F-1.az Renault komandasının sürücüsü Colion Palmerin fikirlərini təqdim edir.
Colion Palmer: “BŞH şəhər çox sürətli olması və ötmələrə imkan verməsi ilə fərqlənən trasdır. İkinci sektor çox dardır, yoxuşlu və enişli sahələri var. Buna görə də sürücülər üçün asan deyil. Bir qayda olaraq, şəhər traslarında hər bir səhv qəza ilə nəticələnir, buna görə də ayıq-sayıq olmalıyıq. Qala divarlarının yanını nəzərə almasaq, Monako trasından daha genişdir. Düzgün trayektoriyanı tutmaq üçün hasarların yaxınlığından keçməli oluruq.
Şəhər trasları Formula2-də Mərakeşdə və GP2-də Monakoda yarışdığım dövrlərdən xoşuma gəlir, çünki uğurlu çıxış edirəm. Səbirsizliklə həftəsonunu gözləyirəm. Sürəti tədricən artırmaq və sonra da ritmi tutmaq lazımdır. Ardıcıl iki yarışdır ki, 11-ci oluram. Bakıda ilk onluğa, hətta ilk səkkizliyə düşmək lazımdır. Bizim çıxışımız pis deyil və işləməyə davam edirik. Komanda yaxşı formadadır. Ön yerlərdən start almaq üçün çalışmalıyam.
Hava küləkli və isti olacaq – bu da öz təsirini göstərə bilər. Müasir Formula1 maşınları küləyə qarşı çox həssasdırlar. Kanadadakı yarışda da arxa düzlükdə güclü külək var idi. Bakı dəniz kənarında yerləşir – güclü briz ola bilər. Sürətli və mürəkkəb olan yeni traslara alışmaq həmişə asan olmur. Sazlanmalar üzərində yaxşı işləmək lazımdır. Keçən il yarışı son yerdən başlasam da, 15-ci yerdə başa vurmuşdum. Sürətli dövrələrə görə də səhv etmirəmsə, protokollarda səkkizinci idim. Bu, pis nəticə deyildi. Səbirsizliklə Bakıya qayıtmağı gözləyirəm və ümid edirəm ki, keçənilki təcrübəm mənə kömək edəcək”.