F-1.az xəbər verir ki, səhər bu həftə üçün ən soyuq hava olub. Komandalar aerodinamik elementləri yoxlamaqla işə başlayıblar. Hava və asfaltın temperaturu qalxdıqdan sonra uzun dövrələr vurmağa başlayıblar.
Bəzi sürücülər az yanacaq yükü və ən yumşaq təkər tərkibi ilə trasa çıxıblar. Nəticədə, Rikkardonun dünən imza atdığı trasın qeyri-rəsmi rekordunun ömrü cəmi bir sutka olub. Maraqlıdır, görəsən Fettelin bu gün 1:17.182-lik möhtəşəm nəticəsini üstələyən olacaq?
Orta qrupda mübarizə aparacağı gözlənilən komandalar da bu gün sıralanma turu rejimində işləyiblər. Nəticələr çox sıx olub. Fettelə ən yaxın nəticəni isə Maqnussen göstərib – Haas komandasının yeni maşını sürətli və stabil görünür.
McLaren bu dəfə heç bir problemlə qarşılaşmayıb. Vandorn xeyli məsafə qət edib. Komanda hər gün 100-dən çox dövrə vurmağı planlaşdırırdı, lakin buna ilk dəfə bu gün nail olub. Ən çox dövrə vuran sürücülərdən biri isə Qasli olub və Honda mühəndislərinin etibarlılıq problemlərini həll etdiyini bir daha göstərib. O, həm də HyperSoft təkərlə göstərdiyi nəticəyə görə protokollarda üçüncü yeri tutub.
Williams-da son iki gündə Kubitsa əsas sürücülərdən daha çox sükan arxasında olub. Lakin sabah Stroll və Sirotkinin işləyəcəyi axşam saatlarında elan olunub. Yeni FW41-in sürəti haqda hələ heç nə deyə bilmərik, lakin ardıcıl üç gündür ki, ən zəif nəticəni məhz bu komandanın sürücüləri göstərirlər…
Mercedes bu gün sürətli dövrələr üzərində işləməyib. Lakin hər iki sürücü sabah da sükan arxasında olacaq. Onların göstərəcəyi nəticə çox maraqlıdır. Lakin keçənilki ilə fərq böyükdür. Belə ki, 2017-ci ildə İspaniya Qran Prisində Həmiltonun ən yaxşı dövrəvi nəticəsi 1:23.593 olmuşdu, bu gün isə dövrəni 80 saniyədən daha tez vurub.
Sessiya sona bir saat qalmış Eriksson dördüncü döngədə trasdan çıxdığı üçün qırmızı bayraqlarla dayandırılıb. Sürücülər ardıcıl dövrələr seriyasını saxlamağa məcbur olaraq boksa qayıdıblar.
Sabah testlərin son günüdür…
Yer | N | Sürücü | Komanda | Zaman | Fərq | Dövrə | Təkər |
1 | 5 | Sebastyan Fettel | Ferrari | 1:17.182 | – | 188 | HyperSoft |
2 | 20 | Kevin Maqnussen | Haas | 1:18.360 | + 0:01.178 | 153 | UltraSoft |
3 | 10 | Pyer Qasli | Toro Rosso | 1:18.363 | + 0:01.181 | 169 | HyperSoft |
4 | 27 | Niko Hülkenberq | Renault | 1:18.675 | + 0:01.493 | 79 | HyperSoft |
5 | 55 | Karlos Sayns | Renault | 1:18.725 | + 0:01.543 | 69 | HyperSoft |
6 | 2 | Stoffel Vandorn | McLaren | 1:18.855 | + 0:01.673 | 151 | HyperSoft |
7 | 9 | Markus Eriksson | Sauber | 1:19.244 | + 0:02.062 | 148 | HyperSoft |
8 | 44 | Lyuis Həmilton | Mercedes AMG | 1:19.296 | + 0:02.114 | 84 | Medium |
9 | 77 | Valtteri Bottas | Mercedes AMG | 1:19.532 | + 0:02.350 | 97 | Medium |
10 | 40 | Robert Kubitsa | Williams | 1:19.629 | + 0:02.447 | 73 | SuperSoft |
11 | 11 | Serxio Peres | Force İndia | 1:19.634 | + 0:02.452 | 159 | HyperSoft |
12 | 33 | Maks Ferstappen | Red Bull | 1:19.842 | + 0:02.660 | 187 | UltraSoft |
13 | 28 | Ləns Stroll | Williams | 1:20.262 | + 0:03.080 | 67 | Soft |