F-1.az xatırladır ki, reqlmentdəki dəyişikliklər koronavirusa görə gələn ilə təxirə salınmış, komandalara bu il maşın üzərində işləmək üçün özlərinin seçdikləri sahədə istifadə edə biləcəkləri cəmi 2 şərti bal verilmişdi. Keçən illə müqayisədə ən böyük fərq daha yavaş təkərlərin gətirilməsidir ki, buna görə də komandalar asfaltayatma qüvvəsini azaltmağa məcbur olublar.
Bu da öz növbəsində sürətlərin aşağı düşməsi ilə nəticələnib. Lakin fərq gözlənildiyi kimi böyük olmayıb – cəmi bir neçə ay əvvəl burada poul nəticəsi 87 saniyədən bir qədər çox idisə də, testlərdəki ən yaxşı nəticə 1:28.890 olub.
Testlərin il günü qum fırtınası sürücülərə xeyli mane olub. Trasın görünüşü pisləşib, sürücülər sürüşmələrdən xilas ola bilməyiblər. Dünən külək azalıb və vəziyyət nisbətən düzəlib. Bu gün isə şərtlər ideal olub. Sürücülərin ən böyük çətinliyi yeni təkərlərə alışmaq olub. Pirelli C3 təkərlərinin iki versiyasını – həm Türkiyədə, həm də Rumıniyada istehsal olunanları ghətirib.
Mercedes ötürmələr qutusundakı problemlərə görə builki testlərdə xeyli vaxt itirib. Çempion komanda həmişə qət edilən məsafəyə görə lider idisə də, bu dəfə autsayder olub. Komandanın hər iki sürücüsü maşının arxa tərəfindən şikayət ediblər. Sonuncu gün mühəndislər həll yolunu tapıblar və maşın daha sabit görünüb. Lakin Həmilton bu dəfə də yerində fırlanıb. Son titulun sahibi hətta ən yumşaq təkərlərlə dövrələr vursa da, beşincilikdən yuxarı qalxa bilməyib.
Qiymətli test vaxtından itirənlərdən biri də Fettel olub. Onun da bir günü boksda keçirməsinə səbəb Mercedes-in ötürmələr qutusu olub. Racing Point komandası keçənilki testlərdə də yaxşı təsir bağışlamamışdı, lakin mövsümdə bunun əksini görmüşdük. Alman sürücü bu gün də güc qurğusundakı problemlərə, daha dəqiq desək, turbində təzyiq itdiyi üçün testləri vaxtından əvvəl başa vurmalı olub.
Alpine komandası üçün testlər problemsiz keçib. Alonso və Okon xeyli məsafə qət ediblər. Lakin yumşaq təkərlərlə maşın yaxşı işləməyib, buna görə də, sürətlərini qiymətləndirmək çətindir. Bu çətinliyi yeni Ferrari barədə də qeyd etmək olar. Komanda rəhbərliyi əldə olunan irəliləyişlərdən, düzlüklərdə sürətlərinin artmasından inamla danışır. Binotto proqramı tamamladıqlarını bildirib, lakin mövsüm əvvəlində çətinlik yaşaya biləcəklərini istisna etməyib.
Haas builki maşın üzərində çox işləməyib, sadəcə qaydalara uyğunlaşdırıb. Onlar əsas diqqəti gələn ilin maşınına yönəldiblər və mövsüm ərzində yeniliklər gətirməyi nəzərdə tutmayıblar. İrəli doğru addım atmaqda yalnız Ferrari-nin yeni güc qurğusuna arxalana bilərlər ki, onun da necə olacağı hələ məlum deyil. Lakin istənilən halda, yeni sürücülərin çıxışını izləmək maraqlı olacaq. Yaşadıqları yeganə problem Mikin ilk gün ötürmələr qutusuna görə vaxt itirməsi olub. Sürücülər yaxın nəticələr göstəriblər.
McLaren-in yeni maşını sürətli və etibarlı təsir bağışlayıb. Hamı onların Mercedes motoru ilə isti havada problem yaşayacağını gözləsə də, belə bir şey baş verməyib. Həm Rikkardo, həm də Norris kifayət qədər sürətli olublar. Komanda asfaltayatma qüvvəsinin kazalmasını diffüzorun içərisindən kanal keçirərək kompensasiya etməyə çalışıb. Digər komandalar məsələnin leqal olub-olmaması ilə bağlı FİA-ya müraciət ediblər. Lakin McLaren-in buna əvvəlcədən razılıq almaması inandırıcı deyil.
Mercedes-in problemlərinin fonunda onun əsas rəqibi Red Bull-un işləri yaxşı gedir. Maşın sürətli və etibarlıdır. Ferstappen ilk gün qum fırtınasına baxmayaraq, 139 dövrə vurmuşdu və protokollara başçılıq etmişdi. Peres də qət edilən məsafədə ondan geri qalmasa da, hələ də RB12-ə tam alışa bilmədiyini etiraf edib.
Bugünkü testlərin xüsusilə sonlarında sürücülər sürətli dövrələr vurmağa yönəliblər. Əsas rəqabət Ferstappen ilə Tsunoda arasında olub. Maks sonda gənc həmkarını üstələyib və builki testlərin ən sürətli nəticəsini göstərib – 1:28.960. Rəykkönen isə 166 dövrə ilə günün ən çox məsafə qət edən sürücüsü olub.
Beləliklə, mövsümöncəsi testlər başa düşüb. Bu il proqram məhduddur və mövsüm ərzində yalnız Pirelli-nin 18 düymlük təkərlərinin sınaqları planlaşdırılıb.
Yer | N | Sürücü | Komanda | Zaman | Fərq | Dövrə | Təkər |
1 | 33 | Maks Ferstappen | Red Bull | 1:28.960 | – | 64 | С4 |
2 | 22 | Yuki Tsunoda | AlphaTauri | 1:29.053 | + 0:00.093 | 91 | С5 |
3 | 55 | Karlos Sayns | Ferrari | 1:29.611 | + 0:00.651 | 79 | С4 |
4 | 7 | Kimi Rəykkönen | Alfa Romeo | 1:29.766 | + 0:00.806 | 166 | С5 |
5 | 44 | Lyuis Həmilton | Mercedes AMG | 1:30.025 | + 0:01.065 | 54 | С5 |
6 | 63 | Corc Rassell | Williams | 1:30.117 | + 0:01.157 | 158 | С5 |
7 | 3 | Daniel Rikkardo | McLaren | 1:30.144 | + 0:01.184 | 76 | С4 |
8 | 11 | Serxio Peres | Red Bull | 1:30.187 | + 0:01.227 | 49 | С4 |
9 | 14 | Fernando Alonso | Alpine | 1:30.318 | + 0:01.358 | 78 | С4 |
10 | 16 | Şarl Lekler | Ferrari | 1:30.486 | + 0:01.526 | 80 | С3 |
11 | 4 | Lando Norris | McLaren | 1:30.661 | + 0:01.701 | 56 | С3 |
12 | 10 | Pyer Qasli | AlphaTauri | 1:30.828 | + 0:01.868 | 76 | С4 |
13 | 31 | Esteban Okon | Alpine | 1:31.310 | + 0:02.350 | 61 | С3 |
14 | 9 | Nikita Mazepin | Haas | 1:31.531 | + 0:02.571 | 67 | С4 |
15 | 47 | Mik Şumaxer | Haas | 1:32.053 | + 0:03.093 | 78 | С3 |
16 | 77 | Valtteri Bottas | Mercedes AMG | 1:32.406 | + 0:03.446 | 86 | С2 |
17 | 5 | Sebastyan Fettel | Aston Martin | 1:35.041 | + 0:06.081 | 56 | С3 |
18 | 18 | Ləns Stroll | Aston Martin | 1:36.100 | + 0:07.140 | 80 | С3 |