Barselona, 07.03.2017

Barselonada mövsümöncəsi ikinci testlərin ilk günündə hava isti olub - temperatur +20 dərəcəyə, asfaltın istiliyi +30 dərəcəyə qədər yüksəlib. Ayın sonunda Melburnda da bizi belə hava gözləyir.

F-1.az bildirir ki, havanın istiliyi təkərlərə də təsir edib. Keçən həftəki testlərdə eyni təkərlərlə daha uzun məsafə qət etmək mümkün idi, bu dəfə isə aşınma daha çox olub. Komandalar ilk testlərdə daha çox etibarlılığı yoxlayırdılar, indi isə tədricən sürətli dövrələrə diqqət yetirməyə başlayıblar. Yenə də testlərdə əsas prioritet qət edilən məsafədir.

Günün problemsiz keçdiyini demək mümkün deyil. Ferrari yeganə komandadır ki, bu il hələ heç bir problemlə qarşılaşmayıb. Sebastyan Fettel bu gün ən çox dövrə vuran sürücülərdən biri olub.

Üç komanda gün ərzində hər iki sürücünün köməyindən istifadə edib. Lyuis Həmilton bugünkü testlərdən tam razı qalmayıb, nahardan sonra onu Valtteri Bottas əvəzləyib. Keçən həftə zədəsinə görə testlərə qoşulmayan Paskal Verlyayn bu gün ilk dəfə yeni C36-nın sükanı arxasında əyləşib, günün ikinci hissəsində isə Markus Eriksson komandanın proqramını davam etdirib. Renault-da isə Colion Palmeri Niko Hülkenberq əvəzləyib.

Düzdür, Palmer çox işləyə bilməyib – 15 dövrədən sonra onun maşını pit-leyndə dayanıb. Cihazlardan birindəki problemə görə maşının güc qurğusu məcburi dəyişdirilib. Daha bir güc qurğusu dəyişikliyi isə McLaren-də baş verib. Mövsüm ərzində hər bir sürücüyə dörd güc qurğusundan istifadəyə icazə veriləcək, lakin komanda Barselonada beş gün ərzində üçüncü dəfə dəyişiklik etməli olub. Bu da bir neçə saatlıq vaxt itkisi ilə nəticələnib.

İlk test həftəsində istədiyi məsafəni qət edə bilməyən Williams üçün günü uğurlu hesab etmək olar – Felipe Massa FW40 ilə 168 dövrə vurub. Bu da həm maşının etibarlılığını, həm də Felipenin fiziki hazırlığını təsdiqləyib. Səhər sıralanma turu rejimində işləyən braziliyalı vurduğu dövrə ilə protokollara başçılıq edib. Onun SuperSoft-la göstərdiyi nəticə Valtteri Bottasın ilk testlərdəki nəticəsinə cüzi uduzub.

Günün sonunda isə sessiya qırmızı bayraqlarla dayandırılıb. Buna səbəb Hülkenberqin maşınının trasda dayanması olub. Sabah testlər davam edəcək. Əksər komandalarda sürücü dəyişikliyi olacaq…

Yer N Sürücü Komanda Zaman Fərq Dövrə Təkər
1 19 Felipe Massa Williams 1:19.726 168 SuperSoft
2 3 Daniel Rikkardo Red Bull 1:19.900 + 0:00.174 89 UltraSoft
3 5 Sebastyan Fettel Ferrari 1:19.906 + 0:00.180 168 Soft
4 44 Lyuis Həmilton Mercedes AMG 1:20.456 + 0:00.730 49 Soft
5 77 Valtteri Bottas Mercedes AMG 1:20.924 + 0:01.198 86 Soft
6 31 Esteban Okon Force İndia 1:21.347 + 0:01.621 142 SuperSoft
7 27 Niko Hülkenberq Renault 1:21.589 + 0:01.863 57 Soft
8 20 Kevin Maqnussen Haas 1:21.676 + 0:01.950 81 Soft
9 26 Daniil Kvyat Toro Rosso 1:21.743 + 0:02.017 83 SuperSoft
10 2 Stoffel Vandorn McLaren 1:22.537 + 0:02.811 80 Soft
11 94 Paskal Verlyayn Sauber 1:23.336 + 0:03.610 47 Soft
12 9 Markus Eriksson Sauber 1:23.630 + 0:03.904 53 Soft
13 30 Colion Palmer Renault 1:24.790 + 0:05.064 15 Soft
, , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*