Barselona, 02.03.2016

Barselonada mövsümöncəsi testlərin altıncı günü komandaların hamısı sazlanmalarla işləyiblər, sürücülər sıralanma turu və yarışı imitasiya ediblər, start, pit-stop və digər standart prosedurlara hazırlaşıblar. Bu gün Bottas, Maqnussen və Qutyerres test hazırlıqlarını başa vurublar - növbəti dəfə onlar sükan arxasına artıq Melburnda oturacaqlar.

F-1.az xəbər verir ki, bu günün əsas uğursuz komandası Haas komandası olub – amerikalılar dünən olduğu kimi bu dəfə də test proqramını elə səhər başa vurmalı olublar. Dünən Esteban Qutyerres heç olmasa 23 dövrə vurmuşdu, bu gün isə elə ilk dövrədəcə mexaniklər telemetriya ilə nasazlıqlar müəyyən ediblər və sürücü boksa qayıdaraq maşını mexaniklərə təhvil verib. Nahar fasiləsində komandanın sahibi Cin Haas nahardan sonra trasa qayıdacaqlarına ümid bildirsə də, tezliklə komanda bildirib ki, bugünkü test proqramı başa çatıb. Sabah Roman Qrojan testlərə başlamalıdır.

Red Bull komandasında Daniel Rikkardo komanda yoldaşını əvəz edib, komandanın işini izləmək üçün Diter Mateşiç və Helmut Marko Barselonaya gəliblər. Səhər iki saat ərzində Rikkardo boksdan çıxaraq bir dövrə vurub yenidən boksa qayıdıb, 25 dəfə eyni qaydada sürücü və mexaniklər pit-stopu məşq ediblər. Bundan sonra Rikkardo uzun dövrələr seriyasında çalışmağa başlayıb. Sabah Kvyat öz test proqramını başa vurmalıdır.

Törəmə komanda Toro Rosso-nu bu gün trasda Karlos Sayns təmsil edib, əgər dünən Maks Ferstappen 144 dövrə vurmaqla ən çox məsafə qət edən sürücü olsa da, Mercedes AMG komandasına bu göstəricidə uduzmuşdusa (Həmilton və Rosberq birlikdə 172 dövrə vurmuşdular), bu gün ispaniyalı sürücü 166 dövrə vurmaqla hamını, o cümlədən, Mercedes AMG komandasını da (sürücülər bu gün cəmi 164 dövrə vurublar) qabaqlayıb. Komanda keçən ilin sonunda motor təchizatçısını dəyişsə də, yeni STR11 çox etibarlı alınıb.

Dünən trasda debüt edən yeni Sauber maşını bu gün səhər boksda ləngisə də, nahardan sonra Eriksson normal məsafə qət edib – komanda hələ də baza sistem və funksiyaların yoxlanmasını davam edir. Yəqin ki, testlərin son iki gününü komanda sazlanmalar və sürət üzərində çalışacaq.

Renault komandası bu gün sıralanma turu və yarışı imitasiya edib, keçən həftə olduğu kimi Maqnussen böyük məsafə qət edib. Keçən həftəni daha çox boksda keçirən Colion Palmer sabah komanda yoldaşını əvəz edəcək.

Ferrari komandası şirkətin prezidentinin tənqidindən sonra bu gün uzun dövrələr seriyasına üstünlük verib. Fettel Medium təkərlərlə  uzun məsafələrdə sürət üzərinə çalışıb. Çempionatda onların əsas rəqibi olan Mercedes AMG komandası isə yenə də günü sürücüləri arasında bölüb – nahara qədər Həmilton, nahardan sonra isə Rosberq trasda işləyblər. Hər iki sürücü problemsiz yarışı imitasiya ediblər.

Nahar qədər qırmızı bayraqlar göstərilməsə də, nahardan sonra axşama yaxın Eriksson 4-cü döngənin çınqıllı sahəsinə düşüb. Maşın operativ təxliyə olunub, testlər davam edib, Markus özü də tezliklə trasa qayıdıb.

Sürücülər bu gün müxtəlif təkər tərkibləri ilə işləyiblər. Bottas və Maqnussen SuperSoft-la qısa dövrələr seriyasına çıxıblar və Valtteri protokollara başçılıq edib. Protokollarda ikinci sətri Soft təkərlərlə Həmilton tutub.

Sabah testlər davam edəcək və komandaların çoxunda sürücülər dəyişəcək…

Yer N Sürücü Komanda Maşın Zaman Fərq Dövrə Təkər
1 77 Valtteri Bottas Williams FW38 1:23.261 108 SuperSoft
2 44 Lyuis Həmilton Mercedes AMG W07 1:23.622 + 0:00.361 73 Soft
3 20 Kevin Maqnussen Renault RS16 1:23.933 + 0:00.672 126 SuperSoft
4 5 Sebastyan Fettel Ferrari SF16-H 1:24.611 + 0:01.350 151 Medium
5 22 Censon Batton McLaren MP4-31 1:25.183 + 0:01.922 121 Soft
6 3 Daniel Rikkardo Red Bull RB12 1:25.235 + 0:01.974 135 Medium
7 55 Karlos Sains Toro Rosso STR11 1:25.300 + 0:02.039 166 Medium
8 11 Serxio Peres Force İndia VJM09 1:25.593 + 0:02.332 128 Soft
9 6 Niko Rosberq Mercedes W07 1:26.298 + 0:03.037 91 Medium
10 94 Paskal Vehrlyayn Manor MRT05 1:27.064 + 0:03.803 79 Soft
11 9 Markus Eriksson Sauber C35 1:27.862 + 0:04.601 55 Soft
12 21 Esteban Qutyerres Haas VF-16 1 Medium
, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*