F-1.az bildirir ki, yağış və qara görə bu il vurulan dövrələrin sayı keçənilki ilk testlərlə müqayisədə iki dəfə az olub. Komandalar əlavə bir gün testlərin keçirilməsi məsələsində razılığa gələ bilməyiblər, lakin itirilən vaxtın kompensasiya edilməsi üçün son iki gündə nahar fasiləsi ləğv olunub. Testlərin dördüncü günündə Barselonada hava bir qədər isti olub, lakin səhər yağış yağıb. Buna görə də, günün ilk hissəsində işləyən sürücülər daha əlverişsiz şəraitdə işləyiblər.
İlk saatlarda yağış təkərlərlə trasa çıxan sürücülər bir qədər sonra keçid təkərləri ilə işləyiblər. Tras quruduqdan sonra isə sliklərə keçiblər. Sürücülər bu gün əvvəlki üç günlə müqayisədə, daha çox dövrə vurublar. Asfaltın temperaturu +20 dərəcəyə çatıb və nəticələr saatbasaat yaxşılaşıb.
Williams səhər Sirotkinin köməyindən istifadə edib. Sergey gün ərzində sliklərlə çıxış etməyən yeganə sürücü olub. Günün ikinci hissəsində onu Stroll əvəzləyib. Mercedes də proqramı sürücüləri arasında bölüb – səhər Bottas, günortadan sonra isə Həmilton sükan arxasında əyləşib. McLaren və Renault komandaları da eyni addımı atıblar.
Force İndia-da Serxio Peres ilk dəfə yeni maşını idarə edib. Bu gün də testlər iki dəfə qırmızı bayraqlarla dayandırılıb. Əvvəlcə Ferstappen 12-ci döngədə çınqıllığa çıxıb, daha sonra isə Stroll təhlükəsizlik zonasında maşını saxlamalı olub.
Protokollara Medium təkərlərlə göstərdiyi 1:19.333-lük nəticə ilə Həmilton rəhbərlik edib. Britaniyalı sürücünün bu nəticəsi həm də ilk testlərin ən yaxşısı olub.
Beləliklə, mövsümöncəsi ilk testlər başa çatıb. Komandalar bazalarına qayıdacaqlar, növbəti testlər isə gələn həftənin çərşənbə axşamı start götürəcək. Hava şəraitinin isə yaxşı olacağı vəd edilir…
Yer | N | Sürücü | Komanda | Zaman | Fərq | Dövrə | Təkər |
1 | 44 | Lyuis Həmilton | Mercedes AMG | 1:19.333 | – | 64 | Medium |
2 | 2 | Stoffel Vandorn | McLaren | 1:19.854 | + 0:00.521 | 110 | Hypersoft |
3 | 5 | Sebastyan Fettel | Ferrari | 1:20.241 | + 0:00.908 | 110 | Soft |
4 | 20 | Kevin Maqnussen | Haas | 1:20.317 | + 0:00.984 | 88 | SuperSoft |
5 | 14 | Fernando Alonso | McLaren | 1:20.929 | + 0:01.596 | 43 | SuperSoft |
6 | 55 | Karlos Sayns | Renault | 1:20.940 | + 0:01.607 | 50 | Medium |
7 | 18 | Ləns Stroll | Williams | 1:21.142 | + 0:01.809 | 51 | Soft |
8 | 11 | Serxio Peres | Force İndia | 1:21.973 | + 0:02.640 | 63 | Soft |
9 | 33 | Maks Ferstappen | Red Bull | 1:22.058 | + 0:02.725 | 35 | Soft |
10 | 10 | Pyer Qasli | Toro Rosso | 1:22.134 | + 0:02.801 | 139 | SuperSoft |
11 | 27 | Niko Hülkenberq | Renault | 1:22.507 | + 0:03.174 | 49 | Soft |
12 | 77 | Valtteri Bottas | Mercedes AMG | 1:22.789 | + 0:03.456 | 60 | Medium |
13 | 16 | Şarl Lekler | Sauber | 1:22.808 | + 0:03.475 | 51 | Soft |
14 | 9 | Markus Eriksson | Sauber | 1:23.825 | + 0:04.492 | 79 | SuperSoft |
15 | 35 | Sergey Sirotkin | Williams | 1:31.979 | + 0:12.646 | 47 | Keçid |