QƏLƏBƏ
Bildiyiniz kimi, Bakı Şəhər Halqasında indiyə qədər heç bir sürücü 2 dəfə qalib gələ bilməyib. Yarışlarda nəsə baş verib və buna imkan olmayıb. Məsələn, 2019-cu ilin qalibi Bottas ondan cəmi 1 il əvvəl təkəri partladığı üçün qələbədən məhrum olmuşdu. Həmin il zəfər qazanan Həmiltonun da ondan 1 il əvvəl başına qəribə hadisələr gəlmiş və qalib olmamışdı. İndiyə qədər burada 3 dəfə Mercedes, 2 dəfə isə Red Bull sürücüləri finiş xəttini hamıdan tez keçib.
İl | Sürücü | Komanda |
2016 | Niko Rosberq | Mercedes |
2017 | Daniel Rikkardo | Red Bull |
2018 | Lyuis Həmilton | Mercedes |
2019 | Valtteri Bottas | Mercedes |
2021 | Serxio Peres | Red Bull |
Nəzərə alsaq ki, bu il qələbə uğrunda mübarizə aparan Red Bull və Ferrari-nin 4 sürücüsündən üçü burada daha əvvəl qalib gəlməyib, sözügedən statistikanın davametmə ehtimalı yüksəkdir. Təbii ki, son yarışlarda özünü yaxşı göstərən, Bakıda hər zaman əla çıxış edən, ümumiyyətlə şəhər traslarını çox sevən Peres imkan verərsə…
POUL
Tək qələbələrdə yox, poul məsələsində də vəziyyət eynidir – heç bir sürücü burada 2 dəfə poulun sahibi ola bilməyib. Cəmi 2 dəfə – 2016-cı ildə Rosberq və 2019-cu ildə Bottas poulu qələbəyə çevirə bilib. Qalan üç halda isə, Rikkardo 10-cu, Həmilton 2-ci, Peres isə 6-cı sıradan başladığı yarışda qalib olub – ən geridən başlayaraq yarış qazanan sürücü Rikkardodur.
İl | Sürücü | Komanda | Poul dövrəsi |
2016 | Niko Rosberq | Mercedes | 1:42.758 |
2017 | Lyuis Həmilton | Mercedes | 1:40.593 |
2018 | Sebastyan Fettel | Ferrari | 1:41.498 |
2019 | Valtteri Bottas | Mercedes | 1:40.495 |
2021 | Şarl Lekler | Ferrari | 1:41.218 |
SÜRƏTLİ DÖVRƏLƏR
Yəqin heç bir sürücünün iki yarışda ən sürətli dövrənin sahibi ola bilməməsinə də təəccüblənməyəcəksiz. Bakıdakı yarışlarda sürətli dövrənin sahibi yalnız bir dəfə podiuma çıxa bilib ki, bunu da 2016-cı ildə həm də poul və qələbə qazanmış Rosberq edib…
İl | Sürücü | Komanda | Sürətli dövrə |
2016 | Niko Rosberq | Mercedes | 1:46.485 |
2017 | Sebastyan Fettel | Ferrari | 1:43.441 |
2018 | Valtteri Bottas | Mercedes | 1:45.149 |
2019 | Şarl Lekler | Ferrari | 1:43.009 |
2021 | Maks Fersttappen | Red Bull | 1:44.481 |
PODİUM
Bakıdakı 5 yarışda ümumilikdə 9 nəfər podiuma çıxa bilib. Onlardan yeddisi bu il də yarışacaq və bu statisikada irəliləmək şansını əldə edəcəklər.
Yer | Sürücü | Podium |
1 | Serxio Peres | 3 |
2 | Sebastyan Fettel | 3 |
3 | Lyuis Həmilton | 2 |
4 | Valtteri Bottas | 2 |
5 | Niko Rosberq | 1 |
6 | Daniel Rikkardo | 1 |
7 | Kimi Rəykkönen | 1 |
8 | Ləns Stroll | 1 |
9 | Pyer Qasli | 1 |
BAKIDA KİM NEÇƏ XAL QAZANIB?
Bakıda 5 yarışda 22 müxtəlif sürücü xal qazana bilib ki, onlardan 16-sının bu il də xal hesabını artırmaq imkanı olacaq. Liderlik isə bütün yarışları ilk dördlükdə başa vuran Fetteldədir. Alman sürücü Bakıda qələbə qazanmasa da, çox sabit çıxışı ilə seçilib.
Yer | Sürücü | Xal |
1 | Sebastyan Fettel | 75 |
2 | Lyuis Həmilton | 63 |
3 | Serxio Peres | 63 |
4 | Valtteri Bottas | 51 |
5 | Daniel Rikkardo | 33 |
6 | Kimi Rəykkönen | 32 |
7 | Şarl Lekler | 31 |
8 | Niko Rosberq | 25 |
9 | Karlos Sayns | 24 |
10 | Ləns Stroll | 21 |
11 | Maks Ferstappen | 16 |
12 | Fernando Alonso | 16 |
13 | Pyer Qasli | 15 |
14 | Lando Norris | 14 |
15 | Esteban Okon | 8 |
16 | Kevin Maqnussen | 6 |
17 | Yuki Tsunoda | 6 |
18 | Niko Hülkenberq | 2 |
19 | Stoffel Vandorn | 2 |
20 | Felipe Massa | 1 |
21 | Paskal Verlyayn | 1 |
22 | Brendon Hartley | 1 |
Sürücülərin çıxışları rəqəmlərlə yuxarıda əks olunub. Söz yox ki, builki yarışdan sonra da ciddi dəyişikliklər olacaq. Ən maraqlı suallardan biri də budur ki, yeni maşınlar trasın rekordlarını qıra biləcəklər? Bakı şəhər halqasının mütlər rekordu Valtteri Bottasa aiddir – 1:40.495. Yarışda isə ən sürətli dövrəni Şarl Lekler vurub – 1:43.009. Hər iki nəticə də 2019-cu ildə qeydə alınıb…