Quru. Günəşli. Havanın temperaturu +22° C, trasın temperaturu +34° C
Silverstounda əvvəlcə son Qran Prilərin adət etdiyimiz senarisi təkrar olunub. Cümə günü komandaların işinə yağış mane olub, şənbə günü Mercedes AMG-nin sürücüləri ilk start cərgəsini inamla zəbt ediblər – Lyuis Həmilton ev trasında Niko Rosberqi təxminən yarım saniyə qabaqlayıb.
Sıralanma turundan sonra hamı Mercedes AMG komandasının yarış tempini aktiv müzakirə edib – Ross Braunun komandası yarış məsafəsində təkərlərin yeyilməsinin qarşısını ala biləcəkmi? Rəylər müxtəlif olub…
İkinci start cərgəsini isə Red Bull sürücüləri zəbt ediblər. Lotus və Ferrari komandaları üçün isə sıralanma turu gözlənilməz başa çatıb – Rəykkönen və Alonso son sessiyanın protokollarında sonuncu yerləri tutublar. Axşam isə daha bir gözlənilməz xəbər gəlib – beşinci nəticə göstərmiş Pol di Restanın nəticəsi çəki çatışmazlığı üzündən protokollardan xaric edilib. Ona görə də ilk dördlükdən başqa hamı start düzlüyündə bir mövqe irəli çəkilib.
Pirelli şirkəti Silverstouna ən bərk təkər cütlüyünü gətirib – Hard və Medium, həm də bu təkərlər arxada qalan 7 yarışda istifadə olunan təkərlərdən fərqli texnologiya ilə hazırlanıblar. Amma sərbəst yürüşlərdə Serxio Peresin maşınında sol arxa təkər partlayıb – Pirelli-nin rəsmiləri bildiriblər ki, partlamaya səbəb təkərin deşilməsi olub.
Yekunda Hard təkərlərlə Batton, Vern, Hülkenberq, Qutyerres, Pik, di Resta və van der Qarde starta çıxıblar, digər sürücülər isə Medium-a üstünlük veriblər.
Startda Həmilton poulun üstünlüyünü saxlaya bilib, Fettel isə Rosberqi qabaqlayıb, Uebber startda ləngiyib və birinci döngədə Qrojanla təmas yaşayaraq arxa cərgələrə düşüb. Sutil dördüncü yerə yüksəlib, ən möhtəşəm start isə Massadan gəlib – 11-ci yerdən 5-ci yerə qalxıb. Alonso McLaren sürücülərin araxsına düşsə də, növbə ilə onları keçib. 2-ci dövrədə isə Alonso Qrojanı qabaqlayıb. 3-cü dövrədə ilk onluq: Həmilton – Fettel – Rosberq – Sutil – Massa – Rəykkönen – Rikkardo – Alonso – Qrojan – Batton.
Həmilton ilk dövrələrdə Fetteldən sürətli olduğu üçün artıq 4-cü dövrədə fərqi 2 saniyəyə çatdıraraq özünü DRS zonalarında hücumdan qoruyub. Peres komanda yoldaşı Battonu qabaqlayıb, daha sonra isə Censonu Qrojanla təmasdan sonra ön antiqanadı qırılmış Uebber də keçib.
8-ci dövrədə Həmiltonun maşınında arxa sol təkər partlayıb – eynilə Peresdə sərbəst yürüşlərdə olduğu kimi. Lyuis dövrənin əvvəlində olduğu üçün uzun müddət boksa getməli olub və trasa sonuncu yerdə qayıdıb.
10-cu dövrədə Massanın maşınında sol arxa təkər partlayıb – yenə də dövrənin əvvəli olduğu üçün Massa da trasa sonuncu yerdə qayıdıb. Mühəndislər sürücülərdən xahiş ediblər ki, 3-cü və 5-ci döngələr arasında ehtiyatlı olsunlar və porebriklərə hücum etməsinlər.
Bu iki insident sürücülərin kütləvi şəkildə boksa getməsinə səbəb olub. 10-cu dövrədə Qrojan və di Resta, 11-ci dövrədə Alonso və Uebber, 12-ci dövrədə Rəykkönen, Rikkardo və Batton, 13-cü dövrədə Rosberq və Sutil, 14-cü dövrədə Fettel və Peres yeni təkər dəsti alıblar. Mühəndis Fettelə xəbər verib ki, maşından çıxarılan arxa təkərlərdə təzyiq aşağı düşübmüş, təkərlərin partlamasına az qalıbmış.
14-cü dövrədə Lotus sürücüləri Verni keçərkən fransalı sürücünün də maşınında sol arxa təkər partlayıb – komandanın xahişi ilə Qrojan Rəykköneni irəli buraxıb.
Üç maşından trasa dağılan qırıntıları təmizləmək üçün Təhlükəsizlik Maşını trasa çıxıb. TM-in arxasında ilk onluq: Fettel – Rosberq – Sutil – Alonso – Rəykkönen – Qrojan – Rikkardo – Peres – Uebber – Batton.
22-ci dövrədə restart elan olunub, Fettel liderliyini qoruya bilib və rəqiblərindən uzaqlaşmağa başlayıb. Uebber Peresi üstələyərək 8-ci yerə yüksəlib. 23-cü dövrədə ilk onluq: Fettel – Rosberq – Sutil – Alonso – Rəykkönen – Qrojan – Rikkardo – Uebber – Peres – Batton.
24-cü dövrədə Bottas və Massa Verni keçiblər, 25-ci dövrədə Hülkenberq və Vern yeni təkər dəsti alıblar. 26-cı dövrədə Massa Bottası da üstəliyib. 27-ci dövrədə Qutyerres mexaniklərinə qonaq olub, trasda isə Rikkardo Qrojanı keçərək 6-cı yerə yüksəlib, Qrojan isə Uebberi də irəli buraxmalı olub.
29-cu dövrədə Rəykkönen, 30-cu dövrədə Alonso, 31-ci dövrədə Uebber, 32-ci dövrədə Rikkardo və Batton, 33-cü dövrədə di Resta, Sutil və Peres növbəti pit-stoplarını gerçəkləşdiriblər. Uebber yeni təkərlərlə əvvəlcə Həmiltonu, daha sonra isə Alonsonu keçib. 34-cü dövrədə Rosberq, 35-ci dövrədə Fettel boksa giriblər və trasa da ilk iki yerdə qayıdıblar. 36-cı dövrədə Həmilton və Massa boksa baş çəkiblər. Vern yarışı dayandırmalı olub – təkərin partlamasından sonra maşın ciddi zədələr alıb. Batton Qrojanı üstələyərək 9-cu yerə qalxıb. 39-cu dövrədə ilk onluq: Fettel – Rosberq – Rəykkönen – Uebber – Alonso – Sutil – Rikkardo – Peres – Batton – Qrojan.
40-cı dövrədə Həmilton da Qrojanı keçərək ilk onluğa qayıdıb. 41-ci dövrədə isə Fettelin maşınında ötürmələr qutusu sıradan çıxıb – Sebastyan yarışı dayandırmalı olub. Dünya çempionu maşını pis yerdə saxladığı üçün trasa Təhlükəsizlik Maşını çıxıb. Rosberq, Uebber, Qrojan, di Resta və Massa fürsətdən istifadə edərək yeni təkər dəsti alıblar. TM-in arxasında ilk onluq: Rosberq – Rəykkönen – Sutil – Uebber – Rikkardo – Peres – Batton – Alonso – Həmilton – Qrojan.
46-cı dövrədə restart elan olunub. Rosberq liderliyini qoruya bilib. Alonso Battonu qabaqlayıb və onun düz önündə Peresin maşınında sol arxa təkər partlayıb, Serxio maşınını boksda saxlayıb. Həmilton və Massa Rikkardonu keçiblər, Uebber əvvəlcə Sutili, daha sonra isə Rəykköneni keçib və Rosberqi təqib etməyə başlayıb. Alonso Rikkardonu, Sutili və Rəykköneni keçərək 3-cülüyə yüksəlib. Komandanın səhv taktikasının qurbanı olan Rəykköneni son dövrədə Həmilton da keçib.
Rosberq mövsümdə 2-ci, karyerasında isə 3-cü qələbəsini qazanıb. Uebber ona cəmi 0.7 saniyə uduzub, Alonso isə podiumun aşağı pilləsini qazanmaqla çempionatda Fettellə fərqi azaldıb.
Britaniya yarışı ənənəvi olaraq maraqlı alınıb, amma təkər problemləri yarışın gedişinə ciddi təsir ediblər, ona görə də Pirelli yarışdan sonra tənqid atəşəsinə tutulacaq. Növbəti yarışa isə cəmi bir həftə qalır…
Yer | Pilot | Komanda | Motor | Vaxt |
01 | N.Rosberq | Mercedes AMG | Mercedes | 1.32:59.456 |
02 | M.Uebber | Red Bull | Renault | + 0:00.765 |
03 | F.Alonso | Ferrari | Ferrari | + 0:07.124 |
04 | L.Həmilton | Mercedes AMG | Mercedes | + 0:07.756 |
05 | K.Rəykkönen | Lotus | Renault | + 0:11.257 |
06 | F.Massa | Ferrari | Ferrari | + 0:14.573 |
07 | A.Sutil | Force İndia | Mercedes | + 0:16.335 |
08 | D.Rikkardo | Toro Rosso | Ferrari | + 0:16.543 |
09 | P.di Resta | Force İndia | Mercedes | + 0:17.943 |
10 | N.Hülkenberq | Sauber | Ferrari | + 0:19.709 |
11 | P.Maldonado | Williams | Renault | + 0:21.135 |
12 | V.Bottas | Williams | Renault | + 0:25.094 |
13 | C.Batton | McLaren | Mercedes | + 0:25.969 |
14 | E.Qutyerres | Sauber | Ferrari | + 0:26.285 |
15 | Ş.Pik | Caterham | Renault | + 0:31.613 |
16 | J.Byanki | Marussia | Cosworth | + 0:36.097 |
17 | M.Çilton | Marussia | Cosworth | + 1:07.660 |
18 | Q.van der Qarde | Caterham | Renault | + 1:07.759 |
19 | R.Qrojan | Lotus | Renault | + 1 dövrə |
20 | S.Peres | McLaren | Mercedes | + 6 dövrə |
– | S.Fettel | Red Bull | Renault | – |
– | J.E.Vern | Toro Rosso | Ferrari | – |
Sürətli dövrə: Mark Uebber (Red Bull) – 1:33.401 (52-ci dövrə).
Turnir cədvəli:
Yer | Pilot | Komanda | Motor | Xal |
01 | S.Fettel | Red Bull | Renault | 132 |
02 | F.Alonso | Ferrari | Ferrari | 111 |
03 | K.Rəykkönen | Lotus | Renault | 98 |
04 | L.Həmilton | Mercedes AMG | Mercedes | 89 |
05 | M.Uebber | Red Bull | Renault | 87 |
06 | N.Rosberq | Mercedes AMG | Mercedes | 82 |
07 | F.Massa | Ferrari | Ferrari | 57 |
08 | P.di Resta | Force İndia | Mercedes | 36 |
09 | R.Qrojan | Lotus | Renault | 26 |
10 | C.Batton | McLaren | Mercedes | 25 |
11 | A.Sutil | Force İndia | Mercedes | 23 |
12 | J.E.Vern | Toro Rosso | Ferrari | 13 |
13 | S.Peres | McLaren | Mercedes | 12 |
14 | D.Rikkardo | Toro Rosso | Ferrari | 11 |
15 | N.Hülkenberq | Sauber | Ferrari | 6 |
16 | P.Maldonado | Williams | Renault | 0 |
17 | V.Bottas | Williams | Renault | 0 |
18 | E.Qutyerres | Sauber | Ferrari | 0 |
19 | J.Byanki | Marussia | Cosworth | 0 |
20 | Ş.Pik | Caterham | Renault | 0 |
21 | M.Çilton | Marussia | Cosworth | 0 |
22 | Q.van der Qarde | Caterham | Renault | 0 |
Yer | Komanda | Motor | Xal |
01 | Red Bull | Renault | 219 |
02 | Mercedes AMG | Mercedes | 171 |
03 | Ferrari | Ferrari | 168 |
04 | Lotus | Renault | 124 |
05 | Force İndia | Mercedes | 59 |
06 | McLaren | Mercedes | 37 |
07 | Toro Rosso | Ferrari | 24 |
08 | Sauber | Ferrari | 6 |
09 | Williams | Renault | 0 |
10 | Marussia | Cosworth | 0 |
11 | Caterham | Renault | 0 |