F-1.az xatırladır ki, testlərdə çempionatın iştirakçısı olan bütün 11 komanda iştirak edir və yalnız Sauber-dən başqa digər komandalar yeni maşınlarla işləyirlər. Bəzi komandalarda sürücülər dəyişib: Niko Rosberq Mercedes AMG-ə dünya çempionunu əvəz edib, Force İndia-da Serxio Peres yeni VJM09-u yoxlayıb, Maks Ferstappen hələ rənglənməmiş Toro Rosso-da debüt edib, yerli azarkeşlərin sevimlisi Fernando Alonso yeni McLaren-də yeni Honda motorunu sınayıb, çempionatın debütantı Haas komandası Esteban Qutyerreslə işləyib, Manor komandsı isə günü sürücüləri arasında bölüb – nahara qədər işləyən Paskal Verlyaynı fasilədən sonra Rio haryanto əvəz edəcək.
Dünən komandalar sadəcə yoxlama prosedurlarını yerinə yetirmidlər, bu gün isə komandalarda test proqramları fərqlənib – bəziləri dolu yanacaq çəni ilə işləyir, digərləri isə, əksinə, az yanacaqla qısa dövrələr seriyasında işləyirlər, bəziləri aerodinamik qiymətləndirmə aparır, digərləri isə təkərlərin effektivliyini dəyərləndirirlər.
Mercedes AMG hamını təəccübləndirməyə davam edir – səhər Rosberqin maşınında yan pantonların önündə darağı xatırladan maraqlı element peyda olub. Mercedes Motorsport-un başçısı Toto Volff dünən bildirmişdi ki, hər bir test günündə yenilik olacaq, ona görə sürprizlər davam edəcək.
Dünən Roman Qrojanın maşınında ön antiqanadın dağılmasından sonra Haas komandası problemin həll yollarını bu gün səhər də davam etdirib, ilk saatlarda Qutyerres hamıdan az məsafə qət etmişdi, amma nahara yaxın komanda təsdiq etdi ki, maşına yenilənmiş qanad quraşdırılıb.
Dünən Toro Rosso komandası ötürmələr qutusundakı nasazlıq üzündən günü yarımçıq başa vurmuşdu, bu gün isə problemlər davam edib – Maks Ferstappen gözlənilmədən 13-cü döngədə dayanıb. Marşallar qırmızı bayraqlara əl atıblar. Amam problem operativ həll olunub və Maks trasa qayıda bilib.
Nahara yaxın Fettel və Rikkardo yeni UltraSoft təkərlərlə işləyiblər – 2016-cı ildə şəhər traslarında debüt edəcək bu tərkib doğrudan da sürətli alınıb. Sebastyan protokollara başçılıq edib, təkərlər isə bir sürətli dövrədən sonra dağılıb – Barselona trası bu təkərlərə uyğun deyil.
Günən ən böyük məsafəsini dünən olduğu kimi Mercedes AMG sürücüsü qət edib – Niko nahara qədər qət etdiyi 81 dövrəni axşama 200 dövrəyə çatdırmağa çalışacaq. Nahar fasiləsindən sonra testlər davam edəcək…
Sürücü | Komanda | Zaman | Fərq | Dövrə |
1. S.Fettel | Ferrari | 1:22.810 | – | 48 |
2. D.Rikkardo | Red Bull | 1:23.525 | + 0:00.715 | 58 |
3. N.Rosberq | Mercedes AMG | 1:24.867 | + 0:02.057 | 81 |
4. S.Peres | Force İndia | 1:25.692 | + 0:02.882 | 48 |
5. M.Eriksson | Sauber | 1:25.734 | + 0:02.924 | 49 |
6. V.Bottas | Williams | 1:25.872 | + 0:03.062 | 55 |
7. P.Verlyayn | Manor | 1:25.925 | + 0:03.115 | 36 |
8. C.Palmer | Renault | 1:26.189 | + 0:03.379 | 41 |
9. E.Qutyerres | Haas | 1:26.931 | + 0:04.121 | 32 |
10. F.Alonso | McLaren | 1:27.198 | + 0:04.388 | 71 |
11. M.Ferstappen | Toro Rosso | 1:27.346 | + 0:04.536 | 59 |