F-1.az xatırladır ki, Ferrari son Mühəndislər Kubokunu 2008-ci ildə, son sürücülər kubokunu isə 2007-ci ildə qazanıb.
İtalyanlar 2015-ci ildə göstərdikləri mükəmməl performansdan sonra 2016-cı ildə çempionluq üçün ən real namizədlərdən sayılırdılar. Amma “şahə qalxan atlar” mövsümü qələbəsiz bağlayaraq, turnir cədvəlində 3-cü yeri tuta bilmişdilər.
İyul ayında isə komandanın texniki direktoru Ceyms Əllison istefa vermiş və onun yerinə komandanın baş motorçusu Mattia Binotto gətirilmişdi.
Komandanın prezidenti Markionne bildirmişdi ki, tanınmış mühəndislərlə müqavilə bağlamayacaqlar və komanda daxilindəki istedadlı mühəndislərlə işləyəcəklər.
Amma Ekklstoun Ferrari-nin hazırkı vəziyyətini bəyənmir: “Ferrari Şumaxer və Todt-dan əvvəlki dövrünə qayıdıb. Komandada italyan çoxdur. Əlbəttə, İtaliyaya qarşı qərəzli mövqedə deyiləm, amma onlarda liderlik genləri yoxdur.
Qazana bilməmək Fettelin günahı deyil. Sebastyanın vəzifəsi Ferrari ilə çempion olmaqdır. Bilirəm ki, onlar üçün qalib gəlməyi çox istəyir”.
Qeyd edək ki, Ferrari Todt və Şumaxer dövründə 21 ildən sonra Dünya Çempionu titulunu qazanmışdı.