F-1.az xəbər verir ki, bu dəfə pouldan start alan Ducati-nin zavod komandasının sürücüsü Françesko Banyaya ilk döngələrdə liderliyini qoruya bilib. Honda-nın törəmə komandasının sürücüsü Aleks Rins şənbə sprintindən fərqli olaraq, bu dəfə səhvə yol verməyib və sonuncu dünya çempionunu sıx təqib edib.
Bu ikili sürətlə rəqiblərindən uzaqlaşmağa başlayıb – 5-ci dövrədən başlayaraq Pekko Alekslə də fərqi yavaş-yavaş artırmağa başlayıb. Amma 8-ci dövrənin ilk sektorunda italiyalı çempion yıxılıb. Bundan sonra Rins sadəcə baykı finişə çatdırmağa çalışıb.
Banyaya bu il baş tutan 3 yarışdan son ikisində yıxılıb – italiyalı sürücü əvvəlki iki mövsümdə də tez-tez yıxılmaları ilə yadda qalıb…
Aleks isə keçən il çempionatdan gedən Suzuki komandasından sonra Honda-nın törəmə komandasında çıxışı davam etdirməklə bir daha potensialını göstərmiş olub.
Podiumu isə Valentino Rossinin VR46 komandasından qardaşı Luka Marini və Yamaha-dan Fabio Kuartararo tamamlayıblar.
Qeyd edək ki, dünən sprintdə 4 sürücü yıxılmışdısa, bu gün finişə cəmi 13 sürücü çata bilib.
Mövsümün 3 yarışından sonra çempionata VR46-nın digər sürücüsü Marko Bezzekki başçılıq edir – Banyaya ona 11 xal uduzur və Rinsi 6 xal qabaqlayır.
Çempionat iştirakçıları növbəti dəfə aprelin son günlərində İspaniyanın Xeres avtodromunda bir araya gələcəklər…