Barselona, 18.05.2016

Çempionatın 11 komandasından onu, yəni Sauber-dən başqa hamısı İspaniya Qan Prisindən sonra Barselona yaxınlığındakı avtodromda qalıblar - reqlamentə görə, bulilki mövsümiçi testlərin ilk seriyası iki gün ərzində Braselonada keçirilməlidir. Komandalar çoxlu yeniliklər gətiriblər, gənc sürücüləri dəvət ediblər - yendə də reqlamentə əsasən, dörd test günündən ikisində sükan arxasında gənc sürücülər işləməlidirlər, yəni maksimum iki dəfə Qran Priyə çıxmış sürücülər.

F-1.az bildirir ki, ikinci test günü iştirakçıların heyəti ən çox müzakirə olunan mövzu olub – səhər tezdən məlum olub ki, Mercedes AMG komandasında əvvəldən elan olunmuş Esteban Okon deyil, Manor komandasının sürücüsü Paskal Verlyayn çalışacaq. Esteban hazırda test sürücüsü olduğu Renault komandası ilə dünən çalışmışdı, keçən il Mercedes-in test sürücüsü olmuş Paskal da dünən Manor komandası ilə çalışmışdı.

Komanda bu əvəzləməni onunla izah edib ki, mühəndislərin hazırladıqları bəzi yenilikləri test etmək üçün daha təcrübəli sürücü lazım olub. Amma Paskal mövsümdə artıq beş Qran Pridə iştirak edib və gənc sürücü sayılmır. Ona görə də Lyuis Həmilton iyulda vətəni Silverstounda keçiriləcək ikinci testlərdə sükan arxasında işləyə bilməyəcək, çünki komanda həmin iki günü mütləq gənc sürücülərlə işləməlidir.

Həmilton üçün elə də böyük itki olmasa da, mətbuat bu xəbəri dərhal günün  mövzusuna çevirib – bəzi saytlar Həmiltonun artıq Monakoda Verlyaynla əvəz olunmasından yazıblar, bəziləri Nikonun müqaviləsinin uzadılması üçün təhdid hesab ediblər. Bəzi saytlar Renault motorunun güclü inkişafına cavab kimi qiymətləndiriblər. Versiyaların hamısı maraqlı idi, amma Verlyayn heç nəyə fikir vermədən böyük bir proqram üzrə işləyib və 133 dövrə vuraraq günün ən böyük məsafəsini qət edib.

Maraqlıdır ki, Renault motorçularının nailiyyətini güc qurğusunun yeni servsiyası ilə işləyən dörd sürücünün hamısı təsdiq edib – həm Red Bull-da, həm də zavod komandasında təsdiq ediblər ki, motorun gücü artıb və idarəolunması yaxşılaşıb. Yeni güc qurğusu Kanada Qran Prisində debüta hazırlaşır, məhz Monrealda qüvvələr nisbətindəki dəyişikliyi qiymətləndirə biləcəyik – testlərə kimin hansı yanacaq ehtiyatı ilə işləməsi məlum deyildi.

Williams komandası bu gün Felipe Massa ilə yenə də arxa antiqanadın fərqli versiyası ilə işə başlayıb. Mühəndislər maşının arxa hissəsində stabilliyin və effektivliyin çatışmaması səbəblərini müəyyən ediblər. Bir müddət sonra komanda adi konfiqurasiyaya qayıdıb və Monako Qran Prisi üçün sazlanmaların axtarışı davam etdirilib – keçən il komanda bu yarışda xal qazana bilməmişdi.

Digər sürücülər də oxşar proqram üzrə işləyiblər – trasın 3-cü sektoru Monako trasını xatırladır. Məhz bu hissədə keçən həftə zəif olan Ferrari komandası bu gün gənc sürücülər akademiyasının üzvü Antonio Fuoko ilə işləyib. Nahara qədər sürücü ancaq Medium tərkiblə işləyib, nahardan sonra isə 19 yaşlı italiyalı sürücü dünən Fettelin başladığı işi davam etdirib – sıralanma turu rejimində ilk dövrədən təkərlərin effektiv işləməsinə nail olmağa çalışıb.

Dünən Roman Qrojan komandanın onun üçün yığdığı yeni Haas şassisindən razı qamışdı, bu gün Esteban Qutyerres də komandanın inkişafını müsbət qiymətləndirib. Toro Rosso-da Daniil Kvyat böyük məsafə qət etsə də, günü vaxtından əvvəl başa vurmalı olub – güc qurğusunda problemlər yaşanıb.

Səhər Fertsappenin göstərdiyi nəticə elə günün sonuna qədər ən yaxşı qalıb, bu gün heç kim sürət üzərində işləməyib. Beləliklə, Barselona testləri başa çatıb…

Yer N Sürücü Komanda Zaman Fərq Dövrə
1 33 Maks Ferstappen Red Bull 1:23.267 118
2 47 Stoffel Vandorn McLaren 1:24.006 + 0:00.739 108
3 94 Paskal Verlyayn Mercedes AMG 1:24.145 + 0:00.878 133
4 21 Esteban Qutyerres Haas 1:24.592 + 0:01.325 105
5 31 Antonio Fuokj Ferrari 1:24.720 + 0:01.453 118
6 26 Daniil Kvyat Toro Rosso 1:24.737 + 0:01.470 116
7 34 Alfonso Seliş Force İndia 1:25.016 + 0:01.749 103
8 20 Kevin Maqnussen Renault 1:25.133 + 0:01.866 122
9 19 Felipe Massa Williams 1:27.167 + 0:03.900 94
10 42 Cordan Kinq Manor 1:27.615 + 0:04.348 91
, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*