Barselona, 25.02.2016

Mövsümöncəsi testlərin ilk seriyası son illərin ən sakit və məhsuldar test seriyası olub. Reqlament demək olar ki, dəyişməyib, komandalar keçənilki yoxlanılmış şassilərin təkamül etmiş versiyalarını hazırlayıblar, güc qurğuları isə daha etibarlı olublar - ona görə də artıq testlərin ilk günündə sürücülərin çoxu yarış məsafəsini qət edə bilib. İlk testlərdə ənənəvi "uşaq xəstəlikləri" az olsa da, komandalar əsas işlərini etibarlılıq üzərində qurublar.

F-1.az bildirir ki, Mercedes AMG komandası qət olunan məsafə üzrə rəqiblərini çox qabaqlayıb, Ferrari dördgünlük testlərin 3 günündə protokollara başçılıq edib, Haas komandası isə hamını etibarlı və sürətli maşını ilə təəccübləndirib.

Bu gün yenə də McLaren Honda komandası problemlərlə üzləşib – testlərin ilk iki günü, hətta üçüncü günün naharına qədər komandanın işləri yaxşı gedib, amma dünən nahardan sonra başlayan problemlər bu gün də davam edib: bu gün trasa toplaşan azarkeşlər Fernando Alonso trasda cəmi 3 dəfə görə biliblər.

Testlərin ilk iki günü Renault komandası da problemlərlə üzləşmişdi – amma Palmeri Kevin Maqnussen əvəz etdikdən sonra vəziyyət yaxşıya doğru dəyişib, bu gün isə danimarkalı sürücü qət olunan məsafə üzrə lider olub.

Mercedes AMG komandası bu gün yenə də test proqramını sürücüləri arasında bölüb: nahara qədər Lyuis Həmilton, nahardan sonra isə Niko Rosberq işləyib. Sürücülər yalnız Medium tərkibindən istifadə ediblər ki, maksimum məsafə qət edə bilsinlər. Uzun dövrələr seriyası, təkərlərin dəyişdirilməsi və yenidən trasa! Testlərin ilk günü çempion komanda 156 ikinci günü 172, üçüncü günü 161 və bu gün 185 dövrə vurub. Əla statistikadır!

Ferrari yenə də günü yarısını itirib – son iki gün Skuderiyada Kimi Rəykkönen çalışıb, finlandiyalı sürücü Fettel kimi maşından razı qalıb, komandanın inkişafını təsdiq edib. Qeyd etmək lazımdır ki, həm Fettel, həm də Rəykkönen ən yaxşı nəticələrini yeni UltrSoft təkərlərdə göstəriblər. Amma komanda əvvəldən öz sürətini göstərməyi planlaşdırmışdı və bunu edə bilib.

Red Bull komandası da testlərdə pis təsir bağışlamayıb, Rikkardo və Kvyat elə həmin ultra yumşaq təkərlərdə hər dəfə Ferrari-dən sonra ikinci olublar. Komanda elə qət olunan məsafədə də Ferrari-yə bərabərdir.

Force İndia komandası iki gün test sürücü Alfonso Selislə işləyib, gənc sürücü testlərin ilk və sonuncu günü üçün komandaya müəyyən məbləğ ödəyib. Amma gələn həftəni komanda yalnız əsas sürücülərlə işləyəcək. Force İndia, Williams və Sauber (keçənilki maşınla) testlər ciddi problemsiz ötüşüb. Toro Rosso-nun da testlərdə fəal işləməsi hamını təəccübləndirib – komanda Ferrari motorlarına keçməsini çox gec müəyyənləşdirmişdi.

Testlərin son günü marşallar 3 dəfə qırmızı bayraqlara əl atmalı olublar – əvvəlcə Haryanto yenə də “sevimli” beşinci döngəsində səhvə yol verib, amma dünən sadəcə çınqıllı zonaya düşmüşdüsə, bu dəfə maşının arxa hissəsi ilə baryerlərə çırpılıb. Testlərin sonuna bir saat qalmış Qutyerres 4-cü döngənin çıxışında dayanıb, sessiyanın sonunda isə Maqnussen 3-cü döngədə dayanıb.

Rəykkönen və Kvyat UltraSoft, Selis SuperSoft təkərlərindən istifadə etdikləri üçün protokollarda da ilk üçlüyü tutublar. Testlərin ilk seriyası başa çatıb, amma beş gündən sonra ikinci seriya başlayacaq – bu dəfə bizim real qüvvələr nisbəti barədə daha dəqiq məlumatımız olacaq…

Sürücü Komanda Zaman Fərq Dövrə
1. K.Rəykkönen Ferrari 1:23.477 79
2. D.Kvyat Red Bull 1:24.293 + 0:00.816 95
3. A.Selis Force İndia 1:24.840 + 0:01.363 75
4. K.Maqnussen Renault 1:25.263 + 0:01.786 153
5. M.Ferstappen Toro Rosso 1:25.393 + 0:01.919 110
6. F.Nasr Sauber 1:26.053 + 0:02.576 121
7. N.Rosberq Mercedes AMG 1:26.212 + 0:02.710 86
8. L.Həmilton Mercedes AMG 1:26.295 + 0:02.818 99
9. F.Massa Williams 1:26.483 + 0:03.006 54
10. E.Qutyerres Haas 1:27.802 + 0:04.325 89
11. R.Haryanto Manor 1:28.266 + 0:04.789 51
12. F.Alonso McLaren  – 3
, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*