Banyaya tarixin ilk sprintini qazanıb

Bu gün Portuqaliyanın Portimao şəhərciyində Alqarve avtodromunda tarixin ilk sprint (qısa) yarışı baş tutub.

F-1.az xəbər verir ki, pouldan yarışa başlayan Honda-nın sürücüsü Mark Markes ilk döngədə liderliyini qoruyub, 4-cü yerdən start alan Ducati-nin debütantı Enea Bastyanini 2-ci yerə yüksəlib. Ducati ilə keçən il titul qazanmış Françesko Banyaya isə 4-cü yerə geriləyib – hətta Pramac-dan Xorxe Martın də onun önündə qərarlaşıb.

Amma ilk dövrənin sonunda, daha doğrusu start finiş düzlüyündə vəziyyət dəyişib. Xorxe və Françesko (Peko) irəli çıxıblar. Növbəti dövrədə yenə də start düzlüyündə Miqel Oliveyra və Cək Miller də Markesi arxada qoyublar.

Bu beşlik rəqiblərindən uzaqlaşıb. Arxada Luka Marininin səhvi Bastyaninin yıxılmasına səbəb olub – hər iki sürücü üçün yarış başa çatııb. Bu ildən Honda ilə yarışan 2020-ci ilin çempionu Xoan Mir də mübarizəni erkən dayandırmalı olub.

Öndə gedən Xorxenin təkərləri daha tez yeyildiyi üçün beşlik onu sıx təqib edib və liderdən başqa digər mövqelərdə yerdəyişmələr olub. Hətta Aprilia-nın sürücüləri Maverik Vinyales və Aleş Esparqaro da onlara çatıblar.

Son 2 dövrə qalmış Markes bir həmlə ilə iki sürücünü arxada qoyaraq 3-cü yerə yüksəlib. Son dövrədə isə Banyaya Martini ötə bilib.

Beləliklə, tarixin ilk sprint yarışını Peko qazanıb, Xorxe və Mark isə podiumu tamamlayıblar.

Sabah Bakı vaxtı ilə saat 17:00-da mövsümün ilk Qran Prisi baş tutacaq…

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*