Banyaya trasın rekordu ilə mövsümdə ilk poulunu qazanıb

Dünən okeanın o tayında Texasın Ostin şəhərində salınmış COTA avtodromunda MotoGP mövsümünün 3-cü mərhələsi çərçivəsində sıralanma turu baş tutub.

Qaydalara görə, dünən və bu gün baş tutan sərbəst yürüşlərdə ilk 10-ğa düşə bilməyən sürücülər sıralanma turunun ilk sessiyasında mübarizə aparıblar. Növbəti sessiyada çıxış etmək hüquq verən iki vəsiqə uğrunda mübarizə sıx olmayıb – Ducati-nin törəmə komandalarının sürücüləri Joan Zarko və əvvəlki yarışın qalibi Marko Bezzekki böyük üstünlüklə rəqiblərini qabaqlayıblar.

Honda-dan Xoan Mir 3-cü olmaqla liderə 0.356 saniyə uduzub, Yamaha-dan Franko Morbidelli və Aprilia-dan Miqel Oliveyra növbəti yerləri tutublar.

F-1.az xəbər verir ki, poul uğrunda mübarizə daha gərgin olub. İlk cəhdlərdən sonra son çempion Françesko Banyaya protokolların zirvəsinə yüksəlib. Maraqlıdır ki, Ducati-nin zavod sürücüsü ilə eyni nəticəni Ducati-nin daha bir törəmə komandasının sürücü Aleks Markes də göstərib. İki həftə əvvəl karyerasının ilk poulunu qazanan Aleks bu dəfə eyni uğuru təkrarlamağa çalışıb.

Amma Banyaya ikinci cəhdlərdə gənc ispaniyalı sürücüyə onun slip striminə oturmağa imkan verməyib. Peko son dövrəsində avtodromun tarixində 122 saniyədən sürətli ilk sürücü olub – 2:01.892. Bu nəticə ilə mövsümdə ilk poulunu qazanan italiyalı sürücü başqa bir sensasiyanın da baş verməsinə əngəl olub – Honda-nın törəmə komandasının sürücüsü Aleks Rins o ana qədər protokollara başçılıq edib. İlk cərgəni isə Valentino Rossinin komandasının sürücüsü Luka Marini tamamlayıb.

Markes, Bezzeki və Aprilia-dan Aleş Esparqaro ikinci cərgədən start alacaqlar.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*