F-1.az xatırladır ki, Ferrari-nin prezidenti Sercio Markionne şirkətin 3-cü rübdə işinin yekunlarına həsr olunmuş toplantıda çıxış edərkən Liberty Media-nın 2021-ci il üçün planlaşdırdığı dəyişikliklər barədə danışmış, əgər yeni islahat Ferrari-nin maraqlarına cavab verməsə, onda şirkətin dünya çempionatdakı iştirakını başa vura biləcəyini qeyd etmişdi.
Ferrari rəhbərliyi belə çıxışlarla ilk dəfə deyil ki, çıxış edir. Onlar əvvəl də ultimatumlar göndərirdilər və çempionatı tərk edəcəkləri ilə hədələyirdilər. Bütün bunlar, xüsusilə də Formula1 ilə yeni müqavilənin bağlanması ərəfələrində baş verirdi. Yekunda Ekklstoun onlara verilməli olan mükafatları və digər ödənişləri artırmağa razı olduqdan sonra yeni müqavilə bağlayırdılar.
Liberty Media-nın çərşənbə axşamı büdcə məhdudiyyəti və bütün komandalara mükafat fondundan təxminən eyni məbləğ ödənilməsi barədə qərarını açıqlayacağı gözlənilir. Bu, komandalar arasında bərabərlik olması üçün atılması gözlənilən addımdır. Əgər reallaşarsa, Ferrari hər il aldığı əlavə bonuslardan məhrum ola bilər…
Berni Ekklstoun: “Əgər qalib gələ bilməsələr, texniki reqlamentin dəyişdirilməsini təklif edəcəklər. Əgər reqlament onlara problem yaradacaqsa və daha az qazanacaqlarsa, Formula1-dən gedəcəklər. Maranelloda büdcə məhdudiyyəti kimi məsələlərlə razılaşmaq istəmirlər. Həmişə demişəm, onlar nə qədər lazımdırsa, o qədər də xərcləmək istəyirlər. Xərclərini ödəyə bilməyənlər bu idmandan getməlidirlər. Əgər 3-4 komanda qalarsa, başqa bir şey etməyə məcburuq, lakin bu vəziyyət yaranana qədər heç kim heç nə edə bilməz. Buna gücü çatmayan komandalar gərək çempionatda iştirak üçün müraciət etməsinlər”.