Bakı Şəhər Halqası: Döngələr və tribunalar

Azərbaycan dünyanın ən elit idman növü olan Formula1-ə ev sahibliyi etməyə hazırlaşır. Bu yazımızda sürücülərdən, komandalardan və ya başqa şeydən yox, məhz ilk dəfə ev sahibliyi edəcəyimiz Avropa Qran Prisinin keçiriləcəyi trasımızın döngələrindən və tamaşaçılar üçün qurulacaq tribunalardan danışacağıq.

Bakı Şəhər Halqası Bakımızın ən görkəmli yerlərindən keçən, Herman Tilke tərəfindən hazırlanan və uzunluğu 6006 metr olan şəhər trasıdır. Trasımız 20 döngədən ibarətdir ki, bu döngələrdən də 12-si sola, 8-i isə sağa döngədir.

Avropa Qran Prisinin start götürəcəyi yerin sağ tərəfində – Dənizkənarı bulvarda ən böyük tribuna olan Abşeron tribunası qurulacaq. Beş sektordan ibarət tribunaya bilet alan azarkeşlər start anını, komandaların bokslarını, yarışın finişini və podium mərasimini izləyə biləcəklər.

Trasımızın 1-ci döngəsi sola doğru olan üç 90 dərəcəli döngənin birincisidir. Pilotlar bu döngə ilə Neftçilər Prospektindən Puşkin küçəsinə dönəcəklər. Startdan sonra demək olar ki, ən maraqlı hadisələr ilk dövrədə məhz burada baş verəcək.

İkinci döngə ilə Puşkin küçəsindən Xəqani küçəsinə döndükdə qarşımıza uzun düzlük çıxır. Bu düzlükdə trasdakı 2 DRS zonasından biri yerləşir. Burada maksimal sürətin 305 km/saata çatacağı gözlənilir. Pilotlar M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasını keçdikdən sonra düzlüyün sonuna çatacaqlar.

Sonarkı ardıcıl 3 döngədə pilotlar Xəqani küçəsindən Bülbül prospektinə dönəcəklər, Sahil metrosunu keçdikdən sonra sağa doğru olan ilk döngəni – Bülbül Prospekti ilə Zərifə Əliyeva küçəsini bağlayan döngəni keçəcəklər, sonda isə Zərifə Əliyeva küçəsindən Rəsul Rza küçəsinə çıxacaqlar.

Altıncı döngə ilə pilotlar Neftçilər prospektinə çıxacaqlar. Yazının əvvəlində qeyd etdiyimiz trasımızı digər traslardan fərqləndirən amillərdən biri ilə burada qarşılaşırıq. Buradan Əziz Əliyev küçəsinə qədər prospekt 2 hissəyə bölünəcək. Bu hissədə maşınlar üzbəüz gələcəklər ki, belə bir hal başqa heç bir trasda yoxdur.

Yeddinci döngə Əziz Əliyev küçəsinə olan döngədir. Pilotlar bu küçə ilə hərəkət edərkən trasımızın ən çətin hissəsindən keçəcəklər.

Növbəti dörd döngə ardıcıllığı: Bu hissə nəinki trasımızda, hətta Formula1 təqviminə daxil olan traslar arasında ən dar hissədir. Burada yolun eni 7 metrdən bir qədər artıqdır.  Bu hissə həm də qəmbər daşların döşəndiyi ilk hissədir (hansı ki, bu hissə müvəqqəti örtüklə örtülüb). Yarışımızın səfirlərindən biri, McLaren Honda komandasının pilotu Fernando Alonso Bakıda olarkən məhz bu döngələrə diqqət yetirib və həm yolun dar olmasının, həm də bu hissənin yoxuş olmasının pilotlardan xüsusi ustalıq tələb edəcəyini bildirib. Trasın bu hissəsinin sol tərəfi boyunca İçəri Şəhərin qədim qala divarları uzanır.

On birinci döngədən sonra yolun sağında İçəri Şəhər tribunası yerləşdiriləcək ki, bu tribunaya bilet alan azarkeşlər qədim Bakı ilə müasirliyin vəhdətini – Qala divarlarını və onların yanından keçən Formula1 bolidlərini izləyə biləcəklər.

Sonrakı üç döngə sola döngələrdir. On ikinci döngə İstiqlaliyyət küçəsinə çıxır. Bu küçədə maksimal sürət 304 km/saata çatacaq. On dördüncü döngədə trasımızın ən yüksək nöqtəsi yerləşir.

On beşinci döngə Niyazı küçəsinə dönür və trasımızın ən çətin hissələrindən biridir. Çünki, döngədən sonra kəskin eniş başlayır. Bura trasımızda qəmbər daşlar döşənmiş 2-ci hissədir. Filarmoniyanın möhtəşəm binası bu döngədə yerləşir. Bir qədər aşağı düşdükdə isə solda Filarmoniya tribunası olacaq.

On altıncı döngə Neftçilər prospektinə çıxan döngədir. Döngənin sağında qurulacaq Azneft tribunasından bolidlərin 90 dərəcəli döngədən dönərək 2.2 km-lik düzlüyə çıxmalarını izləmək olacaq.

Sonrakı 3 döngə sürətli döngələrdir. Trasın bu hissəsinin sağında yerləşdiriləcək Qız qalası tribunasından yarışa baxan tamaşaçılar yüksək sürətdən həzz alacaq və möhtəşəm Qız Qalasının fonunda gözəl şəkillər çəkə biləcəklər. Muğam tribunasından isə hər 2 istiqamətdə gedən bolidləri izləmək olacaq.

İyirminci döngə trasımızın son döngəsidir. Bu döngədən sonra uzun düzlük və DRS sahəsi başlayır. Burada maksimal sürət 340 km/saata çatacaq. Yolun sağında SahilBulvar, solunda Xəzər tribunası yerləşəcək.

Dənizkənarı Bulvar ərazisi boyunca ayaqüstə yarışa baxmaq üçün yerlər olacaq. Bu yerlərin üstünlüyü isə ondadır ki, tamaşaçılar trasın iki yerə bölündüyü hissədə hər iki istiqamətdə gedən bolidləri izləyə biləcəklər.

Bu möhtəşəm idman şousunu gözəl tribunalardan izləmək və yarış günlərində təşkil olunacaq konsertlərə, əyləncələrə qoşulmaq üçün biletləri almağa tələsin…

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*