F-1.az xəbər verir ki, hələ startdan əvvəl Ducati-nin başçısı gələn il zavod komandasında ortaq olacaq iki sürücünün öz aralarında mübarizə aparmaq hüququna malik olduğunu açıqlayıb. Bundan sonra Gresini törəmə komandasının sürücüsü Bastyanini bu sözləri hərəkətə keçmək üçün siqnal kimi qəbul edib.
Enea 3-cü yerdən start alsa da, artıq 4-cü dövrədə Ducati-nin zavod komandasının digər sürücüsü Cək Milleri arxada qoyaraq, lider Banyayaya təzyiq etməyə başlayıb..
Artıq 8-ci dövrənin ilk döngəsində Bastyanini maksimal sürəti hesabına liderliyi ələ alsa da, 12-ci döngədə səhvə yol verib və geri düşüb. Bundan sonra məlum olub ki, yenidən Françeskoya hücum məsafəsinə çatan Enea sadəcə olaraq son dövrələri gözləyir.
Doğrudan da, son dövrələrdə Bastyanini yenidən aktivləşib, düzlüklərin sonunda bir neçə dəfə hücuma keçməyə cəhd edib və elə sonuncu dövrədə qəfildən heç kimin gözləmədiyi yerdə – 7-ci döngədə mükəmməl hücumla irəli çıxıb.
Banyaya rəqibinə cavab verə bilməyib. Finişdən sonra son dörd yarışın qalibi risk etməmək qərarına gəldiyini etiraf edib. Finişdə gələcək komanda yoldaşlarını 0,042 saniyə ayırıb (keçən yarışı Enea 0.034 saniyə ilə uduzmuşdu).
Əslində, nəticə qənaətbəxş hesab oluna bilər, çünki Banyaya mövsümün lideri Fabio Kuartararo ilə fərqi 30-dan 10-a endirib: fransalı sürücü 3-cü döngədən çıxışında Mark Markesin motosikletinin arxasına çırpılaraq yıxılıb. Dərhal tibb mərkəzinə çatdırılan Yamaha sürücüsü təhlükəli zədələr almayıb, lakin ümumi sıralamada onun rahat liderliyindən demək olar ki, heç nə qalmayıb.
Aprilia-dan Aleş Esparqaro, Cək Miller və Red Bull KTM-in lideri Brəd Binder yarış boyu üçüncü yer uğrunda mübarizə aparıblar. Brəd 9-cu yerdən start alsa da, ilk döngədən 2-cı çıxıb. Amma əvvəlcə onu Miller, daha sonra Bastyanini qabaqlayıblar.
Kuartararonun yıxılmasından sonra əlinə gözəl fürsət düşən Aleş sondan əvvəlki dövrədə podiumun alt pilləsinə yüksələ bilib. O, həftəsonuna iki ciddi yıxılma ilə başlayıb və sınıq barmağı ilə yarışa çıxıb, lakin yenə də yeddi yarışdan sonra ilk dəfə podiuma qalxmağı bacarıb. Bu podium sayəsində ispaniyalı sürücü Fabio ilə fərqi 17 xala salıb.
Yekun protokollarda ilk onluqda Ducati-nin 7 sürücüsü yer alıb və marka ardıcıl 3-cü dəfə Mühəndislər Kubokunu özünə təmin edib.
Mark Markesin 112 günlük fasilədən sonra çempionata qayıdışı uğursuz alınıb – Honda sürücüsü 13-cü yerdən start alsa da, ilk döngədən 6-cı yerdə çıxıb. Amma arxa təkərinin sürüşməsi sayəsində sürəti düşən ispaniyalı sürücüyə arxadan Kuartararo çırpılıb. Bundan sonra zədələnən Honda-ya törəmə komandanın sürücüsü Takaaki Nakaqami də çırpılıb və hər 3 sürücü mübarizəni dayandırıb…
MotoGP mövsümü gələn həftə Yaponiyada davam edəcək.