Barselona, 01.03.2017

Testlərin üçüncü günü baharın ilk günü ilə üst-üstə düşüb. Səhər havanın sərin olması komandaların təkərlərlə işləməsini çətinləşdirib. Lakin saatlar keçdikcə, vəziyyət də düzəlib. Bütün komandalar xeyli məsafə qət ediblər. Mercedes AMG, Renault və Toro Rosso komandaları gün ərzində hər iki sürücüsünün xidmətindən istifadə edib.

F-1.az bildirir ki, gün Renault üçün heç də uğurlu başlamayıb. Colion Palmer idarəetməni itirib və çınqıllığa düşüb. Sessiya qırmızı bayraqlarla dayandırılıb və maşın operativ şəkildə evakuasiya olunub. Palmeri nahardan sonra Niko Hülkenberq əvəz edib. Maşında və güc qurğusunda heç bir nasazlıq olmayıb.

 

Force İndia bugünkü testlərdə maşını əsas sürücülərə yox, gənc meksikalı Alfonso Selişə tapşırıb – bu, qış testlərində orta qrupda yarışan komanda üçün qeyri-standart qərardır. Williams-ın proqramında isə dəyişiklik olub – bugünkü testdə əvvəldən planlaşdırıldığı kimi Felipe Massa yox, Ləns Stroll iştirak edib. Dünən çınqıllığa düşərək ön qanadı zədələyən və günü erkən başa vuran Stroll bu gün də beşinci döngədə idarəetməni itirib və divara dəyib. Günü iki saat tez yekunlaşdırsa da, 98 dövrə vura bilib.

 

McLaren Honda problemlərə keçən ilk iki gündə iki güc qurğusu dəyişdikdən sonra bu gün normal işləyə bilib. Fernando səhər aerodinamikanı yoxlamaq məqsədi ilə bir neçə dövrə vurub. Növbəti saatlarda trasda daha çox vaxt keçirən ispan sürücü 72 dövrə vurub ki, bunu komanda üçün qənaətbəxş hesab etmək olar. Toro Rosso-da nahara qədər Daniil Kvyat sükan arxasında olub. Lakin bu gün də komanda müəyyən fasilələrlə işləyə bilib. Günün ikinci hissəsində rus sürücünü Karlos Sayns əvəz edib. Lakin Saynsın maşını 31 dövrə vurduqdan sonra dördüncü döngədə qalıb. Sessiya bir daha qırmızı bayraqlarla dayandırılıb və komanda üçün test günü sona çatıb.

 

Red Bull-un sürücüsü Daniel Rikkardo problemlə üzləşsə də, yenidən trasa qayıda bilib. Avstraliyalı 69 dövrəlik məsafə qət edib, dövrəvi nəticəyə görə isə üçüncü olub. Ferrari-ni Sebastyan Fettel təmsil edib və ilk gündə olduğu kimi, ən çox məsafə qət edən sürücü olub. Komanda yanacaq sisteminin ötürücülərini də sınaqdan keçirib. Alman sürücü günün ən sürətli ikinci dövrəsini Soft təkərlərlə vurub. Ferrari-nin əldə etdiyi nəticələr hələ ki, qənaətbəxş görünür. Komanda geridə qalan üç gün ərzində daha çox Medium təkərlərlə işləməyə üstünlük verib.

 

Mercedes AMG dünən Valtteri Bottasla yarış simulyasiyasını uğurla yerinə yetirmişdi. Bu gün isə nahardan sonra Bottası əvəz edən Lyuis Həmilton eyni proqramı icra edib. Lakin Lyuis ardıcıl dövrələri qırmızı bayrağa görə dayandıqmaq məcburiyyətində qalıb. Səhər saatlarında isə Bottas az yanacaq yükü və UltraSoft təkərlərlə ardıcıl sürətli dövrələr vurub. Finlandiyalı 1:19.705-lik nəticə ilə günü lider tamamlayıb – bu, həm də, ilk üç günün ən yaxşı nəticəsidir.

Bu gün trası ziyarət edənlər arasında keçən mövsüm çempion olduqdan sonra karyerasını bitirən Niko Rosberq də olub. Sabiq komandasının boksunu ziyarət edən Niko orada xeyli vaxt keçirib. Onun gəlişi jurnalistlərin və azarkeşlərin də böyük marağına səbəb olub.

 

Sabah mövsümöncəsi ilk testlərin sonuncu günüdür. Pirelli-nin xahişi ilə asfalt süni sulanacaq, komandalar keçid və yağış təkərləri ilə işləyəcəklər.

Yer N Sürücü Komanda Zaman Fərq Dövrə Təkər
1 77 Valtteri Bottas Mercedes AMG 1:19.705 75 UltraSoft
2 5 Sebastyan Fettel Ferrari 1:19.952 + 0:00.247 139 Soft
3 3 Daniel Rikkardo Red Bull 1:21.153 + 0:01.448 69 Soft
4 30 Colion Palmer Renault 1:21.396 + 0:01.691 51 Soft
5 27 Niko Hülkenberq Renault 1:21.791 + 0:02.086 42 Soft
6 9 Markus Eriksson Sauber 1:21.824 + 0:02.119 124 SuperSoft
7 44 Lyuis Həmilton Mercedes AMG 1:22.090 + 0:02.385 95 SuperSoft
8 8 Roman Qrojan Haas 1:22.118 + 0:02.413 55 Soft
9 18 Ləns Stroll Williams 1:22.351 + 0:02.646 98 Soft
10 14 Fernando Alonso McLaren 1:22.598 + 0:02.893 72 UltraSoft
11 55 Karlos Sayns Toro Rosso 1:23.540 + 0:03.835 32 Medium
12 34 Alfonso Seliş Force İndia 1:23.568 + 0:03.863 69 SuperSoft
13 26 Daniil Kvyat Toro Rosso 1:23.952 + 0:04.247 31 Medium
, , , , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*