F-1.az xatırladır ki, cənubi afrikalı sürücü Assendə həm sprint, həm də əsas yarışda finiş xəttini üçüncü yerdə keçsə də, hər iki halda cəza alıb və podiumu itirib.
O, sprint yarışında tras limitlərini həddən artıq çox pozduğu üçün 3 saniyə cəza alıb və 5-ci yerə geriləyib. Əsas yarışda isə son dövrədə yaşıl zonaya təmas etdiyi üçün 1 yer itirib və 4-cülüklə razılaşıb.
Bred Binder: “Komandadan çox üzr istəyirəm, çünki onlara iki podium itirtdim. Əla işlədilər və əllərindən gələni etdilər. İşləri belə bərbad etdiyim üçün məyusam. Amma olanlar oldu. Silverstounda bunu kompensə etməyə çalışacağıq.
Qayda qaydadır. Bunu təkrar etmək üçün beyniniz olmamalıdır. Ancaq mən bilmirdim ki, tras limitlərini pozmuşam. Birinci döngəyə gələndə Aleş yaşıl nöqtəni göstərirdi. Mən də “tamam, nə isə” dedim. Sonra televizorda gördüm və “bunu necə etdim?” dedim. Yenə də bir neçə millimetrlə tras limitlərini aşmışdım. Sözüm yoxdur.
Arxada Soft təkər işlətməyə və sona qədər getməyə qərar verdik. Gözəl start aldım. Daha sonra təkərin sağ tərəfi ilə maraqlanmağa başladım. Demək olar ki, bacarırdım. Ancaq son iki dövrədə performansım itdi.
İlk dəfə arxada Soft təkər taxıb nəticə ala bildik. Bir sürücü kimi ən güclü tərəfim bu deyil. Buna görə də bu xırda uğura görə qürurluyam. Ancaq iki podium qazanmaq çox gözəl olardı”.