Banyaya ilk titulunu qazanıb – Suzuki çempionatı qələbə ilə tərk edib

Motosiklet sürücülərinin dünya çempionatında son dörd ildə dördüncü titul sahibi məlum olub. Françesko Banyaya güclü yarış keçirməyib və sadəcə 9-cu yerlə kifayətlənib. Lakin Valensiyaya gəlməzdən öncə onun üstünlüyü çempionatı ötənilki çempion Fabio Kuartararodan öndə başa vurmağa kifayət edib.

F-1.az xəbər verir ki, Rikardo Tormo trasındakı yarış ilk döngələrdə qarışıqlıqla başlayıb və nəticədə startda beşinci olan Suzuki-dən Aleks Rins liderliyi ələ alıb.

Bundan sonra ispaniyalı sürücü bütün yarış məsafəsini liderlik edərək, mövsümdə 2-ci qələbəsini qazanıb və Suzuki-yə əla hədiyyə edib: marka MotoGP ilə ayrılmazdan əvvəl son yarışlarda iki qələbə qazanıb.

Amma bu mübarizə heç kimi maraqlandırmayıb. Bütün diqqətlər Banyaya və Kuartararo arasındakı mübarizəyə yönəlib.

Startda 4-cü və 8-ci olsalar da, artıq birinci dövrənin sonunda titula namizədlər ardıcıl olublar və hətta Banyaya hücum edərək önə də çıxıb. Sürücülər arasında təmas yaşanıb. İki dövrə sonra Fabio əks-hücumla mövqeyini geri qatara bilib və sürətlə əsas rəqibindən uzaqlaşmağa başlayıb.

Bundan sonra Pekko sadəcə finişə getməyə üstünlük verib. Hər dəfə hansısa sürücü Ducati sürücüsünü qabaqlayanda, öndəki sürücülərdən biri yıxılaraq mübarizədən kənar qalıb.

Əvvəlcə Honda-dan Mark Markes çətin mövsümü çınqıllıqda başa vurub. Daha sonra Ducati ilə son yarışına çıxan Cək Miller podiumu əldən verib.

Təəssüf ki, bütün bu yıxılmalar Kuartararoya irəliləməyə imkan verməyib – KTM komandasından Brəd Binder onu keçərək qələbə uğrunda mübarizəyə girişib.

Binder pouldan start alan Xorxe Martini qabaqlasa da, yarışın lideri Rinsə çatmağa vaxt qalmayıb və finişdə rəqibinə cəmi 0.3 saniyə uduzub.

Finiş xəttini 4-cü yerdə keçən Fabio keçənilki titulunu müdafiə edə bilməyib və Pekkonu çempionluq münasibəti ilə ilk təbrik edənlərdən olub.

Bu, Ducati sürücülərinin son 15 ildə ilk tituludur. İtalyan sürücünün italyan texnikası ilə əfsanəvi Cakomo Aqostinidən sonra 50 ildə ilk çempionluğudur.

, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*