Rikkardo isə Bottası üstələyib. 27-ci dövrədə Ferstappen, 28-ci dövrədə Qrojan, növbəti dövrədə Həmilton, daha sonra isə Rəykkönen yeni təkər dəstinə keçiblər. Qrojan və Ferstappen Bottası keçiblər, Rikkardo isə Kvyat və Massanı qabaqlayıb.
30-cu dövrədə Massa, növbəti dövrədə isə Rosberq, Verlyayn və Eriksson pit-stop reallaşdırıblar. Rosberq trasa 1-ci yerdə qayıdıb. Sayns mübarizədən kənar qalıb. Qrojan və Ferstappen Kvyatı keçiblər və Daniil təkərlərini dəyişmək üçün boksa tələsib. Massa Vandornu, Hülkenberq və Eriksson Peresi, Kvyat isə Maqnusseni qabaqlayıb. 36-cı dövrənin sonunda ilk onluq: Rosberq – Rəykkönen – Həmilton – Rikkardo – Qrojan – Ferstappen – Massa – Vandorn – Kvyat – Maqnussen.
Verlyayn Peresi üstələyərək 12-ci yerə yüksəlib. 38-ci dövrədə Rəykkönen sonuncu dəfə pit-stop edib. 2 dövrə sonra Maqnussen və Rosberq də boksa yollanıblar.
Kvyat Vandornu üstələyib. 41-ci dövrədə Qrojan yeni təkərlərə keçərkən mexaniklər ləngiyiblər. 42-ci dövrədə Həmilton sonuncu dəfə mexaniklərinə baş çəkib.
46-cı dövrədə Qrojan Massanı üstələyib. 51-ci dövrədə Kvyat Bottası üstələyib və əks-hücumunu dəf edib. Verlyayn Hülkenberqi keçib, Ferstappen də Massanı geridə qoyub. Sonuncu dövrədə isə Kvyat da Massanı qabaqlayıb.
Niko Rosberq Bəhreyndə finiş xəttini ilk keçərək mövsümdə ikinci, ardıcıl olaraq beşinci, karyerasında isə 16-cı qələbəsini qazanıb. Almaniyalı sürücü şəxsi hesabda üstünlüyünü artırıb.
Kimi Rəykkönen keçən il olduğu kimi Bəhreyndə yenə də ikinci olub, amma mövsümün ilk yarışında olduğu kimi yalnız bir Ferrari maşını finişə çatıb. Lyuis Həmilton isə podiumu tamamlayıb.
İki həftə əvvəl hamını komandasının debüt yarışında 6-cı yerlə təəccübləndirən Qrojan bu dəfə 5-ci olub. Stoffel Vandorn isə debüt yarışındaca McLaren komandasına mövsümün ilk xalını qazandırıb.
İki həftədən sonra mübarizə Şanxayda davam edəcək!
YARIŞIN NƏTİCƏLƏRİ:
Yer | Sürücü | Komanda | Zaman/Fərq | Pit |
1 | Niko Rosberq | Mercedes AMG | 1:33:34.696 | 3 |
2 | Kimi Rəykkönen | Ferrari | + 0:10.282 | 3 |
3 | Lyuis Həmilton | Mercedes AMG | + 0:30.148 | 3 |
4 | Daniel Rikkardo | Red Bull | + 1:02.494 | 3 |
5 | Roman Qrojan | Haas | + 1:18.299 | 3 |
6 | Maks Ferstappen | Toro Rosso | + 1:20.929 | 3 |
7 | Daniil Kvyat | Red Bull | + 1 dövrə | 3 |
8 | Felipe Massa | Williams | + 1 dövrə | 2 |
9 | Valtteri Bottas | Williams | + 1 dövrə | 3 |
10 | Stoffel Vandorn | McLaren | + 1 dövrə | 3 |
11 | Kevin Maqnussen | Renault | + 1 dövrə | 3 |
12 | Markus Eriksson | Sauber | + 1 dövrə | 2 |
13 | Paskal Verlyayn | Manor | + 1 dövrə | 3 |
14 | Felipe Nasr | Sauber | + 1 dövrə | 3 |
15 | Niko Hülkenberq | Force İndia | + 1 dövrə | 4 |
16 | Serxio Peres | Force İndia | + 1 dövrə | 3 |
17 | Rio Haryanto | Manor | + 1 dövrə | 3 |
Sürətli dövrə: Niko Rosberq (Mercedes AMG) – 1:34.482 (41-ci dövr, 206.210 km/saat).
MÜBARİZƏNİ DAYANDIRANLAR:
Sürücü | Komanda | Dövrə | Səbəb |
Karlos Sayns | Toro Rosso | 30 | – |
Esteban Qutyerres | Haas | 10 | əyləc |
Censon Batton | McLaren | 7 | ERS |
Sebastyan Fettel | Ferrari | 0 | motor |
Colion Palmer | Renault | 0 | hidravlik sistem |
SÜRÜCÜLƏRİN ÇEMPİONATI:
Yer | Sürücü | Ölkə | Komanda | Xal |
1 | Niko Rosberq | Mercedes AMG F1 Team | 50 | |
2 | Lyuis Həmilton | Mercedes AMG F1 Team | 33 | |
3 | Daniel Rikkardo | Red Bull Racing | 24 | |
4 | Kimi Rəykkönen | Scuderia Ferrari | 18 | |
5 | Roman Qrojan | Haas F1 Team | 18 | |
6 | Sebastyan Fettel | Scuderia Ferrari | 15 | |
7 | Felipe Massa | Williams Martini Racing | 14 | |
8 | Maks Ferstappen | Scuderia Toro Rosso | 9 | |
9 | Niko Hülkenberq | Sahara Force İndia F1 Team | 6 | |
10 | Daniil Kvyat | Red Bull Racing | 6 | |
11 | Valtteri Bottas | Williams Martini Racing | 6 | |
12 | Karlos Sayns | Scuderia Toro Rosso | 2 | |
13 | Stoffel Vandorn | McLaren Honda Formula 1 Team | 1 |
MÜHƏNDİSLƏR KUBOKU:
Yer | Komanda | Motor | Xal |
1 | Mercedes AMG F1 Team | Mercedes | 83 |
2 | Scuderia Ferrari | Ferrari | 33 |
3 | Red Bull Racing | Renault | 30 |
4 | Williams Martini Racing | Mercedes | 20 |
5 | Haas F1 Team | Ferrari | 18 |
6 | Scuderia Toro Rosso | Ferrari | 11 |
7 | Sahara Force India F1 Team | Mercedes | 6 |
8 | McLaren Honda Formula 1 Team | Honda | 1 |