Bakı Şəhər Halqası barədə – Roman Qrojan: “Bakı Şəhər Halqası – sanki iki müxtəlif trasın birləşməsidir!”

Bu mövsüm yeddi yarış geridə qalıb və artıq növbə doğma Bakımızın ev sahibliyini edəcəyi Azərbaycan Qran Prisindədir. Yarışa sayılı günlər qalıb. Bəs sürücülər yarışımız və trasımız barədə nə düşünürlər?

F-1.az Haas komandasının sürücüsü Roman Qrojanın fikirlərini təqdim edir.

Roman Qrojan: “Keçən il Bakıdakı yarışdan əvvəl simulyatorun çox köməyi dəydi, lakin bu, maşına əyləşməklə müqayisə oluna bilməz. Virtual və real konfiqurasiyalar heç vaxt 100% üst-üstə düşmür. Xüsusilə də, ilk yarışdan söhbət gedirsə. Trası piyada gəzmək həmişə vacibdir. Sükan arxasında isə ilk dövrələrdə uyğunlaşmağa çalışırsan və tədricən tempi artırırsan.

Yarış maraqlı olacaq. Daha enli maşınlarla trasın dar hissələrindən keçmək çətinlik yaradacaq. Lakin yolun geniş olduğu yerlərdə ötmələrə imkan yaranacaq. Maksimal sürətin keçənilki ilə müqayisədə bir qədər aşağı olacağını hesab edirəm. Məncə, yeni nəsil maşınlarla döngələrdən daha sürətli keçmək çox maraqlı olacaq. Keçən illə müqayisədə, sazlanmalar üzərində daha yaxşı işləməklə yanaşı, keçən il öyrəndiklərimizi də yeni maşına tətbiq etməliyik.

Keçən il yarış yaxşı keçdi. Gözəl şəhərdir və trasın konfiqurasiyası maraqlıdır. Yeganə problem trasa düşən polietilen paketlər idi – buna görə xaldan məhrum olmuşduq. Ümid etmək istəyirəm ki, problem həll olunacaq. Qalan hər şey yaxşı idi və həftəsonu əla keçmişdi. Qala divarının yanındakı döngələr çox maraqlıdır. Orada optimal balansınızı qoruya bilsəniz, hər şey əla alınar.

Uzun düzlükdən sonra ciddi əylənmə noqtəsi gəlir, çünki qarşıda 90 dərəcəli döngə var. Trasın bu hissəsini çox da maraqlı hesab etmirəm, amma ötmələr mümkündür. Sonra isə trasın xarakteri dəyişir – qeyd etdiyim həmin dar hissə, sonra isə yüksək sürətlə hündürə qalxırıq və uzun düzlükdən əvvəl üzüaşağı enirik: Bakı Şəhər Halqası – sanki iki müxtəlif trasın birləşməsidir!”

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*