Bəhreyn, 18.04.2017

Bəhreyn Qran Prisindən iki gün sonra sürücülər yenidən boksları tərk ediblər - Saxirdə mövsümiçi ilk ikigünlük testlər start götürüb.

F-1.az xəbər vermişdi ki, bu il iki mövsümiçi test nəzərdə tutulub. Testlər 18-19 aprel tarixlərində Sahirdə, 1-2 avqust tarixlərində Hunqarorinqdə olmalıdır. Mövsümün son yarışı başa çatdıqdan sonra – noyabrın 28-də və 29-da Əbu Dabidə isə Pirelli-nin 2018-ci il üçün hazırlayacağı təkərlər sınaqdan keçiriləcək.

Komandalar bugünkü testlərdə müxtəlif aerodinamik konfiqurasiyaları sınaqdan keçiriblər və onları həftəsonu əldə olunan nəticələrlə müqayisə ediblər. Çempionatdakı 10 komandanın hamısı testdə iştirak edib, lakin trasda 11 maşın olub – Sebastyan Fettel Pirelli-nin gələn il üçün hazırladığı sliklərin prototiplərini yoxlamaq üçün sükan arxasına keçib. Williams komandası isə gün ərzində iki sürücünün  köməyindən istifadə edən yeganə komanda olub.

Komandalar dörd test gününün ikisində gənc – FİA-nın qaydalarına görə, maksimum 2 yarışa çıxan sürücülərdən istifadə etməlidirlər. Bu gün gənc sürücüləri sükan arxasına keçirən komandalar Ferrari, Force İndia, Toro Rosso və McLaren olub. Digər komandalar isə əsas sürücülərinin köməyindən istifadə ediblər.

Renault motorçuları testlərə bu il üçün hazırlanmış MGU-K gətiriblər. Qeyd edək ki, ilk üç yarışda keçənilki versiyadan istifadə olunmuşdu. Honda testlərdə motorun bəzi elementlərini yoxlamağa cəhd edib. Lakin gənc sürücü Oliver Törvi trasa çıxdıqdan bir qədər sonra güc qurğusundakı sızıntıya görə boksa qayıtmalı olub və günün böyük hissəsini işləyə bilməyib. Problem test gününün başa çatmasına 1 saat qalmış həll olunub və 30 yaşlı britaniyalı yenidən trasa qayıda bilib.

Toro Rosso-ya testlərlə kömək edən 20 yaşlı indoneziyalı Şon Gelael ilk dəfə Formula1 bolidini idarə edib. Şon Red Bull-un gənc sürücülər proqramına daxil olmadan bu iki komandadan birinin bolidini idarə edən ilk sürücüdür. Onun aşağı seriyalarda ciddi uğurları yoxdur və bu gün maşındakı nasazlıqlar üzündən iki dəfə qırmızı bayraqlarla sessiyanın dayandırılmasına səbəb olub.

Force İndia isə VJM10-u Alfonso Selişə etibar edib. Komanda diqqətini aerodinamikanın test edilməsinə yönəldib. Roman Qrojan isə Carbon İndustries əyləclərini sınaqdan keçirib. Komanda indiyə qədər Brembo əyləclərindən istifadə edirdi. Yeni əyləclər daha səmərəli göründüyündən, komandanın təchizatçını dəyişdirilməsi barədə qərar qəbul etməsi mümkündür.

Ferrari isə SF70H-ı Antonio Covinatsiyə həvalə edib. Bu mövsüm ilk iki yarışda Paskal Verlyaynı əvəzləyən italyan sürücü hələ də FİA-nın “gənc sürücü” meyarlarına uyğun gəlir.

Mercedes AMG isə günə yaxşı başlamayıb. Lyuis Həmilton elektronik problemlərə görə dayanmalı olub, lakin qısa müddətdən sonra proqramına qaldığı yerdən davam edib. Komanda isti havada keçirilən yarışlardakı problemlərin və SuperSoft təkərlərlə lazımi qədər sürətli olmamalarının səbəblərini öyrənməyə çalışıb.

Sessiya qırmızı bayraqlarla daha bir dəfə də Daniel Rikkardo üçün dayandırılıb – avstraliyalı sürücü güc qurğusundakı problemə görə birinci döngədə dayanmalı olub.

Protokollara Lyuis Həmilton başçılıq edib – 1:31.358. Testlər sabah davam edəcək və bəzi komandalarda sürücü dəyişikliyi olacaq…

Yer N Sürücü Komanda Zaman Fərq Dövrə
1 44 Lyuis Həmilton Mercedes AMG 1:31.358 97
2 36 Antonio Covinatsi Ferrari 1:31.984 + 0:00.626 93
3 3 Daniel Rikkardo Red Bull 1:32.349 + 0:00.991 45
4 8 Roman Qrojan Haas 1:32.452 + 0:01.094 82
5 19 Felipe Massa Williams 1:32.509 + 0:01.151 52
6 27 Niko Hülkenberq Renault 1:33.624 + 0:02.266 70
7 18 Ləns Stroll Williams 1:33.729 + 0:02.371 30
8 38 Şon Qelael Toro Rosso 1:33.885 + 0:02.527 77
9 5 Sebastyan Fettel Pirelli 1:33.894 + 0:02.536 87
10 34 Alfonso Seliş Force İndia 1:33.939 + 0:02.581 70
11 9 Markus Eriksson Sauber 1:34.550 + 0:03.192 103
12 47 Oliver Tervi McLaren 1:35.011 + 0:03.653 14

 

, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*