Bununla da iyun ayında ölkəmizə gələcək komandaların tam heyəti məlum olub. F-1.az xatırladır ki, bu il çempionatda 11 komanda iştirak edir və hər bir komandanı iki sürücü təmsil edir. Ona görə də Hökumət Evinin qarşısındakı start-finiş düzlüyündə iyunun 19-da dünyanın ən sürəti 22 sürücüsünü görəcəyik. Qeyd edək ki, peletonda 5 dünya çempionu (Sebastyan Fettel, Lyuis Həmilton, Fernando Alonso, Kimi Rəykkönen və Censon Batton) yarışacaq. Komandaların heyəti ilə bir daha bu cədvəldən tanış ola bilərsiniz.
Bu gün çempionat iştirakçılarının sahib olduqları bəzi möhtəşəm nəticələri nəzərinizə çatdırmaq istədik.
Cədvəldən də göründüyü kimi peletonda ən təcrübəli sürücü Censon Battondur. Britaniyalı sürücü 17-ci mövsümünə hazırlaşır və indiyə kimi 287 Qran Pridə iştirak etməklə 284 yarışda start alıb və 15 mindən çox dövrə vurmaqla 75.5 min km-dən çox məsafə qət edib. Bakıya gələn sürücülər arasında ən titullusu dördqat dünya çempionu Sebastyan Fettel olsa da, qələbə sayına görə cəmi bir qələbəlik üstünlük sonuncu dünya çempionu Lyuis Həmiltondadır – 43 qələbə. Amma Sebastyan 2013-cü ilin ikinci yarısında ardıcıl 9 qələbə qazanmaqla adını F1 tarixinə yazdırıb.
Podiumların sayına görə Bakıya gələcək sürücülər arasında Fernando Alonso (90) liderlik etsə də, pouldan və birinci cərgədən start almaq üzrə lider Lyuis Həmiltondur. Sürətli dövrələrə görə Kimi Rəykkönen (42) rəqiblərini çox qabaqlayır. Sebastyan Fettelin 28 dubluna (pouldan start almaqla qələbə qazanmaq) Lyuis Həmilton 9 het-triklə (poul, qələbə və sürətli dövrə) cavab verib. Startdan finişədək liderlik daha çox etdiyinə görə (13 dəfə) Sebastyan Fettel peletonda 4 dəfə Böyük Dəbilqə (het-trik və startdan finişədək liderlik) qazanmış sürücüdür.
Sebastyan Fettel həm də Formula1 tarixində indiyə qədər ən çox xal qazanmış sürücüdür. Hazırda onun hesabında 1896 xal var.
Amma Bakıda keçiriləcək yarışa qədər təqvimdə 7 yarış var və bu cədvəldəki bir çox göstəricilər üzrə adlar dəyişə bilər. Əminik ki, mövsüm maraqlı start alacaq və biz hər bir yarışda qələbə uğrunda gərgin mübarizə görəcəyik…
Göstərici | 2016-cı il | Formula1 tarixində | ||
Sürücü | Say | Sürücü | Say | |
F1-də mövsüm | Censon Batton | 16 | Rubens Barrikello | 19 |
Qran Pri | Censon Batton | 287 | Rubens Barrikello | 326 |
Start | Censon Batton | 284 | Rubens Barrikello | 322 |
Qələbə | Lyuis Həmilton | 43 | Mixael Şumaxer | 91 |
Ardıcıl qələbə | Sebastyan Fettel | 9 | Sebastyan Fettel | 9 |
Podium | Fernando Alonso | 97 | Mixael Şumaxer | 155 |
Ardıcıl podium | Lyuis Həmilton | 16 | Mixael Şumaxer | 19 |
Poul | Lyuis Həmilton | 49 | Mixael Şumaxer | 68 |
Ardıcıl poul | Lyuis Həmilton | 7 | Ayrton Senna | 8 |
Birinci cərgə | Lyuis Həmilton | 90 | Mixael Şumaxer | 116 |
Ardıcıl birinci cərgə | Lyuis Həmilton | 20 | Ayrton Senna | 24 |
Sürətli dövrə | Kimi Rəykkönen | 42 | Mixael Şumaxer | 77 |
Ardıcıl sürətli dövrə | Kimi Rəykkönen | 6 | Alberto Askari | 7 |
Dubl | Sebastyan Fettel | 28 | Mixael Şumaxer | 40 |
Het-trik | Lyuis Həmilton | 9 | Mixael Şumaxer | 22 |
Startdan finişədək liderlik | Sebastyan Fettel | 13 | Ayrton Senna | 19 |
Böyük Dəbilqə | Sebastyan Fettel | 4 | Cim Klark | 8 |
Dövrələr | Censon Batton | 15182 | Mixael Şumaxer | 16825 |
Liderlik dövrələri | Sebastyan Fettel | 2614 | Mixael Şumaxer | 5112 |
Məsafə, km-lə | Censon Batton | 75542.46 | Mixael Şumaxer | 81209.07 |
Liderlik məsafəsi, km-lə | Sebastyan Fettel | 13754.83 | Mixael Şumaxer | 24153.11 |
Xallar | Sebastyan Fettel | 1896 | Sebastyan Fettel | 1896 |